Mental xəstəliyimiz - azyaşlılara niyə maşın sürmək öyrədirik?

Balaca uşağı öncə qucağımızda, sonra sükan arxasında sürücülüyə öyrədirik, sonda isə... 

Xüsusən yay fəslinin gəlişi ilə yolda-izdə azyaşlı övladlarına maşın sükanını etibar edən valideynlərin sayında bir artım müşahidə olunur. Dəniz sahilində, boş yollarda, rayon yerlərində valideynlər nəyə görəsə xüsusən də azyaşlı oğlan övladlarına maşın sürməyi öyrədirlər. Öncə ibtidai bilik və vərdişləri mənimsəyən uşaqlar az sonra müstəqil maşın idarə etmək sevdası ilə valideynlərinin maşınını qaçırırlar. Dəfərlərlə azyaşlının öz valideyninin maşınını qaçırdığı zaman qəzaya uğradığı, adam vurduğu ilə bağlı məlumatlar yayılıb. Azərbaycan qanunvericiliyində bu məsələ necə əks olunur? Övladlarımıza hansı yaşdan sonra maşın etibar etməliyik? 

Hüquqşünas Ərşad Hüseynovun bu məsələ ilə bağlı maraqlı bir şərhi var. Onun sözlərinə görə, 18 yaşına çatmamış şəxsin sürücülük vəsiqəsi ola bilməz. Belə şəxsin avtomobil sürərək qaydanı pozması və ağır nəticəli qəza törətməsi Cinayət Məcəlləsinin (CM-in) 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb ola bilər. Lakin CM-in bu maddəsi üzrə məsuliyyətə yalnız yaşı 16-nı keçmiş şəxslər cəlb edilə bilərlər. Deməli, 15 yaşında uşaq qəza törədərək 5 adamı da öldürsə, bu maddə üzrə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Nəqliyyat vasitəsini qaçırma məsələsi isə tamam başqadır. Bu əmələ görə CM-in 185-ci maddəsi cinayət məsuliyyəti nəzərdə tutur. Bu cinayətin subyekti olmaq üçün 14 yaş kifayətdir. Özü də uşaq öz atasının maşınını da ondan icazəsiz sürüb aparsa, bu əməl CM-in 185-ci maddəsinin tərkibini yarada bilər. Deməli, 15 yaşlı uşaq valideyninin avtomobilini qaçıraraq ağır qəza törədərsə, həmin qəzaya görə yox, məhz avtomobili qaçırmaya görə cinayət məsuliyyətinə cəlb ediləcək: “Özü də bu halda avtomobilə qəzada 1000 manatdan 7000 min manatadək ziyan dəyərsə, həmin uşaq 2 ildən 5 ilədək, 7000 manatdan çox ziyan dəyərsə, 5 ildən 10 ilədək azadlıqdan məhrum edilə bilər. Yəqin ki, uşağının törətdiyi qəzada özünü təmizə çıxarmaq istəyən valideyn bunu bilsə, belə bəyanat verməz və səmimi şəkildə etiraf edər ki, maşınımı uşağa elə özüm vermişəm, özü də bu birinci dəfə deyil, dəfələrlə vermişəm. Əslində uşağın öz valideyninin avtomobilini qaçırmasını sübut etmək və həmin uşağı buna görə cinayət məsuliyyətinə cəlb etmək də tutarlı sübutlar olduqda mümkündür. Amma belə məsuliyyətsiz valideynlər onsuz da öz yeniyetmə övladlarının cinayət xarakterli əməllərinə görə maddi məsuliyyət daşıyırlar. Yəni bu hadisədə zərərçəkmişlərə dəyən mənəvi və maddi ziyanı kompensasiya etməyə borcludurlar. Bununla belə, bu tipli hadisələr çox təhlükəli yanaşmalardan xəbər verir. Bəzi valideynlər öz yeniyetmə övladlarına avtomobil idarə etməyi öyrədirlər. Əslində yolda belə yeniyetməyə avtomobil verilməməsi şərti ilə bu, pis iş deyil. Lakin bəziləri bir az da qabağa gedərək həmin yeniyetməyə mütəmadi olaraq avtomobili yolda sürməyə imkan yaradırlar. Nəticəsi isə bəzən belə ağır faciələrdə ifadə olunur”.

