Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etmiş və “Ştorm Z” bölməsinin keçmiş üzvlərindən biri olan Daniil Tulenkov Kremlin müharibə strategiyası ilə bağlı diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, Tulenkov Rusiyanın cəbhə xəttini “dondurmaq” imkanını artıq itirdiyini və gələcək danışıqlarda Moskvanın daha sərt şərtlərlə üzləşə biləcəyini bildirib.
Onun fikrincə, Ukrayna qüvvələrinin son uğurları fonunda Rusiya üçün əvvəlki kompromis imkanları əldən çıxıb:
“Növbəti real danışıqlar mərhələsi artıq 1991-ci il sərhədləri olacaq”.
Tulenkov hesab edir ki, Rusiya cəmiyyəti hazırda belə ssenariyə psixoloji baxımdan hazır deyil və bu səbəbdən hakimiyyət belə şərtləri açıq şəkildə müzakirə etməyə belə cəsarət etmir.
Keçmiş hərbçinin sözlərinə görə, ölkəni qarşıda “çox isti yay və payız” gözləyir. O iddia edir ki, Ukrayna uzaqmənzilli zərbələr vasitəsilə Rusiya daxilində ictimai rəyi “müharibəni istənilən qiymətə bitirmək” istiqamətinə yönəltməyə çalışacaq.
Daniil Tulenkov bildirib ki, Rusiyanın müharibədən çıxış şansı yalnız cəmiyyət Ukrayna ərazilərindən tam çıxmağın qaçılmaz olduğunu qəbul etdikdən sonra yarana bilər. Onun sözlərinə görə, Kreml bir il əvvəl vəziyyəti daha realist qiymətləndirsəydi, bugünkü itkilərdən qaçmaq mümkün idi.
Keçmiş döyüşçü Rusiya rəhbərliyini “yarım addımlıq qələbə illüziyasında yaşamaqda” günahlandıraraq bunun minlərlə yeni itkiyə və böyük iqtisadi resursların boşa xərclənməsinə gətirib çıxardığını bildirib.
Tulenkov əlavə edib ki, əgər gələcəkdə “1991 sərhədləri” ssenarisi də baş tutmasa, danışıqlar daha ağır şərtlər - o cümlədən iqtisadi məhdudiyyətlər və yeni beynəlxalq təzyiq mexanizmləri fonunda aparıla bilər.
Musavat.com