Bir müddət əvvəl verilişi bağlanan Elgiz Əkbər ictimaiyyət arasında görüntülənib. Aparıcı Xalq artisti Naibə Allahverdiyevanın qızının toy məclisində iştirak edib.
Elgiz Əkbərin ARB-də yayımlanan “Elgizlə izlə” verilişi bu ilin fevral ayında bağlanıb. Aparıcının televiziya layihəsinin bağlanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Az əvvəl isə Zaur Kamalın ARB-nin efirinə qayıdacağı xəbərləri yayılsa da, telekanal təkzib etmişdi. Bundan başqa, Ali Məhkəmədə ATV-nin aparıcısı Zaur Baxşəliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb. Məhkəmə şikayəti təmin etməyib. Aparıcı ilə bağlı bəraət qərarı qüvvədə saxlanılıb. Z.Baxşəliyevə qarşı Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə ittiham irəli sürülmüşdü.
Bəs verilişləri bağlanan tanınmış teleaparıcıları yenidən ekranlara qaytarmaq olarmı? Onların yeni formatda verilişlər aparması mümkündürmü?
Media eksperti Azər Həsrət Musavat.com-a qeyd edib ki, adı çəkilən teleaparıcılar başqa formatda olan verilişlərlə yenidən efirə qayıda bilər: “Həmin teleaparıcılara ömürlük hökm kəsilməyib ki, onların ekranlara qayıtması qadağan olunsun. Sadəcə, onlar müəyyən edilmiş standartlar çərçivəsində verilişlər hazırlamalıdırlar. Bu halda tamaşaçı da onları qəbul edəcək. Niyə də olmasın?!”

Onun fikrincə, belə bir praktika artıq olub: “Məsələn, vaxtilə şoumen kimi tanınan, lakin sonradan daha ciddi və analitik verilişlərlə gündəmə gələn teleaparıcılar var. Yəni bu, mümkündür və uğurlu nümunələri də mövcuddur. Ona görə də kimisə tamamilə kənarlaşdırmaq, yaxud ona “sən artıq efirə çıxa bilməzsən” demək nə düzgün, nə də real yanaşmadır”.
A.Həsrətin fikrincə, burada əsas məsələ standartların müəyyənləşdirilməsidir: “Xüsusilə Audiovizual Şura bu standartları konkret, aydın və yazılı şəkildə televiziya kanallarına təqdim etməlidir. Kanallar da bu tip aparıcılarla işləmək istədikdə həmin çərçivələri qarşılarına qoymalı və deməlidirlər ki, buyurun, bu qaydalar daxilində layihə təqdim edin. Yəni heç kimə nəyisə əbədi qadağan etmək düzgün deyil, sadəcə olaraq, fəaliyyət müəyyən şərtlər daxilində tənzimlənməlidir. Əgər həmin teleaparıcılar yenidən televiziyaya qayıtmaq istəyirlərsə, bu yalnız müsbət hal kimi qiymətləndirilə bilər. Üstəlik, bu verilişlər bağlanan zaman da qeyd olunurdu ki, onların arasında kifayət qədər güclü potensiala malik jurnalistlər var. Bu insanlar daha səviyyəli, daha düşünülmüş və auditoriyaya uyğun layihələrlə yenidən tamaşaçı qarşısına çıxa bilərlər”.
Ekspert düşünür ki, onların siması televiziya kanallarına əlavə tamaşaçı qazandıra bilər: “Cəmiyyətdə “bozbaş verilişlər” kimi qəbul edilən, aşağı səviyyəli məzmunlardan və efirdə nümayiş olunan uyğunsuz davranışlardan uzaq durmaq lazımdır. Daha peşəkar, daha keyfiyyətli və daha mədəni verilişlərlə efirə qayıtmaq həm mümkündür, həm də zəruridir”.
Xalidə Gəray
Musavat.com