Ukrayna Ali Radasının qalmaqallı deputatı Oleksiy Qonçarenko Rusiyaya güzəştə getmək və Moskva ilə sülh danışıqlarına başlamaq çağırışlarından sonra mənsub olduğu "Avropa Həmrəyliyi" fraksiyasından xaric edilib.
Musavat.com xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti rəsmi bəyanat yayıb.
Partiyadan bildirilib ki, siyasi müzakirələrə açıq olsalar da, ölkənin strateji kursu və təməl dəyərləri - güclü ordu, Ukrayna dili, müstəqil kilsə, Aİ və NATO-ya üzvlük məsələləri alver mövzusu ola bilməz.
Qonçarenkonun son bəyanatları isə partiyanın ideoloji prinsiplərinə kökündən ziddir.

Qonçarenko nə deyib?
Xatırladaq ki, deputat sosial şəbəkə hesabında şok paylaşım edərək müharibənin davam etdirilməsinin Ukrayna üçün fəlakət olduğunu iddia edib:
"Biz müharibəni uduzuruq, böyük insan itkiləri veririk. Hətta ölkənin fəaliyyətini saxlamaq üçün öz pulumuz yoxdur, iqtisadiyyatı itiririk. Rusiya ilə neytrallığı, NATO-dan imtinanı, sanksiyaların ləğvini, rus dilinin və kilsəsinin statusunu, eləcə də Donbas məsələsini müzakirə etməliyik".
Qonçarenkonun bu təslimçi bəyanatları Ukrayna ictimaiyyətində böyük qəzəb doğurub. Rusiya mediası isə deputatın sözlərini dərhal tirajlayaraq Kiyevin təslim olmağa başladığının sübutu kimi təqdim edib.
İqbal RZAYEV,
Musavat.com