14 fevral - Sevgililər Günü və qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə paytaxtın əksər iri ticarət mərkəzlərində yerləşən brend geyim mağazalarında endirimlər başlayıb. Kampaniyalar əsasən mövsüm sonu məhsullarını və ölçüləri məhdud sayda qalan geyimləri əhatə edir.
Musavat.com-un əməkdaşı olaraq şəhərin məşhur ticarət mərkəzlərində müşahidə apardım. Brend mağazaların vitrinlərində “-30%”, “-50%”, hətta “-70%-dək” endirim elanları diqqət çəkirdi.
Satıcıların sözlərinə görə, xüsusilə qış kolleksiyasına aid paltolar, sviterlər və isti geyimlər endirim siyahısındadır. Yeni yaz kolleksiyasında isə endirimlər daha məhdud xarakter daşıyır.

Növbəti dayanacağımızda da mənzərə oxşar idi. Alıcı axınında artım hiss olunurdu. Mağaza nümayəndələri bildirdilər ki, Sevgililər Günü ilə bağlı xüsusilə qadın geyimləri və aksesuarlarına maraq çoxdur. 8 Mart ərəfəsində isə kampaniyaların daha da genişlənəcəyi gözlənilir.
Alıcılarla söhbət zamanı məlum oldu ki, bir çoxları məhz bayram ərəfəsini gözləyərək alış-veriş etməyə üstünlük verir. Onların sözlərinə görə, bu dövrdə həm hədiyyə seçimi artır, həm də büdcəyə qənaət etmək mümkün olur.
Bəzi alıcılar iddia edirlər ki, elan olunan “endirimlər” real deyil və məhsulların qiyməti bir həftə əvvəl də faktiki olaraq eyni olub. Endirimdə olan məhsullar isə ya ötən sezonun dəbidir, ya da çox kiçik ölçüdür və onlar bu endirimlərdən yararlana bilmirlər.
Digər alıcı isə qeyd etdi ki, yeni kolleksiyalarda qiymətlər demək olar ki, dəyişməz qalır. Bu da “ümumi endirim” görüntüsünün reallığı tam əks etdirmədiyi qənaətini yaradır.
Qeyd edək ki, əksər mağazalarda endirim kampaniyaları məhdud müddət üçün nəzərdə tutulub və məhsul çeşidindən asılı olaraq dəyişir.
Könül İbrahim
Musavat.com
Fotolar müəllifindir
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)

