Azərbaycanda mənzil alan vətəndaşların tez-tez üzləşdiyi əsas problemlərdən biri ödəniş etdikləri mənzilin sahəsi ilə çıxarışda göstərilən kvadratmetr arasında uyğunsuzluğun yaranmasıdır. Praktikada bir çox hallarda alqı-satqı müqaviləsində qeyd olunan sahə ilə sonradan təqdim edilən çıxarışdakı göstəricilər üst-üstə düşmür.
Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti-nin sədri Vüqar Oruc bildirir ki, Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən mənzil satışı zamanı vətəndaşla bağlanan ilkin müqavilədə mənzilin ümumi sahəsi hesablanarkən tikintialtı sahə də nəzərə alınır. Bu isə sənədlərdə mənzilin real istifadə sahəsindən daha böyük göstərilməsinə səbəb olur. Lakin tikinti başa çatdıqdan və mənzil Dövlət Əmlak Reyestri Xidməti tərəfindən qeydiyyata alınaraq çıxarış təqdim edildikdə yalnız yaşayış və faktiki istifadə edilən sahə əsas götürülür. Nəticədə müqavilədə göstərilən sahə ilə çıxarışda qeyd olunan kvadratmetr arasında fərq yaranır.
Bu fərq isə vətəndaşın faktiki olaraq istifadə etmədiyi sahəyə görə ödəniş etməsi deməkdir ki, bu da haqlı olaraq MTK-ların fəaliyyətində şəffaflıq və hüquqi əsaslar barədə suallar doğurur.
Mövcud vəziyyət belə bir sualı aktuallaşdırır: müqavilə bağlanarkən vətəndaşa təqdim edilən sahənin sonradan dəyişməsi texniki ölçmə fərqindən irəli gəlir, yoxsa bu, sistemli şəkildə tətbiq olunan kommersiya manipulyasiyasıdır?
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Musavat.com-a açıqlamasında bildirib ki, bu cür halların qarşısını almaq üçün alqı-satqı müqavilələrində mənzilin yaşayış və ümumi sahəsi ayrıca göstərilməli, tikintialtı sahə üzrə hesablamalar isə vətəndaşa əvvəlcədən aydın şəkildə izah olunmalıdır: “Bu problem əslində bütün MTK-larda var. Tikinti şirkətləri mənzili tikinti sahəsi ilə satırlar. Mühəndis sənədlərində sahələr qeyd olunur və satış şöbəsi satışını bu sənədə istinadən aparır. Lakin çöl və ara divarları, havalandırma xətti nəzərə alınmır. Bütün tikinti şirkətlərində bu problem özünü göstərir.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsi tikinti obyektlərinin layihələndirilməsi zamanı sahələrin və həcmlərin hesablanması qaydalarını tənzimləyir. Bu maddəyə əsasən, mənzilin daxili içindəki divarlar hesablanmadan hesabat aparılmalıdır. Balkon sahəsi isə əmsalla hesablanmalıdır.
Buna əməl edilmədiyi üçün vətəndaş mənzili alarkən onun sahəsində belə fərqlərlə qarşılaşır. MTK-lar adətən çöl və iç divarları tam, qonşu ilə olan divarı isə yarıbayarı sayırlar. Problem bundan qaynaqlanır”.
Ekspert bildirir ki, vətəndaşlar bunun qarşısını almaq üçün məhkəməyə müraciət edə bilər:
“Hər bir vətəndaşın məhkəməyə müraciət etmək hüququq var. Hətta məhkəmələrdə qalib gələn vətəndaşlar tanıyıram. Vətəndaş qanunu əsas gətirib tikinti şirkəti ilə əvvəldən müqavilə bağlamalıdır. MTK-lar adətən öz maraqlarına uyğun müqavilə təqdim edirlər. Vətəndaş tələb edə bilər ki, orada dəyişiklik edilsin və ya onun da maraqlarına cavab versin”.
Şahanə Rəhimli
Musavat.com