Braziliyada yaşanan inanılmaz hadisə ölkədə gündəm olub. Özünü ailədaxili zorakılıqdan qaçan 12 yaşlı qız kimi təqdim edən qadının, əslində, 37 yaşında olduğu müəyyən edilib. O, təxminən 14 ay ərzində bir ailə ilə birlikdə yaşayıb və hətta ailə onu rəsmi olaraq övladlığa götürməyə hazırlaşıb.
Musavat.com xəbər verir ki, hadisə Braziliyanın Joinville şəhərində baş verib. “Gabriele” adından istifadə edən qadın yerli kilsəyə müraciət edərək ailəsi tərəfindən zorakılığa məruz qaldığını və evdən qaçdığını bildirib. Onun hekayəsi kilsə üzvlərini təsirləndirib və nəticədə bir ailə ona evinin qapılarını açıb.
Məlumata görə, qadın uzun müddət özünü azyaşlı kimi göstərmək üçün müxtəlif üsullardan istifadə edib. O, autizmli olduğunu iddia edib, səsini incəldib, əmzikdən istifadə edib, bəzən isə panik ataka bənzər davranışlar nümayiş etdirib. Fiziki görünüşü ilə bağlı yaranan suallara isə keçmişdə ona hormon preparatları verildiyini söyləyərək cavab verib.
Qadının qaldığı ailə zaman keçdikcə ona tam etibar edib. Xəbərə görə, ailə hətta onu rəsmi şəkildə övladlığa götürmək imkanını da nəzərdən keçirib. Lakin şəxsiyyət sənədləri ilə bağlı davamlı ziddiyyətli açıqlamalar verməsi və məktəbə getməkdən yayınması şübhələr yaradıb. O, məktəbə getməməsini “şiddət göstərən atam məni tapar” sözləri ilə izah edib.
Hadisə qadının davranışlarından şübhələnən bir qohumun polisə müraciət etməsindən sonra ortaya çıxıb. Aparılan araşdırma nəticəsində onun əslində 37 yaşlı qadın olduğu müəyyənləşdirilib. Qadın saxlanılıb və həbs olunub.
İstintaq zamanı polis onun daha əvvəl də Braziliyanın müxtəlif ştatlarında, o cümlədən São Paulo, Rio-de-Janeyro və Minas-Jerays bölgələrində oxşar üsullarla insanları aldatdığına dair məlumatlar əldə edib. Araşdırma davam edir.
Bu hadisə Braziliyada son illərin ən qəribə və səs-küylü dələduzluq işlərindən biri kimi qiymətləndirilir.
Musavat.com