Bu il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557,6 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, bu, noyabrın 1-i ilə müqayisədə 2,35 faiz çoxdur.
Problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 24,2 faiz, son 1 ildə isə 12,3 faiz artıb. Noyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,8 faiz təşkil edib. Bu göstərici oktyabrın sonuna və ötən il noyabrın sonuna 1,7 faiz olub.
İstehlak kreditlərindəki bu artım cəmiyyətdə narahatlıq yaratmaqdadır. AMB-də isə istehlak kreditlərinin, daha çox onlarla bağlı olduğu hesab edilən problemli kreditlərin artmasında narahatlıq üçün əsas görmür. Mərkəzi Bankın (AMB) Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənovun dediyinə görə, Azərbaycanda kreditin dərinliyi “benchmark” ölkələri ilə müqayisədə aşağıdır. O, bildirib ki, hazırda ölkədə kredit portfeli 30 milyard manat, istehlak kreditləri isə 9,3 milyard manat təşkil edir: “Bu rəqəmi ümumi daxili məhsula bölsək, istehlak kreditlərinin payı 7-8 faizdir. Bu göstəricini benchmark ölkələri ilə müqayisə etsək görərik ki, bizdə kreditin dərinliyi aşağıdır, deməli kreditlərin artım potensialı var, bundan çəkinmək lazım deyil”.
AMB-nin maliyyə bazarında tənzimləyici və nəzarətedici orqan kimi baxışı ondan ibarətdir ki, kreditləşmə, xüsusilə əhalinin kreditləşməsi sağlam və məsuliyyətli prinsiplərə əsaslanmalıdır: “Bu o deməkdir ki, əhalinin borclanması onların gəlirlərinə mütənasib formada olmalıdır. AMB də öz prudensial siyasətini və yaxud qanunvericilik çərçivəsini məhz bu formada formalaşdırır ki, əhalidə izafi borclanma olmasın. Biz həm əhalinin kreditləşmə dinamikasını, həm də kredit portfelinin keyfiyyətini daim monitorinq edirik, onun nəticələrini ictimaiyyətlə bölüşürük. AMB-nin saytındakı müvafiq hesabatlarda bu rəqəmlərlə tanış olmaq mümkündür”.
AMB rəsmisi bildirir ki, Azərbaycanda problemli kreditlərin məbləği son beş ilin orta göstəricisindən daha aşağıdır. Son bir ildə bir qədər artım olsa da, bu artım riskli xarakter daşımır: “Bizım təhlillərimiz göstərir ki, əhalinin borclanması da riskli xarakter daşımır və sağlam, AMB-nin müəyyən etdiyi prinsiplərə əsaslanır. Bir çox hallarda insanlar banklara kredit üçün müraciət edəndə, banklar hesablayıb deyir ki, sizə filan məbləğdə kredit düşür. Bu, artıq AMB-nin müəyyən etdiyi qaydalar əsasında olur. Bu qaydaya biz BGN qaydası deyirik - yəni borcun gəlirə nisbəti. Bu o deməkdir ki, ay ərzində əhalinin ödədiyi borc yükü onun gəlirinin müəyyən hissəsi qədər ola bilər”.
Xatırladaq ki, 2019-cu ildə edilmiş dəyişikliklərlə əhalinin aylıq borc yükü onun gəlirinin 45 faizdən çox olurdusa, bu halda banklara daha yüksək ehtiyat tələbi və daha yüksək risk üzrə ölçülmüş aktiv tələbi qoyulurdu. 2022-ci ildən 70 faizdən yuxarı borclanma məhdudlaşdırılıb: “Bu o deməkdir ki, əhalinin borc yükü onların gəlirlərinin 70 faizindən çox ola bilməz. Düşünürük ki, bu tənzimləmələr bizi ən çox narahat edən məsələnin - izafi borclanma üzrə risklərin qarşısını alır”.
Problemli kreditlərin artımında istehlak kreditləri üzrə faiz artımları da rol oynayır. AMB-nin hesablamalarına əsasən 2025-ci il 30 sentyabr tarixinə bankların kredit kartları ilə verdikləri kreditlərin orta faiz dərəcəsi 25 faiz, məişət avadanlıqlarının alınmasına verilən kreditlər üzrə 26 faiz, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 17 faiz, avtomobil kreditləri üzrə 13 faiz, digər kreditlər (yaşayış sahəsinin alınmasına və tikintisinə verilmiş kreditlər istisna olmaqla) üzrə 21 faiz təşkil edib. Bu, bütün kredit növləri üzrə ötən ilin eyni dövründəki göstəricidən 1 faiz çoxdur.
Qeyd olunan dövrdə bank olmayan kredit təşkilatlarının verdikləri istehlak kreditlərinin (Gündəlik (qısamüddətli), yaşayış sahəsinin alınması və tikintisinə verilmiş kreditlər istisna olmaqla) orta faiz dərəcəsi 35 faizə bərabər olub. Bu göstərici dəyişməyib.
Bu ilin avqustunda məhz istehlak kreditlərinin artmasına görə AMB kredit kartlarına limit tətbiq edib. Tənzimləyicinin qəbul etdiyi yeni qaydalara əsasən, borcalanın kredit xətti limiti (bütün kredit təşkilatları qarşısındakı öhdəliklər nəzərə alınmaqla) onun xalis gəlirinin 5 misli ilə məhdudlaşdırılıb. Həmçinin overdraft limitləri kredit xətləri anlayışına daxil edilib. İstehlak kredit kartlarının balansdan kənar hissəsi üzrə kreditə konvertasiya əmsalı 40 faiz müəyyən olunub.
Mərkəzi Bankın əsaslandırmasına görə, dəyişikliklərin məqsədi əhalinin həddindən artıq borclanmasının qarşısını almaq və bank sektorunun dayanıqlılığını qorumaqdır. AMB-nin təhlillərinə görə, son dövrlərdə kredit kartlarının həcmi sürətlə artıb və bu, borc yükünün də yüksəlməsi ilə müşayiət olunub.
Yeni qaydalara əsasən, nağd vəsaitlə, bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri bu limitin hesablanmasından istisna edilir. Həmçinin bu limitdən artıq olan istehlak kredit xətlərinin ümumi məbləği bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1 faizindən çox olmamalıdır.
Kredit kartları ilə bağlı addımlar nəticəsini verməkdədir. Belə ki, AMB-nin statistikasına görə, noyabrın sonuna banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 134 min ədəd artaraq 21 milyon 835 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 12,2 faiz artıb.
Ödəniş kartlarında debet kartlarının sayı 14,7 faiz artıb, kredit kartlarının sayı is? 6,7 faiz azalıb: ümumi ödəniş kartlarının sayı 12.7 milyon ədəd, kredit kartları isə 2.097 milyon ədəd təşkil edir.
Beləliklə, aydın olur ki, kredit kartlarına tətbiq olunan limit, onların sayının azalması problemli kreditlərin həcmindəki artımın qarşısını ala bilməyib.
Yazını hazırladı: Dünya SAKİT