Ermənistanın Avropa İttifaqına meyillənməsi fonunda rəsmi Moskvanın, xüsusilə Rusiya XİN rəsmisi Mariya Zaxarova və Dövlət Dumasının sədri Vyaçeslav Volodinin İrəvanı hədəf alan sərt təhqir və lağlağılarına Baş nazir Nikol Paşinyandan gözlənilməz və sensasiyalı etiraz gəlib.
Musavat.com xəbər verir ki, Ermənistan parlamentində çıxış edən Nikol Paşinyan ölkəsinin Avrasiya İqtisadi İttifaqı məsələsində Rusiya ilə hər hansı bir açıq mübahisəyə və ya müharibəyə girmək niyyətində olmadığını bildirsə də, Kremlin qarşıya qoyduğu sərt şərtlərə kəskin reaksiya verib.
Rusiya rəhbərliyinə ismarış göndərən Paşinyan, bu iqtisadi ittifaqın Ermənistan üçün yeni, şəffaf və müsbət imkanlar nümayiş etdirməli olduğunu vurğulayıb.
Rəsmi Moskvanın Ermənistanı ticarət blokadası ilə təhdid etməsinə toxunan Baş nazir özünəməxsus şəkildə etiraz edərək deyib: "Heç kim bizim qarşımıza istiotla dövlət arasında seçim etmək məcburiyyəti qoymasın. Ermənistanda həm qızılgül, həm istiot, həm də ərik yetişəcək. Ölkəmizin ixrac potensialı iki dəfə, hətta dörd dəfə artacaq və biz bu məhsulları Aİİ ölkələri də daxil olmaqla hər yerə satacağıq".
Musavat.com