Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür – ŞƏRH

Otuz bir il əvvəl Ulu Öndər Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə qayıdışı ilə respublikamızın həyatında yeni inkişaf dövrünün əsası qoyuldu. Həmin gün Azərbaycan xalqının taleyində böyük əhəmiyyət kəsb edir. Çünki məhz həmin günlərdə respublikamızın gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyuldu. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Tarixə qızıl hərflərlə yazılmış iyunun 15-i xalqımızın, Vətənin, millətin əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında və əbədiyyətə çevrilməsində xidmətləri olan, ürəyi daim xalqı ilə döyünən Heydər Əliyevdir. Bu gün Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada dayanması, dünya birliyində qalib ölkə kimi tanınmasının əsası Milli Qurtuluş Günü qoyulub.

Musavat.com xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Tanınmış hüquqşünas deyib ki, Milli Qurtuluş Günündən başlanan azadlıq, suverenlik, inkişaf, tərəqqi yolu 2020-ci il noyabrın 10- da özünün pik həddinə çatdı. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları üçtərəfli Bəyanat ölkəmizi dünyada Qalib, Ermənistanı isə məğlub dövlət kimi tanıtdı. Bu, həm də işğalçı ölkənin təslimçilik aktı idi. Bu Qələbənin başlanğıcı 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi gün qoyulmuşdu. Bu yol 2023-cü ilin sentyabrın 19-da Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün bərpa edilməsi ilə son nöqtəni qoydu. Həmin gün Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuz Qarabağda bir günlük lokal xarakterli antiterror əməliyyatı aparmaqla separatizmin kökünü birdəfəlik kəsdi. Həmin vaxtdan Azərbaycan dünya birliyində bütöv, suveren dövlət kimi tanınır. Bu tarixi uğurun başlanğıcı məhz Milli Qurtuluş Günü qoyulub. Həmin gün Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə rəhbərliyə başlaması ölkənin tarixinə həm də böyük xilaskar kimi düşüb.

Ç.Qənizadə deyib ki, XX əsrin sonlarında SSRİ-nin süqutundan sonra Azərbaycanın müstəqilliyini bərpa etməsi tarixi fürsət oldu. Lakin həmin vaxt respublikamıza dövlət idarəçiliyində səriştəsi olmayan insanların rəhbərliyi xalqın qanı bahasına əldə edilmiş müstəqilliyi addım-addım uçuruma yaxınlaşdırırdı. Ölkəyə rəhbərlik edənlərin birincilik davası nəticəsində Azərbaycan qısa vaxtdan sonra müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Vəziyyət getdikcə ağırlaşırdı və 1993-cü ilin iyununda hakimiyyət böhranı kulminasiya həddinə çatdı. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı hədəfə aldı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Bu lider dövlət idarəçiliyində zəngin təcrübəyə malik, xalqı arxasınca aparmağa qadir olan Ulu Öndər Heydər Əliyev idi. Həmin vaxt hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Ovaxtkı iqtidar da siyasi böhranın getdikcə dərinləşdiyini hiss edib Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət etdi.

Tanınmış hüquqşünas deyir ki, artıq Gəncədə qardaş qanı axıdılmış, silahlı toqquşma baş vermişdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev Bakıya qayıtdı və daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

Hüquq müdafiəçisi bildirib ki, iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Həmin gün keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Ulu Öndər qətiyyətlə bildirmişdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”. Həmin vaxtdan başlanan köklü islahatlar, qeyri-qanuni silahlı birləşmələrin ləğvi, ölkədə hüquqi, sivil dövlətçiliyin formalaşdırılması yolunda aparılan qətiyyətli mübarizə, müstəqil Azərbaycanın beynəlxalq aləmə sürətli inteqrasiyası müstəqilliyimizin möhkəmləndirilməsini təmin edən qanunların qəbul edilməsi respublikamızın əlaqələrini getdikcə genişləndirirdi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Ç.Qənizadə Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin həyata keçirilməsindən də söhbət açıb. Deyib ki, bunun nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı. Digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Azərbaycan tədricən nüfuzlu beynəlxalq təşkilatların üzvü oldu, hətta bəzi qurumlara uğurla rəhbərlik etdi.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsinin müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verdiyini deyən tanınmış hüquqşünas Azərbaycanın dünyada nüfuzunun artdığından söhbət açıb. Deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dünyanın sayılıb-seçilən dövlətlərindən biridir. Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordularından biridir. Prezident İlham Əliyevin daxili və xarici siyasəti uğurla həyata keçirməsi, bu işdə ona həmişə arxa-dayaq olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ermənistan üzərindəki möhtəşəm Qələbəmizdən sonra Azərbaycanın dünya birliyindəki reytinqi daha da yüksəlib. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma, tikinti-abadlıq işlərinə heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

“Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və heç zaman da unutmayacaq. Çünki bu əmin-amanlığın, sabitliyin, firavan günlərin və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının əsası məhz Milli Qurtuluş Günü qoyulub. Ona görər də 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edirik”, - deyə Ç.Qənizadə bildirib.

14.06.2024 10:27
423