Paşinyan yenə Başkənd sayıqladı, Bakıdan sərt cavab gəldi


Başkənd kəndi yenidən siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Göyçə vilayətində seçkiqabağı kampaniyası zamanı delimitasiya prosesi çərçivəsində Başkənd məsələsinin həlli üçün ərazi mübadiləsinin mümkün variantlardan biri olduğunu deyib.

Heç şübhəsiz ki, bu da İrəvanın bu mövzunu yenidən müzakirəyə çıxarmaq niyyətindən xəbər verir. Lakin Azərbaycanın mövqeyi illərdir dəyişməzdir. İşğaldan azad edilmiş və hüquqi baxımdan ölkəyə məxsus ərazilərin hansısa başqa torpaq sahəsi ilə dəyişdirilməsi gündəmdə deyil. Bu səbəbdən Paşinyanın səsləndirdiyi təklifin real nəticə verməsi inandırıcı görünmür.
O zaman İrəvan Başkənd mövzusunu nə üçün yenidən gündəmə gətirir? Paşinyanın ərazi mübadiləsi təklifi daxili auditoriyaya hesablanmış siyasi mesajdır, yoxsa Bakı ilə danışıqlarda yeni manevr cəhdidir?

Milli Məclisin deputatı Naqif Həmzəyev Musavat.com-a dedi ki, Azərbaycanın hüquqi mövqeyi birmənalıdır:

“Başkənd Azərbaycan ərazisi olub, SSRİ zamanı qanunsuz olaraq Ermənistan ərazisinə qatılıb. Buna görə biz bunu "mübadilə" deyil, "qaytarılma" kimi dəyərləndiririk. Ermənistan öz öhdəliklərini yerinə yetirsin. Paşinyanın bu açıqlaması daxili auditoriyaya üçün hədəflənib. Seçki öncəsi manevrdir. Paşinyanın özü də "beynəlxalq səviyyədə tanınmış ərazidən kənarda vətən axtarmağı dayandırmaq lazımdır" deməklə əslində ərazi iddialarından faktiki olaraq əl çəkib. Bizim heç kimə veriləsi bir qarış belə torpağımız yoxdur”.

Cavanşir Abbaslı
Musavat.com

03.06.2026 17:33
5371