Türkiyədə “Aishe” səhnə adı ilə tanınan rep ifaçısı Tuğçe Ayşe Gülər vəfat edib.
Musavat.com xəbər verir ki, acı xəbəri sənətçinin qardaşı sosial şəbəkə hesabında paylaşıb.
Qardaşı ölümün səhlənkarlıq nəticəsində baş verdiyini iddia edib. Onun sözlərinə görə, Tuğçe Ayşe Gülərin qulaq infeksiyası ilə bağlı müalicəsi zamanı yaranan ağırlaşmalar faciə ilə nəticələnib. Məsələ ilə bağlı rəsmi qurumlar hələlik yekun açıqlama verməyiblər.
Aishe Türkiyənin müstəqil rep səhnəsinin tanınan gənc simalarından biri idi. O, rep və alternativ R&B üslubunda ifa etdiyi mahnılarla dinləyicilərin rəğbətini qazanmışdı. Yaradıcılığında daha çox şəxsi hisslər, həyatın çətinlikləri və sevgi mövzularına yer verirdi.
Gənc sənətçinin vəfatı pərəstişkarları və musiqi ictimaiyyəti arasında böyük kədər yaradıb. Ailəsi isə ölümün bütün təfərrüatlarının araşdırılmasını və məsul şəxslərin müəyyən edilməsini tələb edir.
Musavat.com