Panama presedenti – Maduronun taleyi təxminən Noryeqanınkı kimi olacaq

ABŞ ilə Venesueala arasında yaranmış müharibə təhlükəsi 35 il öncə Panama ilə ABŞ arasında olan münaqişəni yada salır.

Dövr və ABŞ-də hakimiyyət dəfələrlə dəyişib, ancaq dünyanın ən qüdrətli dövlətinin öz cənub qonşularına münasibətinin motivi dəyişməyib.

İndi bir çoxları ABŞ-nin Venesuelaya mümkün müdaxiləsini neftə bağlayır, iddia edirlər ki, Vaşinqton Karakasın zəngin neft yataqlarına əl qoymaq istəyir.

Amma bunlar o qədər də tutarlı arqumentlər deyil. Birincisi, ABŞ-nin neft dərdi yoxdur, özünün də nefti var, ərəb ölkələrindən də ucuz qiymətə alır. İkincisi, neftdən daha vacib problem ABŞ əhalisinin mühüm kəsiminin kütləvi şəkildə narkomaniyaya mübtəla olması, bu tendensiyanın artması və bu işdə Venesuela, Meksika, Kolumbiya, Boliviya kimi ölkələrin mühüm rol oynamasıdır.

1989-cu ilin dekabrında ABŞ-nin Panamaya hərbi müdaxiləsinin əsas səbəblərindən biri narkotik tranziti ilə bağlı olub. Ancaq iki dövlət arasında münaqişəni dərinləşdirən başqa olaylar da baş verib.

ABŞ Dövlət Departamenti əməliyyatə əsaslandırmaq üçün aşağıdakı səbəblərin sadalandıı açıqlama yayıb:

Panama daxilində ABŞ vətəndaşlarının qorunması;

Panama kanalının təhlükəsizliyinin qorunması;

Demokratik yolla seçilmiş Panama hökuməti rəsmilərinin dəstəklənməsi;

General Noryeqanın tutduğu vəzifələrdən uzaqlaşdırılması və cinayətkar kimi məhkəməyə verilməs (ABŞ məhkəmələrinin qərarı əsasında);

Noryeqanın himayəsi altında fəaliyyət göstərən beynəlxalq narkotik ticarəti şəbəkəsinin dağıdılması.

nor-1.jpg (214 KB)

Müdaxilə zamanı "demokratiyanın bərpası" və "demokratiyanın qorunması" kimi demaqoji şüarlardan da istifadə olunub.

Münaqişə ABŞ-nin puluyla tikilmiş Panama kanalına nəzarət üstündə başlayıb. 1999-cu ilə qədər Panama hökumətinə təhvil verilməsi nəzərdə tutulsa da, 1980-ci illərin ortalarında Panama hökuməti müqavilənin şərtlərini yenidən müzakirə etmək istəmədiyini bildirib və bu, ABŞ ilə Panama arasındakı münasibətləri pisləşdirib.

Daha sonra Panama hökumətinin öz ərazisindən ABŞ-nin Nikaraquaya qarşı əməliyyatlar üçün istifadə etməsinə icazə verməkdən imtina edib və bu, iki dövlətin arasını bir az da gərib.

1987-ci ilin iyul ayında ABŞ hökuməti Panamaya iqtisadi və hərbi yardımın dayandırıldığını elan edib. 1988-ci ildə ABŞ Ədliyyə Nazirliyi Panama ordusunun komandanı Manuel Noryeqaya qarşı narkotik qaçaqmalçılığı, narkotik kartel üzvləri üçün uçuş zolaqları və təhlükəsiz sığınacaqlar təmin etmək və bir sıra digər cinayətlərlə bağlı ittiham irəli sürüb.

1988-ci ilin may ayında Noryeqa ilə ABŞ arasında aparılan danışıqlarda, istefası müqabilində ittihamların və sanksiyaların ləğvi müzakirə edilib, nəticəsiz başa çatıb. (Dünən Trampla Maduro arasında da telefon danışığı olub və nəticəsiz başa çatıb).

