"Müəllimlərin işə qəbulu və sertifikatlaşdırma imtahanlarında oxuyub-anlama bacarığına daha çox diqqət yetirilə bilər".
Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Nazir PISA nəticələrinin Azərbaycan təhsilində oxuyub-anlama bacarığının gücləndirilməsinə ehtiyac olduğunu göstərdiyini deyib. Onun sözlərinə görə, bu istiqamətdə işlər ibtidai təhsil səviyyəsindən başlanmalıdır:
“Oxu bacarıqlarına diqqətimiz artmalıdır və bu, ibtidai təhsildən başlamalıdır. Səkkizinci və doqquzuncu sinifdə oxuyan 13–15 yaşlı şagirdin oxu bacarığını inkişaf etdirmək ibtidai sinif şagirdi ilə müqayisədə daha çətindir”.
Nazir hesab edir ki, bu istiqamət təkcə şagirdlərin buraxılış və qəbul imtahanlarında deyil, müəllimlərin qiymətləndirilməsində də nəzərə alınmalıdır: “Bizim üçün çox vacibdir ki, müəllimlərin işə qəbulu, sertifikatlaşdırma, eləcə də qəbul və buraxılış imtahanlarında vahid çərçivəyə gəlib oxuya daha çox diqqət yetirək. Bu, həm qiymətləndirmə, həm məzmun, həm də tədris baxımından həyata keçirilməlidir”.
E.Əmrullayev vurğulayıb ki, imtahanlarda hansı bacarıqlara daha çox yer verilirsə, müəllim və şagirdlərin hazırlığı da əsasən həmin istiqamətə yönəlir.
Cebhe.info qeyd edir ki, nazirin açıqlaması MİQ və sertifikatlaşdırma imtahanlarının formatının dəyişdirilməsi ilə bağlı qəbul edilmiş rəsmi qərar deyil. Söhbət oxuyub-anlama bacarığının gələcək qiymətləndirmələrdə payının artırılması istiqamətindən gedir.
Bəs müəllimlərin işə qəbulu imtahanlarında oxuyub-anlama bacarığına daha çox yer verilməsi MİQ-in çətinləşməsinə və müəllimlərin işə qəbulunda rəqabətin daha da artmasına səbəb ola bilərmi?
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Müəllimlərin İşə Qəbulu imtahanlarında oxuyub-anlama bacarıqlarının ölçülməsinə üstünlük verilməsi imtahanın mexaniki çətinliyini deyil, konseptual və analitik keyfiyyət standartını artıracaqdır. Bu isə təbii olaraq rəqabətin xarakterini dəyişdirərək təhsil sistemində “hafizəyə əsaslanan təhsildən təfəkkürə əsaslanan təhsilə” keçidi sürətləndirəcəkdir.
Elm və təhsil naziri Emin Əmrullayevin PISA nəticələrinə istinadən səsləndirdiyi bu strateji yanaşma milli təhsilin funksional savadlılıq indeksini yüksəltməyə yönəlmiş institusional bir zərurətdir. Pedaqoji ölçmə və psixometriya elmi baxımından bu dəyişiklik imtahanların subyektiv surətdə çətinləşdirilməsi anlamına gəlməməlidir. Bu addım, ilk növbədə, qiymətləndirmənin sadə informasiya tapmaq mərhələsindən PISA oxu bacarığının ölçdüyü hər üç idraki səviyyəyə — informasiyanın tapılması, mətnin interpretasiyası (şərhi) ilə inteqrasiyası və mətnin refleksiyası ilə dəyərləndirilməsi səviyyəsinə qaldırılması deməkdir".
Fəlsəfə doktorunun fikrincə, bu dəyişiklik mövcud imtahan sistemində eyni test toplularını təkrarən işləməklə formalaşan yüksək balların qruplaşması problemini və testlərin namizədləri fərqləndirmə gücünün zəifləməsini ortadan qaldıracaqdır: "Beləliklə, mexaniki hazırlıq yerini mətndəki gizli mənaları, səbəb-nəticə əlaqələrini interpretasiya edə bilən intellektual və analitik üstünlüyə malik namizədlərin keyfiyyət rəqabətinə verəcəkdir.
Pedaqogikada mövcud olan “imtahanın tədrisə təsiri” qanunauyğunluğuna əsasən, qiymətləndirmə çərçivəsinin bu istiqamətdə dəyişməsi müəllim heyətinin öz üzərində işləməsini stimullaşdıracaqdır. Çünki özü oxuduğunu dərindən analiz edə bilməyən bir pedaqoqun şagirddə bu təməl bacarığı formalaşdırması qeyri-mümkündür. Düşünürəm ki, oxu bacarıqlarının inkişafı təkcə imtahan çərçivəsi ilə məhdudlaşmamalı, eyni zamanda məktəb dərsliklərinin məzmununda analitik mətnlərin payının artırılması ilə dəstəklənməlidir.
Sözügedən institusional dəyişikliyin tam və dayanıqlı olması üçün bu yanaşma mütləq şəkildə müəllim kadrları hazırlayan ali təhsil müəssisələrinin kurikulumlarına da inteqrasiya edilməlidir. Universitetlərdə pedaqoji proqramların yenilənməməsi imtahan prosesində ciddi problemlər yarada bilər. Belə ki, ali təhsildəki müəllim hazırlığı fəlsəfəsinin MİQ tələblərinə uyğunlaşdırılması təhsil pillələri arasında varisliyi və funksional tamlığı təmin edən əsas amildir".
İlqar Orucova görə, beynəlxalq təcrübə və təhsiltutumlu ölkələrin yanaşmaları da bu islahatın qlobal miqyasda qəbul olunmuş bir model olduğunu təsdiqləyir: "Məsələn, ABŞ-da müəllimlik hüququ qazanmaq üçün keçirilən “Praxis Core” imtahanının əsas sütunlarından birini xüsusi olaraq hazırlanmış analitik oxu bloku təşkil edir. Digər bir nümunə kimi Finlandiya modelini göstərmək olar. Dünyanın ən uğurlu təhsil sistemlərindən birinə malik olan Finlandiyada müəllim namizədləri bakalavr və magistr səviyyəsində akademik mətnləri ciddi süzgəcdən keçirmək və tədqiqat aparmaq öhdəliyi daşıyırlar. Dərsliklərlə bağlı əməkdaşlıq etdiyimiz Sinqapurda isə gələcək müəllimlər 15 yaşlı şagirdlərin qlobal PISA imtahanlarında tətbiq olunan mətnlərarası əlaqələndirmə və qiymətləndirmə standartlarına uyğun olaraq yetişdirilirlər.
Fikrimcə, MİQ imtahanlarında oxuyub-anlama blokunun genişləndirilməsi əzbərçi namizədlər üçün rəqabəti çətinləşdirsə də, bu yanaşma dövlət imtahan sistemini beynəlxalq standartlara (PISA, PIRLS) uyğunlaşdıracaq, ali təhsil müəssisələrini müəllim hazırlığı proqramlarını yeniləməyə sövq edəcək və Azərbaycan təhsilində problem olaraq özünü göstərən anlayaraq öyrənmə böhranını kökündən həll etməyə və beləliklə, funksional savadlılığa və tənqidi təfəkkürə əsaslanan modelə keçidə xidmət edən effektiv bir seçim alətinə çevriləcəkdir”.
Afaq Mirayiq,
Musavat.com