Paşinyan Rusiya qarşısında geri çəkildi – “U” dönüşü

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 23-də Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini bəyan edib. Musavat.com-un məlumatına görə, o, “İzvestiya” qəzetinə müsahibəsində bu barədə danışıb. “Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək və dərinləşdirmək istəyirik”, baş nazir vurğulayıb.

Rusiya bazarlarından qaçan Ermənistanın Avropada da işi gətirməyə bilər...  - Baki-Xeber.com

Paşinyan qeyd edib ki, İrəvan tarazlaşdırma siyasətinə sadiqdir və xarici əlaqələrini şaxələndirməyə çalışır. Eyni zamanda, o, Moskva ilə münasibətlərdə obyektiv dəyişikliklərin baş verdiyini etiraf edib.
Baş nazir əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasından əvvəl Rusiya ilə münasibətlər əsasən təhlükəsizlik məsələlərinə yönəlmişdisə, indi bu münasibətlər transformasiya mərhələsindədir.
Paşinyan ölkəsinin konstruktiv mövqe tutduğunu və Rusiya ilə dostluq münasibətlərini təkcə transformasiya etməyi deyil, həm də dərinləşdirməyi hədəflədiyini vurğulayıb.

Maraqlıdır ki, bir neçə gün əvvəl Paşinyan “Ermənistanla Rusiya arasında münasibətlər əvvəlki formatda qala bilməz”, demişdi. Baş nazirin ın sözlərinə görə, regionda yaranan yeni vəziyyət İrəvan-Moskva münasibətlərinin də transformasiyasını zəruri edir. “Ermənistanda sülh atmosferi qorunduğu müddətdə Ermənistan-Rusiya münasibətləri əvvəlki kimi qala bilməz. Çünki münaqişə şəraitində Ermənistan-Rusiya münasibətləri bir şeydir, sülh şəraitində isə tamamilə başqa şey”, – Baş nazir əvvəlki açıqlamasında bildirib.

Paşinyan Moskvada Ermənistanla əməkdaşlığı yalnız Rusiya üçün əlverişli olan əvvəlki formatda görmək istəyən müəyyən qüvvələrin ola biləcəyini də istisna etməyib. Ermənistan hökumətinin başçısı Rusiyaya qarşıdakı səfərinə də toxunub. Onun sözlərinə görə, danışıqların gündəliyində Ermənistan-Rusiya münasibətlərinə dair aktual məsələlər, o cümlədən dəmir yolu infrastrukturunun inkişafı və mövcud problemlərin həlli yolları olacaq.
Qeyd edək ki, Paşinyan bundan əvvəl də Ermənistan-Rusiya münasibətlərinin regiondakı dəyişikliklər fonunda transformasiya olunduğunu bildirmişdi. O, sentyabrın 1-də Rusiya Prezidenti Vladimir Putinlə görüşündə İrəvanın Moskva ilə münasibətlərin inkişafında və dərinləşdirilməsində maraqlı olduğunu, lakin regiondakı vəziyyətin dəyişdiyini vurğulamışdı.

Göründüyü kimi, kəskin “U” dönüşü baş verir. Bu yumşalma nəyin əlamətidir, Rusiyanın qazın qiyməti ilə bağlı təzyiqlərimi sözünü dedi, yoxsa Avropaya olan ümidlər boşa çıxır? Belə demək olarmı ki, Rusiya-Ermənistan gərginliyi sadəcə bir tamaşa idi və final yaxınlaşır?

Hüquqşünas, beynəlxalq məsələlər üzrə ekspert Sahib Məmmədov Musavat.com-a açıqlamasında Paşinyanın qeyri-stabil siyasət yürütdüyünə diqqət çəkib: “Müqayisə yersiz olsa da, ABŞ prezidenti Trampın bu gün açıqladıqlarını sabah tam əksinə dediyi kimi, Paşinyanın da açıqlamalarında stabil xətt yoxdur. Bu, həm də onun göstəricisidir ki, o, hələ bir dövlət rəhbəri kimi formalaşmayıb. Bu günlərdə açıqlama vermişdi ki, “Rusiya ilə münasibətlərimiz qaçılmaz olaraq dəyişəcək. Bu, hər hansı şəxslə və ya siyasi qüvvə ilə bağlı deyil. Kim olursa - olsun, Ermənistan-Rusiya münasibətləri əvvəlki kimi olmayacaq”.

Sahib Məmmədov: Yeni sistem dövlət qulluğunun gənc mütəxəssislər üçün  cəlbediciliyini artıracaq

Paşinyan bu fikirlərini onunla əsaslandırmışdı ki, əvvəlki münasibətlər Qarabağ münaqişəsi şəraitində formalaşmış münasibətlərdir və indi şərait dəyişib. Biz əvvəllərdə də qeyd etdiyimiz kimi, Paşinyan özlüyündə şaxələnmiş xarici siyasət aparır, amma qarşıdurma şəraitində olan dövlətlərlə eyni vaxtda uzun müddət müttəfiq olmaq mümkün deyil. İndi Rusiya konkret tələblər qoyub bir növ “ya biz, ya Avropa İttifaqı!” Paşinyan isə hələ seçim etməyə hazır deyil. Daha doğrusu, Ermənistan dövlət olaraq belə seçimə hazır deyil”.

S.Məmmədovun fikrincə, Paşinyan hökuməti Aİ-ni seçib inteqrasiya proseslərini dərinləşdirsə, Rusiya sanksiyalarını genişlədirəcək: “Ermənistanın Gömrük İttifaqından çıxası olsa, indiki iqtisadi imtiyazlardan istifadə edə bilməyəcək, həmçinin Ermənistan vətəndaşlarının Rusiyada əmək miqrantı kimi çalışması üçün fərqli imtiyazlara malik olma hüququnun itməsi onsuz da Ermənistan daxilində olan qeyri-stabil vəziyyəti bir qədər də dərinləşdiə bilər. Belə olan halda Paşinyan əvvəlki siyasətini davam etdirir. Aİ nümayəndələri ilə görüşəndə ittifaqla daha sıx inteqrasiyadan danışır, Rusiya rəsmiləri ilə görüşəndə də “Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək və dərinləşdirmək istəyirik” deyir. Bu isə onun əvvəlki açıqlaması ilə uyğun gəlmir, baxmayaraq ki, “İzvestiya” qəzetinə verdiyi intervyüdə əvvəlki açıqlamasını əsasladırmağa cəhd edib və bildirib ki, münasibətlərdə baş verən dəyişikliklər obyektiv amillərlə bağlıdır”.

O ki qaldı Rusiya-Ermənistan münasibətlərinin bundan sonra yumuşalmasına, S.Məmmədov xatırladıb ki, belə “yumuşalmalar” çox olub: “Bilmək olmaz növbəti açıqlaması necə olacaq. Avropa İttifaqı nümayəndələri ilə görüşdə başqa açıqlama versə münasibətlər yenidən soyuyacaq”.

E.Paşasoy,
Musavat.com

25.09.2026 08:00
2428