Paşinyanın kanalından Moskvanın kəşfiyyatına sərt cavab

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) Ermənistanda Rus Pravoslav Kilsəsinə qarşı guya təzyiqlərlə bağlı bəyanatı İrəvanda siyasi polemikaları daha da qızışdırıb.

Musavat.com bildirir ki, Paşinyana yaxınlığı ilə tanınan “Bagramyan 26” teleqram kanalı Moskvanın açıqlamasına sərt reaksiya verərək bunu Ermənistanın daxili siyasətinə müdaxilə kimi qiymətləndirib.

Xatırladaq ki, XKX yaydığı bəyanatda Avropa Birliyini Ermənistanda Rus Pravoslav Kilsəsini sıxışdırmaqda ittiham edib və Gümrüdə yerləşən Rusiya Silahlı Qüvvələrinin 102-ci bazası yanında fəaliyyət göstərən Arxangel Mixail kilsə-kapelinin keşişi Timofey Kazaryanın hədəfə alındığını iddia edib. Rusiya tərəfi bəyan edib ki, Brüssellə əlaqəli qeyri-hökumət təşkilatları keşişi 7 iyun parlament seçkilərinə müdaxilədə ittiham edir.

Lakin “Bagramyan 26” bu yanaşmanı istehza ilə qarşılayaraq Timofey Kazaryanın “sadə keşiş” kimi təqdim edilməsinin reallığı əks etdirmədiyini bildirib. Kanalın iddiasına görə, Kazaryan faktiki olaraq Gümrüdəki 102-ci hərbi bazada ideoloji-təbliğat funksiyası yerinə yetirir və gündəlik siyasi mesajlar yayır.

Telegram-kanalın yazdığına görə, söhbət dini fəaliyyətlə kifayətlənən bir şəxsdən deyil, Ermənistanın daxili siyasi proseslərinə təsir göstərməyə çalışan və Rusiyanın dövlət maraqları çərçivəsində fəaliyyət göstərən fiqurdan gedir.

“Bagramyan 26” həmçinin Moskvanın bir tərəfdən dini institut obrazından istifadə etdiyini, digər tərəfdən isə siyasi və ideoloji təsir mexanizmlərini işə saldığını iddia edərək bunu ziddiyyətli yanaşma kimi təqdim edib.

Qeyd edək ki, Ermənistan–Rusiya münasibətlərində son aylarda gərginlik artıb. Xüsusilə parlament seçkiləri ərəfəsində Moskvanın mümkün təsiri, Rusiyanın media və siyasi ritorikası, eləcə də İrəvanın Avropa ilə yaxınlaşması Ermənistan daxilində ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Musavat.com

03.06.2026 16:46
457