Bir neçə gün öncə Stokholmda Nobel mükafatlarının təntənəli təqdimetmə mərasimi keçirilib. Tədbirdə kral ailəsinin üzvləri, siyasətçilər və Nobel fondunun nümayəndələri də daxil olmaqla təxminən 1300 qonaq iştirak edib. İlk dəfə olaraq müxtəlif məktəblərin yuxarı sinif şagirdləri də mərasimə dəvət olunublar.
Təntənəli təqdimatlar öz yerində, illər öncə Nobel komitəsi çoxsaylı ciddi səhvlərə yol verib, sonradan kəşflərinin yalan olduğu, hətta bəşəriyyət üçün sadəcə təhlükəli olduğu üzə çıxan alimlərə mükafatlar verib.
1935-ci ildə Almaniyanın militarizasiyasını tənqid edən alman pasifist və jurnalist Karl von Ossiyetski Nobel Sülh Mükafatına namizəd göstərilib. O, hələ nasistlər hakimiyyətə gəlməmişdən əvvəl Hitleri “almanlar üçün dəhşətli bədbəxtlik və fəlakət” adlandırıb. Növbəti il mükafat Karl von Ossiyetskiyə verilib. Lakin həmin vaxt o, “dövlət düşməni” elan edilib və həbs düşərgəsində vərəmə yoluxub və müalicə almadan ölüb.

Nobel komitəsinin bu qərarı nasist rejiminə güclü simvolik zərbə olub. Buna cavab olaraq qəzəblənmiş Hitler bütün Almaniya vətəndaşlarının (o cümlədən digər sahələrdə çalışan alimlərin) Nobel mükafatlarını almasını qadağan edən fərman imzalayıb və özünün “Alman xalqının milli mükafatını təsis edib. Hətta nasistlər 1940-cı ildə Norveçi işğal edəndə Ossiyetskinin təltif edilməsi ilə bağlı qərarında iştirak edən hər kəsi edam ediblər.
Nobel komitəsinin çoxsaylı ciddi səhvlərinə gəlincə - 1926-cı ildə danimarkalı mikrobioloq Yohannes Andreas Grib Fibiger tibb üzrə Nobel mükafatını qazanıb. O, xərçəngə səbəb olduğu güman edilən mikroskopik parazit qurdlar olan “Spiroptera carcinoma”nı kəşf etdiyinə görə mükafatlandırılıb. Yalnız bir neçə onillikdən sonra məlum olub ki, Fibiger səhv edib: spiropteranlar xərçəngin inkişafında heç bir rol oynamır.
Almaniyalı fizik Fritz Haber 1918-ci ildə ammiakı onun tərkib elementlərindən - azot və hidrogendən sintez etdiyinə görə kimya üzrə Nobel mükafatına layiq görülüb. Lakin I dünya müharibəsi başlayandan almanların öz kəşflərindən kimyəvi silah yaratmaq üçün istifadə etmələri görməzliyə vurulub. F.Haber təxminən altı min insanın ölümünə səbəb olan İprdəki qaz hücumunun baş elmi məsləhətçisi olub.

1927-ci ildə isə avstriyalı psixiatr Yulius Vagner-Yauregg sifilisin orijinal müalicə üsuluna görə tibb üzrə Nobel mükafatı alıb. O, xəstəliyin irəliləmiş mərhələləri olan sifilitik xəstələri malyariya ilə yoluxdurub, qızdırmanın əzələ parezi, optik və qulaq sinirlərinin zədələnməsi, qıcolmalar və insult riski kimi gec sifilisin simptomları ilə effektiv mübarizə apardığını sübut edib. Sonralar məlum oldu ki, bədbəxt sifilitik xəstələri boş yerə ələ salıblar; xəstəlikdən yeganə xilas yolu antibiotiklər olub.
1949-cu ildə tibb üzrə Nobel mükafatı lobotomiyanın ixtirasına görə portuqaliyalı həkim Antonio Eqaş Monişə verilib. O hesab edib ki, xəstənin beyninin bir hissəsini çıxarmaqla onları ruhi xəstəlikdən sağaltmaq olar. Lobotomiya “psixiatriya tarixindəki ən böyük kəşf” kimi qiymətləndirilib və tezliklə bütün dünyada klinik praktikaya tətbiq olunub. Pasiyentlərin çoxu əməliyyat masasında öldüyü üçün 1950-ci illərin sonlarında psixiatriyada lobotomiyanın istifadəsi sürətlə azalıb və tezliklə sivil tibb praktikasından tamamilə yox olub.

1938-ci ildə Enriko Fermi fizika üzrə Nobel mükafatını qazanıb. Fermi, şübhəsiz ki, böyük alim olub. Amma təəssüf ki, o, səhvən Nobel mükafatı alıb. Nobel komitəsinin bildirdiyi kimi, mükafat “neytron şüalanması nəticəsində yaranan yeni radioaktiv elementlərin mövcudluğunu nümayiş etdirdiyinə görə” verilib. Lakin sonradan məlum olub ki, Fermi heç bir yeni element kəşf etməyib.

Nobel Sülh Mükafatı həmişə bütün namizədlər arasında ən subyektivi olub. Ancaq bir hal olub ki, sülh üçün Nobel mükafatı laureatı siyasi arenada o qədər də yaxşı yadda qalmayıb. Söhbət Barak Obamanın 2009-cu ildə bu mükafatı almasndan gedir. O vaxt siyasətçi ABŞ prezidenti postunda 9 ay olmaqla, sülh sahəsində heç bir əhəmiyyətli nailiyyət əldə etməyib. Hətta Obamanın dostları da Nobel komitəsinin qərarını səhv hesab ediblər. Komitə özü də səhv etdiyini tez anlayıb.
2015-ci ildə Nobel institutunun keçmiş direktoru Gir Lundestat öz xatirələrində yazıb ki, onlar “yeni prezidentə öz mövqelərini möhkəmləndirməkdə kömək etmək istəyiblər”, lakin “heç vaxt buna nail ola bilməyiblər”.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün