Paşinyana qalsa, Moskvaya parada gedəcəkdi – sensasion təhlil

“Əgər Moskva 7 iyun seçkisinə yanaşmada məqsədini bu dərəcədə açıq şəkildə ortaya qoymasaydı, fikrimcə, Paşinyan Moskvadakı parada böyük məmnuniyyətlə gedəcəkdi. Və Kremlə də göstərəcəkdi ki, Makronun gedib Gümrüdə şou çıxarması heç də Ermənistan - Rusiya əlaqələrinə hər hansı mənfi təsir göstərə bilməz”.

Deputat Sahib Alıyev bunu Musavat.com-a, Nikol Paşinyanın Moskvadakı hərbi paradda iştirakdan imtinası barədə danışarkən söyləyib.

Milli Məclis üzvünün sözlərinə görə hazırda Rusiya hərtərəfli şəkildə və bütün cəbhələrdə Paşinyan əleyhinə elə addımlar atır və atmağı planlaşdırır ki, onun Moskvaya getməsi nə bunun qarşısını kəsəsidir, nə də ona seçkidə səs qazandırasıdır: “Əksinə o, belə bir addım atarsa, tərəfdarlarının bir hissəsini də özünə hörmət etməyən biri kimi itirə bilər. Həm də Medvedyevin onu açıq təhqirindən cəmisi bir neçə gün sonra Paşinyanın Moskvaya getməsi ölkəsində Rusiyaya birmənalı yanaşmayan seçicilərdə sual yaradasıdır ki, yaxşı, onun Robert Köçəryandan fərqi nədir? Buna baxanda yenə Köçəryan təhqir olunmur, əksinə, “dost” adlandırılır. Bir sözlə, Paşinyana qalsa, Moskvaya parada gedəcəkdi, Kreml özü bunu istəmədi. Yəni seçki kampaniyası doğrudan da buna mane oldu. Amma Paşinyanın kampaniyası yox, Paşinyana qarşı aparılan kampaniya”.

ELŞAD,
Musavat.com

07.05.2026 16:32
1342