Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin keçmiş prezidenti Robert Köçəryanın məhkəmə prosesləri və səhhəti ilə bağlı səsləndirilən iddialara olduqca kəskin və istehzalı reaksiya verib.
Musavat.com xəbər verir ki, Baş nazir keçirdiyi brifinqdə eks-prezidentin məhkəmədən yayınmaq üçün xəstəlik bəhanəsinə sığındığını eyham edərək onu sərt dildə tənqid edib.
Paşinyan çıxışı zamanı Köçəryanın hərəkətlərini riyakarlıq kimi dəyərləndirərək bildirib: "Bir ay bundan əvvəl turnikdə aşma-fırlanma hərəkətləri edib öz idman formasını nümayiş etdirirdilər. Amma haqqında olan rəsmi ittihamları görən kimi birdən-birə can üstündə olan ölümcül xəstəyə çevrildilər".
Ermənistan rəhbəri əlavə edib ki, keçmiş hakimiyyət nümayəndələri hüquqi məsuliyyətdən və ədalət mühakiməsindən qaçmaq üçün hər dəfə analoji metodlardan istifadə etməyə çalışırlar.
Musavat.com