Nazir əvəzi Qəni niyə qane olmur? – İran yenə Zəngəzur dəhlizinə qarşı çıxır

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri Qəni Zəngəzur dəhlizinin açılması məsələsi ilə bağlı suala cavab olaraq bildirib ki, İran regionda mövcud sərhədlərin və demoqrafiyanın dəyişdirilməsinin əleyhinədir.

Jurnalistin, İranın başqa dərd-səri yoxmuş kimi, dönüb-dolaşıb Zəngəzur dəhlizi məsələsinin üstünə gəlməsi və nazir əvəzinin də bu suala həvəslə cavab verməsi, hələ bir az da qabağa gedərək, söhbətə demoqrafiya məsələsini qatması göstərir ki, prezidenti və XİN rəhbəri üzrlü səbəbdən dəyişsə də, rejimin ampluası və ritorikası dəyişməyib.

İranın müvafiq mövqeyi çoxdan bəllidir. Ermənistanın xarici siyasət kursunda və Zəngəzur dəhlizinə münasibəti məsələsində son 6 ayda bir sıra dəyişikliklər olduğu halda rəsmi Tehranın köhnə mövqeyinə korrektələr etməməsi təəccüblüdür.

Qlobal əhəmiyyətli layihə - Zəngəzur dəhlizi

Məsələ ondadır ki, Rusiya sərhədçilərini İran və Türkiyə sərhədindən çıxarmağa çalışan Ermənistan onların yerini yaxın gələcəkdə ABŞ və Avropa ölkələrinin hərbçiləri doldurmaq niyyətindədir. Bu halda İranla qatı düşmənçilik mövqeyində olan ABŞ-nin hərbçiləri və modern mobil hərbi texnikası İranın qulağının dibinə qədər gələcək. Tehran isə buna, bu təhlükəyə etina etmədən hələ də “dəhliz-dəhliz” deyir. O dəhlizə nəzarət Qərbinə əlinə keçəndən sonra nə deyəcəklər, çox maraqlıdır.

Yuxarıda qeyd etdiyimiz kimi, nazir əvəzi Qəni “regionda mövcud sərhədlərin və demoqrafiyanın dəyişdirilməsinin əleyhinə” olduğunu bildirib. Sərhədi anladıq, bəs “demoqrafiyanın dəyişdirilməsi” nə deməkdir?

Göyçə-Zəngəzur Respublikası” bəyanat yaydı

Bu, açıq mətnlə o deməkdir ki, İran azərbaycanlıların Ermənistandakı (Göyçə, İrəvan, Vedi, Zəngəzur mahallarındakı) tarixi torpaqlarına qayıdışının da əleyihinədir. Güman ki, həm də vaxtilə Dağlıq Qarabağda yaşayan azərbaycanlılara etdikləri zülmün (qətliamlar və deportasiya) qisasının alınacağından qorxaraq ötən ilin sentyabrda Qarabağın dağlıq hissəsini kütləvi və panik halda tərk edən ermənilərin geri qaytarılması da nəzərdə tutulur. Yəni ermənilər qayıtsın və 4-5 il əvvəlki demoqrafik durum dəyişməz qalsın. Bu, olmasa belə, etnik təmizləmə nəticəsində Ermənistandan qovulmuş azərbaycanlıların öz tarixi torpaqlarına sülh yolu ilə qayıdış hüququ danılmazdır.

Bu məsələnin bir tərəfi. İkinci tərəf ondan ibarətdir ki, adı “Zəngəzur dəhlizi” olan və Azərbaycandan Türkiyəyə doğru uzanan, Naxçıvandan keçməsi nəzərdə tutulan etibarlı yol heç də sərhədləri dəyişdirməyəcək. Sərhəd də, yolun, tunelin və ya körpünün keçəcəyi torpaq da yenə Ermənistanındır, sadəcə, oradan keçməklə naxçıvanlılar öz ana vətənləri ilə quru yolla qovuşacaqlar və bu, transmilli tranzit yoluna çevriləcək. O yolun regionun demoqrafik balansına heç bir təsiri yoxdur.

İranlı nazir əvəzinin sözlərindən isə elə çıxır ki, Zəngəzur dəhlizi açılan kimi azərbaycanlılar kütləvi şəkildə köçərək dəhlizin o üzündə, bu üzündə yaşayış məskənləri salacaqlar və torpaq nahiyəsi Ermənistanın əlindən çıxacaq, nəticədə bu ölkənin İranla sərhədi olmayacaq.

İran xarici işlər nazirinin vəzifəsini onun müavini icra edəcək -  TurkicWorld

Bu paranoidal iddianı ilk dəfə kim səsləndirib, bəlli deyil, amma günümüzdə həm Ermənistandakı siyasi qüvvələrin, həm də İranın bəzi siyasətçilərinin tez-tez “sərhədlərin dəyişdirilməsi”ndən danışması göstərir ki, bu perspektivə inananlar çoxdur.

Belə anlaşılır ki, ermənilərdən fərqli olaraq, əslində İran tərəfi məsələnin məğzindən xəbərdardır və daha praqmatik (ancaq zərərli) düşünür. Tehran əslində Ermənistanın Mehri rayonun 40 kilometrlik ərazisindən keçərək türk dünyasını birləşdirəcək yola qarşıdır. İran rəsmiləri bu yolun startda Türkiyə və Azərbaycan arasında yükdaşımaları intensivləşdirəcəyini, ticarət dövriyyəsini artıracağını, Naxçıvanı blokadan qurtaracağını, daha sonra Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan kimi ölkələrlə əlaqələri genişləndirəcəyini bilirlər və bunu istəmirlər.

Naxçıvan turizm zonası - Azerbaijan.az

Bu arada daha bir xəbər var. Adətən, hansısa İran rəsmisinin Azərbaycanın maraqlarına zidd olan bir açıqlama verməsilə Tehranın ermənilərə növbəti revaransı paralel gedir. Bu dəfə yayılan xəbərdə qeyd olunur ki, Təbrizdə erməni muzeyi açılacaq, çünki o, ermənilərin ən sıx yaşadığı şəhərlərdəndir. Görünür, bu tip addımlar Azərbaycana təzyiq məqsədi güdür, onu tarazlıqdan çıxarmağa hesablanır.

Bir sözlə, iki şiə-müsəlman ölkəsinin arasında gah yumşalan, gah gərginləşən münasibətlər cənub ölkənin rəsmi şəxslərinin mövqeyi üzündən növbəti dəfə sınağa çəkilir. Ancaq ümid onadır ki, Tehranın “erməni sevgisi” kürəyindən xaç saplaqlı xəncər yeyəndə sona çatacaq.

Musavat.com

11.06.2024 17:15
1669