ABŞ dövlət katibinin müavini Elison Hukerin Ermənistana səfəri zamanı “Tramp yolu”u (Zəngəzur dəhlizi) ilə bağlı ikitərəfli işçi qrupların fəaliyyətə başladığı elan edilib. Qrupun məqsədi tarixi sammitdə qəbul edilmiş ikitərəfli razılaşmaları həyata keçirməkdir.
Maraqlıdır ki, bu ərəfədə İrəvanda dəhlizin icarə müddəti ilə bağlı da müzakirələr açılıb. Baş nazir Nikol Paşinyan bildirib ki, dəhlizin layihəsi üçün iki mümkün model müzakirə olunur: marşrutun 49 il və ya 99 illik icarəyə verilməsi. Onun sözlərinə görə, bu model “tikinti hüququ”nu nəzərdə tutur. Yəni investor (ABŞ və ya ABŞ ilə əlaqəli konsorsium) marşrutun tikintisi, inkişafı və idarə olunması üçün uzunmüddətli hüquqa malik ola, amma torpaq “daşınmaz əmlak” kimi Ermənistanın suverenliyi altında qala bilər. (Mənbə: Bakı-xeber.com)
Paşinyan vurğulayıb ki, Ermənistanın suverenliyi zərbə almamalıdır: “İcarə” sözü burada suverenliyin tam itirilməsi mənasında deyil, daha çox texniki-iqtisadi model kimi istifadə edilir. Paşinyan deyir ki, bu cür uzunmüddətli razılaşmalar Ermənistanda əvvəllər də olub - hava limanları, su təchizatı kimi sahələrdə.
Bəzi mənbələrə görə, razılaşmada “99 illik icarə” ifadəsi “inkişaf hüququ” mənasını daşıyır. Yəni ABŞ konsorsiumu marşrutu 99 il müddətinə inşa edə, yeniləyə və idarə edə bilər.
Ağ Evdə 2025-ci il avqustun 8-də imzalanan üçtərəfli bəyannamədə Tramp və tərəflər “99 il” sözünü istifadə ediblər, amma bu, daha çox “inkişaf və idarəetmə hüququ” kimi təqdim olunur, tam mülkiyyət və ya suveren ərazi verilməsi kimi deyil. Trampın özü bildirib ki, marşrut “ABŞ-nin xüsusi şirkətinə icarəyə verilib”, yəni kommersiya və strateji layihə olaraq planlaşdırılır.
Erməni baş naziri bəyan edib ki, “torpaq mülkiyyəti” Ermənistanındır və 99 illik icarə razılaşması ilə tam suverenlik ötürülməyib. Paşinyan “49 və ya 99 il” icarə modelinin müzakirə olunduğunu deyib, amma bu, hələ tam yekun razılaşma mənasına gəlmir, daha çox danışıqlar mərhələsidir. Tramp isə “99 il” ifadəsini işlədib, amma bu, “mən 99 il tam ərazini götürürəm” mənasında olan sadə bir iddia deyil, söhbət inkişaf hüququndan, idarəetmə modelindən gedir.
![]()
Qabil Hüseynli
Politoloq Qabil Hüseynli Ermənistanın Zəngəzurla bağlı yeni manipulyasiya etdiyini düşünür. Onun qənaətinə görə, Paşinyan 49 il məsələsini dövriyyəyə buraxmaqla növbəti oyuna başlayır: “Bu haqda Ağ Evdə heç bir razılaşma olmayıb. Trampın iştirak etdiyi tarixi zirvədə dəhlizin 99 il müddətinə icarəyə verilməsi razılaşdırılıb. İndi İrəvanda Paşinyan ayrı sözlər deməyə başlayıb. Deməli, ona pıçıldayıblar ki, razılaşmanı pozmağa yönəlik mövqedən çıxış etsin. Şübhəsiz, bizim üçün müddət indiki halda ciddi əhəmiyyət kəsb etmir. Azərbaycandan Azərbaycana keçid prioritet məsələdir və Ermənistan öhdəliyini yerinə yetirməlidir. Buna qədər isə yolun ABŞ şirkətinə 49, yoxsa 99 il müddətinə icarəyə verilməsi artıq tərəflərin öz işidir”.
