“Ermənistan və Azərbaycan arasında həllini gözləyən məsələlərdən biri də bir neçə min itkin düşən şəxsin taleyinin aydınlaşdırılmasıdır və bu məsələ ilə bağlı Azərbaycanla əməkdaşlıq etmək barədə razılığa gəlmişik”.
Musavat.com Ordu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 25-də BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı bildirib.
Paşinyan Ermənistan və Azərbaycan arasında itkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi, mina təmizləmə sahəsində əməkdaşlıq məsələlərinə toxunub.
“Ermənistan mina təmizləmə məsələlərində Azərbaycanla əməkdaşlığı davam etdirməyə və dərinləşdirməyə hazırdır”, - deyə Paşinyan bildirib.
Ermənistan və Azərbaycan arasında hələ də həll olunmamış məsələlərin pessimist yanaşmaların yaranmasına səbəb olduğunu deyən Paşinyan tərəflər arasında istifadə olunan qarşıdurma ritorikasına da toxunub. “Bu məsələlərin hələ də həll olunmaması ilə yanaşı, pessimistləri qidalandıran digər səbəb zaman-zaman Ermənistan və Azərbaycanda, bəzən də rəsmi səviyyədə qarşıdurma ritorikasından istifadə edilməsidir”, - deyə Ermənistanın baş naziri qeyd edib.
Paşinyan Ermənistan və Azərbaycanın əldə etdiyi nəticələrin qarşıdurma ritorikasından daha dəyərli olduğunu bildirib.
“Düşünürəm ki, biz, yəni Ermənistan və Azərbaycan, kifayət qədər nəticələr əldə etmişik və bu nəticələr bizim üçün qarşıdurma ritorikasından daha dəyərli olmalıdır”, - deyə Paşinyan vurğulayıb.
Erməni baş nazir Azərbaycanda cəza çəkən erməni separatçılardan da danışıb. O Azərbaycana qarşı ağır cinayətlər törətmiş separatçıların azad olunması ilə bağlı revanşistlərin iddialarını təkrarlamaqla gerçək simasını təkrar üzə çıxarıb.
Deputat Sahib Alıyev Musavat.com-a açıqlamasında bildirdi ki, bu, Paşinyanın indiyədək dediklərindən cəmisi birinə əməl etdiyini göstərir, o da milli maraqlarına uyğun olaraq hərdən yalan danışdığı haqda etirafıdır: “Amma burada da tam əməldən söhbət getmir, çünki o, hərdən yox, tez-tez yalan danışır. Baxın, bu, həmin Paşinyandır ki, minalarla bağlı rəsmi onlarda olan xəritələrin hamısını bizə verdiklərini deyirdi. İndiki açıqlaması isə onun təkcə yalan danışdığını yox, sözdə sülhdən dəm vursa da, realda Azərbaycana yenə düşmənçilik hissi bəslədiyindən xəbər verir. Çünki minalanmış ərazilərin dəqiq xəritəsini verməmələri hərbi baxımdan Ermənistan üçün heç bir anlam kəsb etmir, amma bu, savaş bitəndən üzü bəri 400-dən artıq Azərbaycan vətəndaşının ölümünə, yaxud da dərin xətər görməsinə səbəb olub. Və Ermənistan baş nazirinin məhz işğalçılıq siyasəti yetirmələri, böyük haqsızlığa yol vermələrinin əlaməti olan minalanmış ərazilərlə bağlı əməkdaşlığa həmin işğal qüvvələrinin qarışıq müxtəlif cinayətlər törətmiş soydaşlarının azad edilməsini dilə gətirməsi onun mənəvi koordinatının tam eroziyaya uğradığını təsdiqləyir. Görünür, bizdəki "qozbeli qəbir düzəldər" məsəli elə-belə meydana gəlməyib”.
E.Paşasoy,
Musavat.com