“Namaz qılmayanda döyürlər” - Əfqanıstan qazaxlarının həyatı sənədli filmdə

“Jalgız Jolauşı” adlanan YouTube kanalında Əfqanıstanda yaşayan qazaxlar haqqında sənədli film yayılıb.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, film əfqan qazaxlarının real həyatını göstərir. Qazax kəndinin sakinləri bildiriblər ki, “Taliban”çılar onlara dombra çalmağı qadağan ediblər. Uşaqlar məktəbə getmirlər, ona görə də yaza, oxuya və saya bilmirlər. Amma Quran dərslərinə getmələri məcburidir. Şəriət qanunları ilə yaşayırlar.

“Sən dombra çala bilmirsən. Deyirlər ki, bu, şəriət qanunları ilə qadağandır. Dombra çaldığımızı görsələr, döyürlər. Namaz qılmırsansa, saqqal saxlamırsansa, döyürlər. Mollalar soruşurlar ki, kim namaz qılır, kim qılmır. Hamı yoxlanılır. Əgər kiminsə qılmadığını bilsələr, hətta həbsxanaya da sala bilərlər”, - kişilər danışır.

Həmçinin Əfqanıstan qazaxları qeyd edirlər ki, qazax dilində əsasən yaşlılar danışır, gənclərin, demək olar ki, hamısı ana dilini itirib.

“Biz qazax dilini unutmuşuq. İndi biz özbək, fars və əfqan dillərində danışırıq. Atalarımız qazax dilini bilir, biz isə unutmuşuq”, - Aday qəbiləsindən olan yerli qazax İsmayıl deyir.

Filmin müəllifi Sənət İlyasov bildirib ki, qadınların insanların çox olduğu yerlərdə işləməsi qadağandır, onlar evdə qalırlar, çölə çıxmırlar.

Cavan oğlanlar üçün qazax arvad tapmaq çətindir. Ona görə də valideynlər oğullarına başqa millətlərin qızlarını alırlar.

Musavat.com

 

14.06.2024 14:17
558