Ömür boyu aliment ödəyənlərlə bağlı mühüm qərar – Türkiyə qanunu dəyişir

Türkiyədə boşanmadan sonra ödənilən alimentlə bağlı mühüm hüquqi dəyişiklik baş verir.

Musavat.com xəbər verir ki, Konstitusiya Məhkəməsi Türkiyə Mülki Məcəlləsinin 175-ci maddəsində yer alan “müddətsiz olaraq” ifadəsini ləğv edib. Qərar 30 sentyabr 2026-cı ildə Rəsmi Qəzetdə dərc olunub və 30 iyun 2027-ci ildə qüvvəyə minəcək.

Söhbət Türkiyədə ehtiyac alimenti adlandırılan aliment növündən gedir.

Mülki Məcəllənin 175-ci maddəsinə əsasən, boşanma nəticəsində yoxsulluğa düşəcək və boşanmada təqsiri qarşı tərəfdən daha ağır olmayan şəxs digər tərəfdən onun maddi imkanları çərçivəsində aliment tələb edə bilir.

İndiyədək qanundakı “müddətsiz olaraq” ifadəsi alimentin əvvəlcədən konkret müddət müəyyən edilmədən təyin olunmasına hüquqi əsas yaradırdı. Konstitusiya Məhkəməsinin qərarı məhz bu ifadəni ləğv edir.

Bu isə aliment institutunun bütövlükdə ləğv edilməsi demək deyil. Dəyişiklik alimentin avtomatik şəkildə müddətsiz davam etməsi məsələsinə aiddir.

Qərarın dərhal qüvvəyə minməməsi də diqqət çəkir. Hüquqi boşluğun yaranmaması üçün ləğvetmə qərarı 30 iyun 2027-ci ildən qüvvəyə minəcək. Bu müddətdə alimentin müddəti və tətbiq şərtləri ilə bağlı yeni hüquqi çərçivənin müəyyənləşdirilməsi gündəmə gələcək.

Musavat.com

01.10.2026 01:16
682