1989-cu ilin may ayında Panamada müxalifət lideri Gilyermo Endara prezident seçkilərində böyük üstünlüklə qalib gəlib. Lakin Noryeqanın namizədi Fransisko Rodriges öz qələbəsini elan edib. Endara polis hücumuna məruz qalıb. Müxalifətə dəstək verən şəhərlərə qoşunlar yeridilib. ABŞ öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Panamaya əlavə 2000 əsgər göndərib. 3 oktyabr 1989-cu ildə bir qrup Panama ordusunun zabitləri Noryeqanı devirmək üçün silahlı çevrilişə cəhd edib. Sui-qəsdçilərin lideri mayor Moisés Giroldi Vega və digər doqquz sui-qəsdçi öldürülüb, daha 37 çevriliş iştirakçısı həbs edilib. Qiyam liderlərindən ikisi Fort Kleytondakı ABŞ hərbi bazasına qaçıb. Sui-qəsdin yatırılmasından dərhal sonra Noryeqa istintaqa başlayıb və nəticədə Panama ordusunun bir çox zabitləri həbs edilib, edam olunub və ya ölkədən qaçıb.

Beləcə, Panama ABŞ-yə meydan oxuyub və müharibə qaçılmaz olub.

16 dekabr 1989-cu ildə Panama əsgərlərinin ABŞ dəniz piyadaları korpusunun 1-ci leytenantı Robert Pazını güllələyərək öldürməsi, qətlin şahidi olan leytenant Adam Körtisin və onun həyat yoldaşı Bonninin Panama qoşunları tərəfindən döyülərək saxlanılması (əsgərlər qadını zorlamaqla hədələyiblər), necə deyərlər, bardağı daşıran son damla oldu.

17 dekabrda ABŞ prezidenti Corc Buş Panamada hərbi əməliyyata icazə verib.

Əməliyyata ümumi komandanlığı ABŞ müdafiə naziri Robert Çeyni və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Kolin Pauell (sonradan onların biri vitse-prezident, digəri dövlət katibi postu tutdu) edib.

Əməliyyatda iştirak edən qoşunların ümumi sayı 26.000 nəfər olub.

nor-2.jpg (168 KB)

ABŞ-nin Panamaya qarşı “xüsusi əməliyyatı” 41 gün çəkib. Müdaxilədən sonra dövlət başçısı olmasa da, ordu rəhbəri olaraq dövləti, nazirləri, hətta prezidenti idarə edən Manuel Noryeqa ölkəsini, ordusunu başsız qoyaraq aradan çıxıb, Vatikana sığınıb. Yanvarın 4-də o, təslim olub və həbs edilərək ABŞ-yə aparılıb. Sonradan Noryeqa ABŞ qanunları ilə mühakimə olunub, 40 il (sonra 30 ilə endirilib) həbs cəzası alıb. Daha sonra o, Fransada və Panamanın özündə də mühakimə edilib, 2017-ci ildə 83 yaşında Panamada ölüb.

manu.jpg (34 KB)

ABŞ Panama müharibəsində 24 əsgər itirib. Panamanın itkiləri daha çox olub: 234 hərbçi, 300-500 arası mülki şəxs.

Panama prezidenti postuna müxalifətin lideri Gilyermo Endara gəlib. Noryeqanın bütün komandası dağıdılıb.

Hazırda ABŞ tərəfindən bənzər ittihamlara məruz qalan (narkotik tranziti, hakimiyyəti zorla saxlamaq, ABŞ-yə qarşı düşmənçilik siyasti yeritmək və s.) Venesuela prezidenti Maduro bu hadisələri və özünü də eyni aqibətin gözlədiyini yaxşı bilir. Maduro onu da bilir ki, Noryeqanı devirən Buşdan fərqli olaraq Tramp daha qətiyyətlidir və dediyini mütləq edəndir.

Ona görə də o, ABŞ-dən heç olmasa ilyarım vaxt istəyib, daha sonra vəzifəsindən istefa verəcəyini deyib.

Görünür, o düşünür ki, ilyarımdan sonra ABŞ-də hamının başı növbəti prezident seçkisi kampaniyasına qarışacaq və Venesueala yada düşməyəcək.

mad-tra.JPG (36 KB)

Ancaq Tramp və komandası Maduronun öz silahdaşları ilə birlikdə dərhal tutduqları vəzifələrdən getmələrini tələb edib, əks təqdirsə hərbi müdaxilənin qaçılmaz olduğunu bildiriblər.

Bir sözlə, Maduronun qələmi qırılıb. O yaxın zamanlarda ya prezident postundan könüllü gedəcək, ya da xüsusi əməliyyatla devriləcək.

Araz Altaylı, Musavat.com

01.12.2025 13:13
1249