Problemli kreditlər ARTDI, problem nə vaxt AZALACAQ?  

Bu il fevralın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557,5 milyon manat təşkil edib.

Musavat.com Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 6,3 faiz çoxdur. Ölkədə problemli kreditlərin məbləği son bir ildə 17,35 faiz artıb.

Mərkəzi Bank və bir sıra mütəxəssislər problemli kreditlərin ümumi kredit portfelindəki çəkisini nəzərə almaqla, onların hazırkı səviyyəsinin təhlükəli olmadığını bildirirlər. Belə ki, yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 faiz təşkil edib. Bu nisbət ötən ilin sonuna 1,6 faiz, ötən il yanvarın sonuna isə 1,6 faiz olub.

Adətən problemli kreditlərin məbləğinin artmasının əsas səbəbi kimi verilən kreditlərin həcmindəki artım göstərilir. Lakin yanvar ayında kreditlər artmayıb, əksinə, azalıb. Belə ki, 2026-cı ilin yanvar ayında bankların kredit portfeli 29 milyard 980.1 milyon manat təşkil edib. 2025-ci ilin dekabr ayında isə bu göstərici 30 milyard 63 mln. manat olub ki, bu da aylıq müqayisədə 80 milyon manata və ya 0.3 faiz azalma deməkdir. Mövcud kredit portfelinin strukturuna baxsaq, biznes kreditləri ümumi portfelin 53.2 faizini təşkil etməklə, 15 milyard 948.9 milyon manat, istehlak kreditləri 31.4 faizlə 9 milyard 425.9 milyon manat, ipoteka kreditləri isə 15.4 faizlə 4 milyard 605.3 milyon manat təşkil edir.

Yanvarda kredit portfelindəki azalma bütünlüklə biznes kreditləri hesabınadır: 1 faiz azalıb. İstehlak kreditləri 0.8 faiz, ipoteka kreditləri isə 0.06 faiz artıb.

Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri son bir ayda 0.3 faiz azalaraq 56.9 milyard manat təşkil edib. Sektorun cəmi öhdəlikləri 49.5 milyard manat, balans kapitalı isə 7.4 milyard manat təşkil edib. Bank öhdəliklərinin 74,3 faizini depozitlər təşkil edib 36.8 milyard manat olan depozitlərin 20.5 milyard manatı hüquqi şəxslərin, 16.3 milyard manatı isə fiziki şəxslərin depozitləridir.

Kreditlərin və aktivlərin azalmasına rəğmən, bankların əməliyyat mənfəəti illik 26,5 faiz artmaqla 155 milyon manata, xalis mənfəəti isə 12,8 faiz artmaqla 80.1 milyon manata yüksəlib.

Problemli kreditlər çoxalır

Problemli kreditlərin məbləğindəki artımın bir mühüm səbəbi kredit faizlərinin artması ilə bağlıdır. Belə ki, 2025-ci ildə Azərbaycanda kredit faizlərində ciddi artım baş verib. Mərkəzi Bankın açıqladığı statistikadan aydın olur ki, ötən il ölkədə manatla kreditlərin orta faiz dərəcəsi 16,6 faizdən 17,7 faizə qalxıb. Bu artımda əsas rolu istehlak kreditləri oynayıb. Belə ki, 2026-cı il yanvar ayının 1-nə istehlak kreditlərinin milli valyutada, orta faiz dərəcəsi – kredit kartı vasitəsilə verilən kreditlər üzrə 26 faiz, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 26 faiz, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 18 faiz, avtomobil kreditləri üzrə 13 faiz və digər istehlak kreditləri üzrə 22 faiz təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi- məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər 1 faiz bəndi, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər 2 faiz bəndi, avtomobil kreditləri 3 faiz bəndi, digər istehlak kreditləri 2 faiz bəndi, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər isə 1 faiz bəndi artıb.

Azərbaycan bankları əhaliyə verdikləri kreditlərin faizlərini artırsalar da, əhalidən aldıqları pulların –əmanətlərin faizlərini endiriblər. Belə ki, rəsmi statistikaya əsasən, əhalidən cəlb olunan manat əmanətlərinin orta faiz dərəcəsi 8,3 faizdən 6,5 faizədək azaldılıb. Bu, əmanətlərin 28 faiz ucuzlaşması deməkdir. Yəni banklar kreditləşmə üçün ən böyük resurslarını çəkdikləri xərcləri 28 faiz azaltdıqları halda, onların hesabına verdikləri kreditləri 1,1 faiz bahalaşdırıblar. Manatla kreditlər isə bu zaman 7 faiz bahalaşıb. Xarici valyutada kreditlər üzrə orta faiz dərəcələri də 5,9 faizdən 6,4 faizə yüksəlib.

Kredit faizlərinin artımı bankların faiz gəlirlərini də kəskin artırıb. Belə ki, 2025-ci ildə bankların kreditlər üzrə faiz gəlirləri 3 milyard 946,6 milyon manata çatıb. Bu, 2024-cü illə müqayisədə 840,7 milyon manat və ya 27,1 faiz artım deməkdir – 2024-cü ildə bankların kreditlər üzrə faiz gəlirləri 3 milyard 105,9 milyon manat olmuşdu.

Maraqlı məqam odur ki, ötən il bankların kredit portfelindəki artım dinamikası faiz gəlirlərindəki artımdan dəfələrlə aşağıdır. Belə ki, 2025-ci il ərzində Azərbaycanda bankların kredit portfeli 1,3 faiz və ya 377,5 milyon manat artıb...

Region ölkələrinə nəzər yetirdikdə, maraqlı mənzərə üzə çıxır: Azərbaycanın kredit faizləri Ermənistan və Gürcüstandan yüksək, əmanət faizləri isə aşağıdır. Belə ki, 2025-ci ildə Gürcüstanda orta faiz dərəcəsi depozitlər üzrə milli valyutada 10,3 faiz, xarici valyutada 2,7 faiz, kreditlər üzrə isə müvafiq olaraq 14,8 faiz və 8,8 faiz təşkil edib. Ermənistanda isə orta faiz dərəcəsi milli valyutada depozitlər üzrə 10,5 faiz (xarici valyutada təxminən 4 faiz), kreditlər üzrə isə 14,5 faizə yaxın olub.

Azərbaycanda kredit faizlərinin yüksəkliyini mütəxəssislər risk amili ilə əsaslandırırlar. Belə ki, ölkədə biznes üçün risklər kifayət qədər yüksək olduğuna görə banklar onları kredit faizlərində əks etdirirlər.

Bundan əlavə, ötən il yüksək inflyasiya, real gəlirlərdəki azalma əhalinin ödəmə qabiliyyətinə mənfi təsir edib. Rəsmi statistikaya görə, 2025-ci ildə Məşğulluq Xidmətində qeydə alınan işsiz sayı 20 mindən çox artaraq 225 mindən 245 minə çatıb. Ödəmə qabiliyyətindəki azalma kreditlərin qaytarılmasında problemləri artırır. Nəticədə, qaytarılmayan kreditlərin həcmi artır.

Bütün bunlara baxmayaraq, bankların, xüsusilə də sistem əhəmiyyətli bankların əhalidən ucuz aldıqları pulları onun özünə daha baha qiymətə verməsi yumşaq desək, ədalətsizlikdir. Bu, həm də sistem əhəmiyyətli bankların inhisarçı mövqeyindən irəli gələn prosesdir.

DÜNYA,
Musavat.com

28.02.2026 08:22
2212