"O halda Ermənistan olmayacaq, necə ki regionda heç vaxt olmamışdı" – sensasion açıqlamalar

“Dünən, 1 iyunda doğum günü ilə bağlı 51 yaşlı Nikol Paşinyanı təbrik edənlərin arasında Rusiya prezidenti Vladimir Putinlə Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyev də var idi. Ermənistanda keçiriləcək parlament seçkilərinə cəmi bir həftə qalmış edilən təbrikdə Rusiya Prezidenti Paşinyana sağlamlıq, xoşbəxtlik, uğurlar arzuladığı halda, Təhlükəsizlik Şurası katibinin müavini onu həyatını Trotski kimi bitirəcəyi ilə hədələyir. Yəni eyham vurur ki, Moskvanın agenti Merkader necə Trotskini baltalayaraq öldürmüşdüsə, ona bənzər biri də Paşinyan üçün hazırlanır”.

Deputat Sahib Alıyev bu fikirləri Rusiya ilə Ermənistan arasındakı mövcud gəerginliyi Musavat.com-a şərh edərkən bildirib. Milli Məclisin üzvünün fikrincə, Rusiyada ən yüksək səviyyədə sərgilənən bu “plüralizm” iki reallıqdan irəli gəlir: “Birinci reallıq odur ki, Putin də, Medvedev də qarşıdakı seçkini də Paşinyanın udacağını artıq dəqiq bilirlər. Ona görə də birinci yenidən Ermənistana baş nazirlik edəcək Paşinyanı iki ölkə arasında mövcud olmuş “ənənəvi dostluq və müttəfiqliyi” davam etdirməyə çağırır, ikinci isə bu xətdən çıxacağı halda, onu Trotski kimi öldürüləcəyi ilə hədələyir. Və yəqin ki, bu çağırışlı və hədəlli təbrikin hər ikisi Ermənistanda Paşinyanın partiyasına səs verənlərin sayını bir az da artıracaq. Ümumiyyətlə, mənim gəldiyim nəticə budur ki, 7 iyun seçkisində Paşinyanın partiyasının yüksək nəticə əldə etməsində Rusiyanın yeritdiyi siyasət Qərbin dəstəyindən daha təsirli rol oynayacaq. Bunun üçün sadəcə, Moskvanın Paşinyana qarşı rəqib olaraq önə çıxardıqlarının kimliklərinə baxmaq yetir”.

S.Alıyev revanşistlərlə bağlı da fikirlərini bölüşüb: “Ermənistanda Qarabağ klanına qarşı, yumşaq desək, mənfi yanaşma ortadaykən o klanın ən çox nifrət edilən təmsilçisi Köçəryan yenidən oyuna qoşulur və ona yenə də seçici üçün qətiyyən cəlbedici sayılmayan, iki pulu çox, savadı yox oliqarx yandaşlıq edir. Özü bütün oliqarxları siyasətdən uzaqlaşdıran Kreml Ermənistanda oliqarxları hakimiyyətə gətirmək istəyir, bu, necə ola bilər? Ermənistanda Rusiyadakından qat-qat ayıq olan seçici bunu görmür?Yəni deməyim odur ki, ya bilərəkdən, ya da əlacsızlıqdan - fərqi yoxdur, Kremlin seçkiöncəsi yeritdiyi siyasət Paşinyanın mövqelərini zəiflətməkdən çox, onun yenidən hakimiyyətdə qalmasına xidmət edir”.

S.Alıyev İrəvan və Bakı arasındakı sülh prosesinə yanaşma barədə də şərhini bölüşüb: “Kremlin Azərbaycanla sülh məsələsində Paşinyanın təbirincə desək, “hambal”larına səsləndirtdiyi narrativlər də yanlışdır. Çünki onların dilindən sülhü tənqid müharibəyə çağırış kimi başa düşülür, Ermənistandakı toplum isə heç də çox uzaq keçmişdə baş verməyənləri göz önünə gətirərək bunun onlara nə vəd etdiyini yaxşı anlayır. Paşinyan 28 mayda hərbi paradı sadəcə xalqa hesabat vermək və Azərbaycanın bu silah-sursat qarşısında tarixi torpaqlarını geri qaytarmaq istəməyəcəyini göstərmək məqsədilə keçirirdi? Düşünmürəm. Paşinyan yaxşı bilir ki, həm də mövcud geosiyasi reallıqları çox dəqiq dəyərləndirməsi səbəbindən Azərbaycanın belə bir fikri yoxdur. O, həmin paradla soydaşlarının revanşizm haqqında düşünən hissəsinə çatdırırdı ki, Azərbaycanla sülhdən danışa-danışa əvvəlki reallığı geri qaytarmaq üçün əlləşir”.

Deputat həmçinin vurğulayıb ki, burada artıq əvvəlki qədər təsirli olmayan Rusiya silahı işə yaramadığından Paşinyan “çoxvektorlu” siyasət yeritməyə məcburdur: “Nəticə də ortadadır, indi Ermənistan ordusunda Rusiya istehsalı olanlarla yanaşı, Fransa, ABŞ və... İranın silah-sursatları da var. Qərb onlara yenə öz sözləri ilə desək, “müasir və supermüasir” silah istehsalında yardım edir ki, bu da istəklərinə çalışmalarının ən doğru yoludur. Bəlkə də yanılıram, amma mən Paşinyanın məhz belə bir niyyətdə olduğu, toplumuna da bunu aşıladığı fikrindəyəm. Amma bəlkəsiz, onu da bilirəm ki, Azərbaycan yeni revanşizmə imkan verməyəcək və belə bir cəhddə bulunmaları Ermənistana baha da başa gəlməyəcək, çünki Ermənistan olmayacaq. Necə ki bu regionda heç vaxt olmamışdı”.

Elşad Paşasoy,

Musavat.com

02.06.2026 19:54
824