“Rusiya Prezidenti Vladimir Putinin Ermənistan baş nazirliyinə yeni namizədi var, həmin şəxs oliqarx Samvel Karapetyan (ev dustaqlığında olan rusiyalı oliqarx, “Güclü Ermənistan” partiyasının sədri – red.) deyil”.
Bunu Ermənistanın “Respublika” partiyasının sədri Aram Sərkisyan deyib.
Partiya sədrinin sözlərinə görə, Moskvanın Ermənistanda hakimiyyət dəyişikliyi üçün payız əməliyyatı da iflasa uğrayıb və indi yaz üçün “Miqrant” adlı əməliyyat planlaşdırılır.
Sərkisyan qeyd edib ki, bu çərçivədə qaz amilindən və Rusiyaya işləmək üçün gedən ermənilərdən istifadə edəcəklər: “Moskvada düşünürlər ki, küçələrə çıxıb hakimiyyətə etiraz etmələri üçün ermənilərə işləmək üçün Rusiyaya gəlməyə icazə verilməməlidir”.
“Respublika” liderinin fikrincə, artıq Moskvanın Ermənistan baş nazirliyinə yeni namizədi də var: “Karapetyan Putinin şəxsi oliqarxı olsa da, onun baş nazir olmaq şansları sıfıra bərabərdir. Artıq Rusiyanın Ermənistanın baş naziri vəzifəsi üçün başqa namizədi var. Samvel Karapetyan boş yerə ümid bəsləyir”.
Bəs həmin erməni kimdir?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Aram Sərkisyanın dedikləri Ermənistanın müxalifət təmsilçilərinin ənənəvi məntiqsız açıqlamalarından biridir: “Seçkilər artıq arxada qalıb və həmin seçkilərdə Rusiyanın Ermənistanda ən güclü adamları Samvel Karapetyan və Robert Köçəryan hesab edilirdi. Hətta onların bütün imkanları səfərbər olduğu halda belə, hakimiyyəti dəyişmək mümkün olmadı. İndi qarşıda seçkilər yoxdur, Nikol Paşinyan baş nazirdir və istefa vermək fikrində deyil. Etiraz aksiyaları ilə də hakimiyyəti dəyişmək indiyə qədər mümkün olmayıb.
Belə bir vəziyyətdə Rusiya Ermənistanda necə yeni baş nazir təyin edə bilər? Samvel Karapetyan və Robert Köçəryan qədər gücü olan ortada kimsə görünmür. Odur ki, Ermənistan müxalifət partiyalarının liderləri ağızlarına gələni danışırlar”.
Etibar Seyidağa,
Musavat.com