Paşinyan həm nümayəndəliyi qapatmalı, həm də...- şərh

Rəsmi Bakının İrəvandakı separatçılarla bağlı xəbərdarlıqları nəhayət, Ermənistan rəhbərliyini hərəkətə gətirib.


Musavat.com-un məlumatına görə, Baş naziri Nikol Paşinyan ötən gün parlamentdəki çıxışında vaxtilə Qarabağda yaradılmış qondarma rejimin taleyilə bağlı verilən suala sərt reaksiya verib. Müxalifətdən olan deputat Areqa Ovsepyanın Qarabağdan olan ermənilərin “Dağlıq Qarabağ nümayəndəliyi”nin binasında məskunlaşmağa məcbur edilmələrinə dair sözlərinə Paşinyanın cavabı revanşistlər üçün gözlənilməz olub. Baş nazir deputata cavabında deyib ki, bu kimi addımlar Qarabağ ermənilərinə qarşı bir pislikdir. “Sizcə, Ermənistanda evi olmayan insan yoxdur? Niyə nümayəndəlikdə qalmalıdırlar? Qoy sizin evinizə getsinlər! Əgər sizə gəlsələr, şikayət etməyin. Sizin İrəvanda mənziliniz var, amma digər Qarabağ sakinlərinin yoxdur. Niyə? Qarabağdan olan bəzi insanlar yaşayış binalarına, onlarla evə və otelə sahibdirlər, qoy onları qaçqınları yerləşdirsinlər!”

Daha sonra N. Paşinyan keçmiş qondarma rejimin oyuncaq “dövlət qurumları”ndan danışarkən deyib ki, Ermənistanda iki dövlət ola bilməz: “Qeyd etdiyiniz struktur mövcud ola bilməz! O, Ermənistan Respublikasının idarəçiliyi altına keçməlidir. Baş nazir kimi, dövlət daxilində ikinci bir dövlətin, hökumətin və ya parlamentin mövcudluğunun qarşısını almaq üçün ən sərt tədbirlərdən istifadə edəcəyəm!”

Göründüyü kimi, N.Paşinyan separatçılarla oyun oynamağın ona baha başa gələcəyini anlayaraq açıq mövqe ortaya qoymağa başlayıb. Amma bu, söz olaraq qalacaq, yoxsa konkret tədbirlər görüləcək. Faktiki olaraq Ermənistan rəhbərliyi sülh sazişinin imzalanması istiqamətində zəruri addımları atmaqda ləngiyir. 8 avqust Vaşinqton razılaşmasına da sonadək əməl olunmur. Üstəlik, separatçıların sentyabrın ilk günlərindən etibarən fəallaşmasına göz yumulur. Azərbaycan 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatı ilə erməni separatizminə son qoyduqdan sonra separatçıların başçıları saxta qurumu buraxdıqlarını elan etsələr də, onların bəziləri aradan çıxaraq Ermənistanda yenidən səslərini qaldırmağa başladılar. Bu mənada Paşinyanın atmalı olduğu konkret addımlar var.

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirdi ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir il əvvəl mətbuat konfransında ölkə ərazisində ikinci dövlətin mövcudluğuna icazə verməyəcəyini bəyan etmişdi: ““Dövlət tədbir görməlidir” deyən Paşinyan separatçılarının əmlakının Ermənistanın mülkiyyətində olması vacibliyini vurğulamışdı. Paşinyan eyni firkiləri bir il sonra yenə təkrarlayıb. O, özünü buraxan qondarma “Dağlıq Qarabağ Respublikası”nın İrəvandakı “nümayəndəliyi”nin binasının dövlət balansına keçiriləcəyini bu sözlərlə bildirib: “Ermənistanda iki dövlətin, iki hökumətin olması mümkün deyil. Ölkə daxilində ikinci dövlət, ikinci hökumət və ya ikinci parlament formalaşdırmaq cəhdlərinin qarşısını ən sərt üsullarla alacağam”. Nikol Paşinyan separatçılarla bağlı doğru açıqlama versə də, “nümayəndəliyin” qapadılması məsələsini ləngidib. Paşinyan ləng tərpəndikcə, bundan həmin separatçılar və onların arxalarında radikallar qüvvələr öz məqsədləri üçün istifadə edirlər. Hesab edirəm ki, bu dəfə məsələ birdəfəlik həll olunacaq. Çünki, “nümayəndəliklərində” qərar tutan separatçıların Ermənistandakı fəaliyyətləri iki ölkə arasında sülh quruculuğuna mənfi təsir edir. Həmin separatçılar Azərbaycana ərazi iddiası fikirini səsləndirir və İrəvanda bu məqsədlə müxtəlif toplantılar keçirirlər”.

E.Şahinoğlu xatırlatdı ki, separatçıların İrəvandakı “nümayəndəliyi” şeytan yuvasıdır: “Ona görə Paşinyan həm “nümayəndəliyi” qapatmalı, həm də Azərbaycanın ərazi bütövlüyün əleyhinə açıqlamalar və bəyanatlar verənlərə qarşı tədbirlər görməlidir!”

E.Paşasoy,

Musavat.com

 

17.09.2026 13:52
448