Son günlər İran Prezidenti Məsud Pezeşkianın istefa verməyə hazırlaşdığı barədə ABŞ mediasında, dünyanın sosial şəbəkələrdə intensiv xəbərlər yayılır. Bildirilir ki, Məsud Pezeşkian ölkənin idarəetmə sistemində səlahiyyətlərinin əhəmiyyətli dərəcədə məhdudlaşdırıldığından narazıdır və belə vəziyyətdə Prezident vəzifəsini icra etməyin mümkün olmadığını əsas göstərərək istefa ərizəsi təqdim etməyə hazırlaşır.
Yayılan xəbərlərdə bildirilir ki, prezident administrasiyası son dövrlərdə bir sıra strateji qərarların qəbulunda iştirak etməyib və əsas qərarlar hökumət strukturlarından kənarda formalaşdırılıb. Bu isə hakimiyyət daxilində narazılığın artmasına səbəb olub.
Müşahidəçilər hesab edirlər ki, belə bir addımın atılması İran siyasi sistemində daxili güc mübarizəsinin daha da kəskinləşdiyini göstərir.
Pezeşkianın sözçüsü Mehdi Təbatəbai isə yayılan xəbəri təkzib edib. Lakin hər bir halda yayılan bu xəbərlər İran hakimiyyəti daxilində fikir ayrılıqlarının, çatın meydana gəldiyinin işartılarıdırmı? Pezeşkianın prezident vəzifəsindən istefa verməsi proseslərə necə təsir göstərə bilər?
Siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, Prezident administrasiyasının nümayəndəsi Mehdi Təbatəbai və digər hökumət rəsmiləri bu məlumatları təkzib etsələr də istefaya hazırlıq barədə iddiaların tamamilə əsassız olduğunu söyləmək də çətindir:
“Çünki İran siyasi sistemi Prezidentə onsuz da məhdud səlahiyyətlər verir və Pezeşkianın bundan razı qalmadığı məlumdur. ABŞ ilə müharibədən sonra vəziyyət daha da kəskinləşib. Belə ki, SEPAH mövqelərini daha da gücləndirib və Prezident idarəçiliyini faktiki olaraq minimuma endirib, Prezident hakimiyyətinə aid səlahiyyətləri SEPAH və dini qanad mənimsəyib. Bu vəziyyət İranda hakimiyyət qanadları arasında şübhəsiz ki, gərginliklər yaradır və get-gedə qarşıdurma fazasına doğru inkişaf edir.
İslahatçı və ya praqmatik qanadı təmsil edən Pezeşkian komandası ilə sərt xətt tərəfdarları arasında fikir ayrılıqları dərinləşir. Bu, hələlik hakimiyyət daxilində açıq parçalanma və ya sistem böhranı demək deyil. İran tarixində prezidentlə güc mərkəzləri arasında oxşar gərginliklər daha əvvəl də yaşanıb”.
Pezeşkian həqiqətən istefa versə nə baş verər sualına gəlincə, ekspert hesab edir ki, belə bir addım bir neçə nəticə doğura bilər:
“Pezeşkian xaricdə daha praqmatik və dialoqa açıq siyasətçi kimi qəbul olunur. Onun istefası dünyada belə bir təəssürat yarada bilər ki, İranda mülki hakimiyyət tamamilə arxa plana keçib və qərarları əsasən hərbi-təhlükəsizlik strukturları verir. ABŞ-la danışıqlar çətinləşə bilər. Əgər istefanın səbəbi kimi doğrudan da qərarvermə prosesində kənarda qalmaq elan olunarsa bu, Vaşinqton üçün mühüm siqnal olar. Çünki ABŞ qarşı tərəfdə kimin real qərar verdiyini daha aydın görməyə çalışır. Belə vəziyyətdə diplomatik proses daha mürəkkəb hala gələ bilər. Pezeşkianın istefası daxildə sərt xətt tərəfdarlarının mövqeyini da gücləndirər. Pezeşkianın gedişi İran siyasətində praqmatik və islahatçı qanadı zəiflədər. Bu halda təhlükəsizlik strukturları və onlara yaxın siyasi qüvvələrin təsiri daha da artacaq.
İran iqtisadiyyatı onsuz da təzyiq altındadır. Prezidentin istefası investorlar və regional bazarlar üçün əlavə risk siqnalı olar.
Bu gün istefa xəbəri təsdiqlənməsə belə, onun geniş rezonans doğurması da dediklərimizi təsdiq edir”.
Etibar Seyidağa,
Musavat.com