“Neft 100 dollaradək bahalaşa bilər...” – İqtisadçıdan NİKBİN proqnoz

Dünya bazarlarında neft bahalaşmaqda davam edir. Hazırda “Brent” markalı “qara qızıl” 63,42 dollara, yüngül neft isə 59,16 dollara təklif edilir. “Azeri Light” (CIF) markalı Azərbaycan nefti isə bahalaşaraq 68,54 ABŞ dollarına bərabər olub.

Bəs qiymət artımı nə dərəcədə davamlı ola, neft bu il hansı həddədək bahalaşa bilər? Qiymətlər bu əl ən çox hansı amillərdən asılı olacaq?

Musavat.com-a danışan iqtisadçı Xalid Kərimlinin fikrincə, ABŞ-nin İrana müdaxilə riskinin neftin qiymətlərinə təsiri hiss olunur, amma bazarlar bu riskin ehtimalını və miqyasını qiymətləndirməyə çalışırlar.

“Birbaşa xarici investisiyalar ölkəyə həm kapital, həm də texnologiya gətirir” - Xalid Kərimli

Ekspertə görə, bu səbəbə artım məhdud şəkildədir:

“İrana müdaxilənin hansı istiqamətlərdə olacağı və müddəti qiymətlərə təsir imkanlarını formalaşdıracaq. əgər qısamüddətli müdaxilə olarsa, təbii ki, qiymətlər 65-70 dollara qədər qalxa, 70 dollar ətrafında formalaşa bilər. İrana müdaxilə gündəlik 20 milyon barel neftin ixrac olunduğu Hörmüz boğazında da ciddi problemlər yaradarsa, o zaman qiymət 90-100 dollara qədər qalxa bilər. Yəni, hər şey müdaxilənin çərçivəsindən, miqyasından, müddətindən asılı olacaq.

İran 3,2 milyon barel neft hasil edir, ixrac 1.5 milyon barel qiymətləndirilir. Neft əsasən Çinə əlverişli qiymətlərlə ixrac olunur. Problem İranla məhdudlaşarsa, Hörmüz boğazına heç bir təsir olmazsa, o zaman qiymətin 70-80 dollar arasında formalaşacağı gözlənilir. Amma bu hələ ki, ehtimaldır. Bazarlar prosesi diqqətlə izləyir. İranda mövcud hakimiyyətin vəziyyəti stabilləşdirmə imkanları mövcuddur”.

X.Kərimli onu da vurğulayıb ki, bu cür vəziyyətlərdə spekulyativ investorlar sərmayə qoyaraq, qiymətlərin qalxmasından faydalanmağa çalışırlar:

“Kəskin bahalaşma gözlənilmir. OPEC+ əlavə neft hasilatına qərar verə bilər. Səudiyyə Ərəbistanının neft hasilatı və ixracını artıracağı istisna deyil. Eyni zamanda, qiymət artımı şist neft hasilatçılarının da əlavə hasilat marağını gücləndirə bilər. Iran ətrafında baş verən hadisələr diqqətlə izlənir. Indiki halda görünən odur ki, bazarlar baş verəcək hadisələrin sürətli və kəskin mexanizmlə getməyəcəyini düşünür. O səbəbə qiymət artımı hələ ki, məhduddur. Ancaq proses dəyişə də bilər. Neftin qiyməti bu il 55-65 dollar ətrafında formalaşacağı proqnozlaşdırılır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

14.01.2026 15:59
1232