Polis Cümhuriyyət Xalq Partiyasının (CHP) baş qərargahının qapılarını qıraraq içəri daxil olub.
Musavat.com xəbər verir ki, bu barədə "haqqin.az" saytının müxbiri məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Özgür Özəlin tərəfdarları tərəfindən əraziyə gətirilən avtobusları uzaqlaşdırıblar.
Polisin tələblərinə tabe olmayan CHP tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə edilib. Özəlin tərəfdarlarının şüarlar səsləndirməsinə və polisə müqavimət göstərməsinə baxmayaraq, təhlükəsizlik qüvvələri binaya daxil olublar. Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib. Binanın daxilində olan CHP üzvləri isə polislərə butulkalar atıblar.
Özgür Özəl sosial şəbəkələrdə bəyanat yayaraq baş qərargahda olduğunu və oranı tərk etmək niyyətində olmadığını bildirib:
"Binanı ələ keçirmək istəyirlər, lakin biz getməyəcəyik. Daha nə qədər dözə biləcəyik, bilmirəm. Polislə döyüşə bilmərik. Bizi binadan çıxara bilərlər... Bundan sonra burada sonadək müqavimət göstərəcəyik, bizi qovsalar belə, iqtidara doğru yürüşümüzü meydanlarda davam etdirəcəyik".
Məlumata görə, polis qüvvələri CHP baş qərargahını tam nəzarətə götürməyə və yuxarı mərtəbələrə qalxmağa çalışıblar. Özəlin 12-ci mərtəbədəki kabinetində olduğu və binanı tərk etmək istəmədiyi iddia edilib. Polisin media nümayəndələrini binadan çıxardığı və binanın elektrik enerjisini kəsdiyi qeyd olunub.
Polis əməkdaşları CHP-nin qurultayı ilə bağlı Ankara məhkəməsinin qərarını təqdim etmək və Özgür Özəlin binadan çıxmasını təmin etmək üçün partiyanın baş qərargahının 12-ci mərtəbəsinə qalxıblar.
Həmin vaxt Özgür Özəl də binanın 12-ci mərtəbəsində olub. Eyni zamanda, Kamal Kılıçdaroğlunun vəkili Cəlal Çelik də CHP baş qərargahına gəlib. Özəlin partiya qərargahının 12-ci mərtəbəsində ona təqdim olunan bildirişi cırdığı barədə məlumat yayılıb.
Bir qədər sonra Özəl polisin müşayiəti ilə CHP baş qərargahını tərk edib. O, partiya binasından çıxarkən bu sözləri deyib:
"Biz gedirik, amma tezliklə qayıdacağıq".
CHP baş qərargahı qarşısında gərgin hadisələr yaşandığı bir vaxtda Ankara Böyükşəhər Bələdiyyə sədri Mənsur Yavaş bildirib ki, "CHP-nin qurultayı 45 gün ərzində keçirilməlidir".
Həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu da Cümhuriyyət Xalq Partiyasının baş qərargahında polisin keçirdiyi əməliyyata münasibət bildirib. Sosial şəbəkələrdə yaydığı bəyanatda İmamoğlu məhkəməni və hökuməti "çevriliş cəhdi"ndə ittiham edərək CHP üzvlərini "ayağa qalxmağa" çağırıb:
"Heç birimiz bu çevrilişlə razılaşmayacağıq. Ayağa qalxın - ya bu gün, ya da heç vaxt", - deyə İmamoğlu bəyan edib.
@@TVmusavat/147334@@
Musavat.com