Bununla yanaşı, Q.Hüseynli hesab edir ki, Ermənistan hakimiyyəti “iki stul” siyasəti yürüdür və bu addımları bir gün öz başına bəla olacaq: “İrəvan əvvəlcə üçtərəfli razılaşmanı yerinə yetirmədi və 9-cu bəndin tələbini icra etmədi. Azərbaycan da maraqlı deyildi ki, yola nəzarət ruslarda olsun. Ardınca Vaşinqtonda 8 avqust anlaşması əldə edildi və dəhlizin ABŞ şirkətinə 99 il müddətinə verilməsi razılaşdırıldı. İndi bu məsələdə də 49 il söhbəti tirajlanır. Məncə, Nikol ikibaşlı oyuna gedir və cəzasını da özü çəkə bilər. Ona görə Paşinyan iqtidarı ağlını başına yığmalıdır. Onun ABŞ və Rusiya arasında oyunları böyük fəsadlar yarada bilər. Lakin o da var ki, Zəngəzurla bağlı bir hərəkətlilik müşahidə olunur. Bütün hallarda yolun ABŞ şirkətində olacağı şübhə doğurmur. Tramp komandası da tələsir və dövlət katibinin müavini bölgəyə təsadüfən gəlməyib. Çünki Rusiyanın zəif vaxtında biznesmen Ağ Ev başçısı Orta dəhlizlə bağlı addım atmaq istəyir. Trampı gəlirlər maraqlandırır. Ermənistan isə bu geoiqtisadi layihədə kiçik fiqurdur və ciddi əngəl yarada bilməz”.

Elxan Şahinoğlu
Siyasi ekspert Elxan Şahinoğlu başqa bir prizmadan yanaşaraq təhlil edir ki, Paşinyan “Tramp marşrutu”nun işə düşməsindən əvvəl Azərbaycanla elektrik ötürücü xətlərinin ilə qaz kəmərinin tikintisini reallaşdırmaq istəyir: “Bu, Azərbaycanın maraqlarına uyğundurmu? Əlbəttə, Ermənistan iqtisadi baxımdan nə qədər Azərbaycan və Türkiyədən asılı vəziyyətə düşərsə, bu, ölkəmiz və bölgəmiz üçün faydalı olacaq. Bu mənada Azərbaycan gələcəkdə Ermənistana qaz sata bilər. Ancaq bunun reallaşması üçün iki ölkə arasında sülh sazişi imzalanmalıdır. Əgər Paşinyan elektrik və qaz nəqlini erkən reallaşdırmaq istəyirsə, parlament seçkilərini erkən tarixə təyin etməli və referendum keçirərək konstitusiyanı dəyişdirməlidir. Bu halda gələn il dəhlizin tikintisi ilə yanaşı qaz xəttinin bərpasının da şahidi ola bilərik”.
Dəhlizə gəldikdə isə E.Şahinoğlunun sözlərinı görə, Paşinyan bu məsələni bütövlüklə ABŞ-yə yükləyib: “Paşinyan "Tramp marşrutu"nun uzunmüddətli icarəyə verilməsi ilə bağlı iki variantdan birini seçəcək - ya 49 illik, ya da 99 illik müqavilələri imzalanacaq. Hər iki variant dəhlizə ABŞ-nin nəzarətini nəzərdə tutur. ABŞ dəhliz üçün gərəkli olan maliyyənin bir hissəsini ayırıb. Buna baxmayaraq, Paşinyan tikintini 2026-cı ilin ikinci yarısında başalayacağına ümid edir. Tikintinin hansı tarixdə başlayacağı və sürəti Vaşinqtonun atacağı addımlardan asılı olacaq".
Qeyd edək ki, ABŞ, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşündə razılıq edilən əldə məsələlərdən biri də Zəngəzur dəhlizi olub. Naxçıvanla Azərbaycanın qalan ərazisini Ermənistan üzərindən birləşdirəcək bu 42 kilometrlik yol ABŞ şirkətinə həvalə ediləcək və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu adlanacaq. Prezident Donald Tramp bildirib ki, yol 99 illiyinə icarəyə veriləcək, amma sonradan daha 99 il uzadılacaq. Halbuki İkinci Qarabağ müharibəsi bitəndən bəri Azərbaycanla Ermənistan bu nəqliyyat yolu ilə bağlı heç cür ortaq məxrəcə gələ bilmirdi.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”