Neft bazarının gözü İranda: Proseslər nəzarətdən çıxarsa...

2026-cı ilin ikinci həftəsi neft bazarı üçün ziddiyyətli əhval-ruhiyyə ilə başlayıb.

Musavat.com xəbər verir ki, yanvarın 3-dən sonra Venesuela neftinin dünya bazarına yolunun açılacağına dair xəbərlərin təsiri ilə 60 dolların altına düşən qiymətlər ötən həftənin sonlarından 3 dollara yaxın yüksəlib.

Bu gün ərzində Brent etalon markalı neftin qiyməti 63,5 dolları keçdikdən sonra yenidən aşağı hərəkət edərək, 62,4 dollar ətrafında dəyişir.

Hazırda bazarda qiymət dəyişiklikləri bilavasitə İrandakı hadisələrdən qaynaqlanır. Çünki Nikolas Maduronun həbsindən sonra Venesuelada sürətli rejim dəyişikliyinin olacağı, neft ixracının kəskin artacağı gözləntiləri gündəmdən çıxmaqdadır. Artıq məlumdur ki, yaxınmüddətli dövrdə Venesueladan ixrac ən yaxşı halda gündəlik 200-300 min barel arta bilər. Bu həcmlərin bazarda qiymətləri Donald Tramp administrasiyasının arzuladığı 50 dollara qədər salacaq qədər təsirli olmayacağı bəllidir. Buna görə də diqqətlər İrana yönəlib. Çünki bu ölkənin gündəlik ixracı 2025-ci ilin ortalarına qədər 1,8 milyon barelə yüksəlib. Lakin ABŞ-ın İran neftinin ixracına qarşı sərt nəzarəti nəticəsində dekabrın əvvəlinə doğru ixracda 200 min bareldən yuxarı azalma qeydə alınıb.

Həm Venesuela, həm də İran neftinin 90 faizdən çoxunu Çin alır – bazar dəyərindən 25-30 faiz endirimlə. ABŞ artıq Venesuela neftinin bu ölkəyə ixracının qarşısını tamamilə alıb – bu, Çinin gündəlik neft alışının 4 faizə yaxını deməkdir. İranın Çinin neft tələbatının ödənməsində payı isə dəfələrlə yüksəkdir – bəzi mənbələrə görə, 18 faizə yaxın.

İranda etirazların rejim dəyişikliyinə, yaxud vətəndaş qarşıdurmasına qədər inkişafı ehtimalı getdikcə artır. Bu isə neft bazarına qiymətlər baxımından pozitiv təsir göstərir: ötən ilin ortalarından qlobal neft təklifi real tələbi 2 milyon barelə yaxın üstələyir. İrandakı proseslər qısa müddətə də olsa, ən azı 1 milyon barel neftin bazardan çıxmasına səbəb ola bilər. Bu gün ərzində müşahidə olunan qiymət artımı bazarın məhz bu gözləntilərə cavabı kimi qiymətləndirilir.

Neft bazarında yaxın bir neçə həftə ərzində qiymətlərin İrandakı hadisələrin təsiri ilə formalaşacağı gözlənilir. Xalq etirazları yüksələn xətlə inkişaf edərək mövcud molla rejiminin nisbətən demokratik, yaxud Qərblə münasibətlərə önəm verən qüvvələrlə əvəz olunmasına gətirib çıxarması bazar üçün neqativ siqnaldır, çünki bu, qısa müddətdə bu ölkədən neft ixracının ciddi artımına səbəb ola bilər. Hesablamalara görə, mövcud infrastrukturla İranın gündəlik neft ixracını bir neçə ay ərzində 3 milyon barelə qədər artırmaq mümkündür. Bu isə qiymətlərin kəskin enməsinə gətirəcək təsir deməkdir.

Hadisələrin daha bir gedişi mövcud İran rejiminin özünü qorumağa çalışması, ABŞ-ın prosesə müdaxiləsi və Tehranın Hörmüz boğazında tankerlərin hərəkətini dayandırması perspektivinə bağlıdır. Məlumdur ki, Hörmüzdən gündəlik 20 milyon barel civarında neft daşınır. Həmçinin Yaxın Şərqdən maye qaz ixracının mühüm hissəsi də bu boğaz vasitəsilə reallaşdırılır. Regionda hərbi əməliyyatların başlanması, yaxud İran rejiminin təzyiqlərə əks-addım kimi boğazı bağlaması halında bazarda qiymətlərin 70 dollara qədər yüksəlməsi mümkündür. Lakin bu da uzunmüddətli deyil, qısamüddətli təsir olacaq, ən azı ona görə ki, İranın öz nefti də Hörmüzlə ixrac olunur. İqtisadi problemlər məngənəsində boğulan ölkənin əsas ixrac yolunu bir neçə gündən artıq bağlı saxlamaq kimi bir lüksü yoxdur.

Qeyd edək ki, Azərbaycanda İrandakı hadisələr Cənubi Azərbaycandakı 30 milyon soydaşımızın taleyi baxımından diqqətlə izlənilir. Bununla yanaşı, cənubdakı proseslərin neft bazarına təsirləri də diqqətdən yayınmır. Çünki ölkəmiz neft ixracından əldə etdiyi gəlirlərdən böyük ölçüdə asılı olaraq qalmaqdadır. Gəlirlərin həcmi isə həm dünya bazar qiymətlərinə, həm də hasilat və ixrac həcmlərinə bağlıdır.

Hasilatdakı azalma qiymətlərin daha da düşməsi ilə müşayiət olunarsa, bu, Azərbaycana daxil olan valyuta gəlirlərinin kəskin azalmasını şərtləndirəcək.

Energetika Nazirliyinin məlumatına görə, 2025-ci il üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 27,7 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu, 29,1 milyon ton hasilatın qeydə alındığı 2024-cü il göstəricisindən 4,8 faiz azdır.

Ötən il neft hasilatının 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin(2024-cü ildə 16,8 milyon ton), 3,8 milyon tonu “Şahdəniz”in(4,2 milyon ton), 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonu isə SOCAR-ın(7,5 milyon ton) payına düşüb.

Hesabat dövründə 23,1 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixrac olunub(24,4 milyon ton). İxracın 20 milyon tonu konsorsiumların(21 milyon ton), 2,5 milyon tonu SOCAR-ın(2,8 milyon ton), 0,6 milyon tonu isə JOCAP-ın payına düşüb.

Azərbaycan hökumətinin proqnozlarına görə, 2026-cı ildə Azərbaycanda neft hasilatı 27,6 milyon ton təşkil edəcək, bu isə 2025-ci ilin proqnoz göstəricisindən 3,2 faiz azdır.

Hasilatın və qiymətin azalması fonunda gəlirlərimizdə də düşmə gözlənilir. Dövlət Neft Fondunun büdcə layihəsinə əsasən bu il Azərbaycanın payına düşən karbohidrogenlərin satışından Fondun (ARDNF) əldə edəcəyi xalis gəlirlər 5 milyard 30 milyon dollar (8 milyard 551 milyon manat) təşkil edəcək. Bu, 2024-cü ilin faktiki icra səviyyəsindən 2 milyard 910,4 milyon manat və ya 25,4 faiz, 2025-ci ilin proqnoz göstəricisindən isə 1 milyard 246,3 milyon manat və ya 12,7 faiz azdır.

Dünya Sakit
Musavat.com

12.01.2026 17:15
622