Ə.Hüseynov eyni zamanda bu məsələ ilə bağlı qanunvericiliyimizdəki ciddi boşluğa da toxunub. Onun bildirdiyinə görə, avtomobil sahibinin öz avtomobilini sürücülük hüququ olmayan şəxsə (o cümlədən övladına) verməsi və onun inzibati xəta xarakterli qəza törətməsi halında bu avtomobilin sahibinin inzibati məsuliyyəti var. İXM-in 152-3.3-cü maddəsində belə hala görə avtomobil sahibi 180 manat cərimə edilir. Amma avtomobil sürücülük hüququ olmayan şəxsə verildikdə və həmin şəxs cinayət xarakterli qəza törətdikdə avtomobil sahibinin heç bir cinayət məsuliyyəti yoxdur. Açığı, şəxsən mən repressiv tədbirlərin sərtləşdirilməsinin tərəfdarı deyiləm. Amma belə hadisələr barədə eşidəndə bu kimi məsuliyyətsiz avtomobil sahibləri üçün cinayət məsuliyyətinin labüdlüyü aşkar görünür. Məncə, belə əməl üçün cinayət məsuliyyəti nəzərdə tutulsa, məsuliyyətsiz valideynlər öz avtomobillərini yeniyetmə uşaqlarına verməmək üçün daha ciddi olarlar.

Nəqliyat ekspertləri isə bildirirlər ki, sürücülük vəsiqəsinin alınması üçün hər kəsə müəyyən yaş məhdudiyyəti qoyulur. Belə ki, qanunvericiliyə görə, avtobus sürücülərinin də yaş məhdudiyyətləri var. Çünki onlar təcrübəli olmalıdırlar. Bəzi yerlərdə vərdişləri öyrənmək və hərəkətin təhlükəsizliyinə mane olmamaq şərti ilə valideynlər uşağın yanında olanda övladlarına maşın sürməyi öyrətməlidirlər. Bu elə də çətin məsələ deyil. Amma avtomobil yollarında, traslarda və  nəqliyyat vasitələrinin çox olduğu yerlərdə sürücülük vəsiqəsi olmayan azyaşlıların maşını sürməsinə icazə verilmir. Hazırda nəqliyyat vasitələrinin sahibləri maşını sürürlər və yaxud müəyyən zəmanətlə başqa adamlar da sürə bilər. Eyni zamanda yanında avtomobil sahibi olan şəxslərin də maşını sürməsinə icazə verilir. Bu şərtlə ki, onun sürücülük vəsiqəsi olsun. Bəziləri azyaşlı uşaqlara maşın verirlər. İndiki halda nəqliyyat vasitəsini sürmək çox rahatdır. Çünki müəyyən avtomatlaşdırılmış sürət qutusudur və yalnız sükanı tuturlar. Amma təhlükə yaranan zaman həmin azyaşlının reaksiyası deyilən vaxt var. Bu zaman müəyyən çətinliklər yaranır. Buna görə də hərəkət sıx olan və nəqliyyat vasitələri başqası ilə kəsilən yerlərdə azyaşlıların maşın sürməsi qadağandır. Bəzi valideynlərə maraqlı gəlir ki övladları sükan arxasında otursun. Bəzi uşaqlar da validyenlərindən xəbərsiz maşını idarə edirlər. Lakin bu böyük təhlükələrə səbəb ola bilər. Əlbəttə, belə halda əsasən valideynlər də cərimələnməlidir. Onlar da məsuliyyətə cəlb edilməlidir. Hər bir valideyn istəyər ki, övladı nəqliyyat vasitəsini idarə etsin. Amma bu zaman müəyyən qayda-qanuna əməl etməlidirlər".

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin yetkinlik yaşına çatmayanların avtomobil idarə etməsi barədə məlumat yayıb. Məlumatda bildirilib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yeniyetmə məktəblilərin müxtəlif vasitələrdən istifadə edərək bəzən gizlin, bəzən də valideynlərinin xəbəri ola-ola avtomobil sürməsi halları mövcuddur: “Bəzi valideynlər özləri övladlarına avtomobil idarə etməyi öyrətdiklərini, onların hər şeyə hazır olduqlarını zənn edir, amma yol hərəkəti qaydalarını bilməyən uşaqlarının ekstremal durumlarda aciz qalacaqlarını, məsələnin nə qədər ciddi olduğunu unudurlar.

Bir uşağın avtomobil sürmək həvəsi həm özünün, həm də valideynlərinin arzularını yarıda qoya bilər. Belə hallara qətiyyən yol vermək olmaz. Bu əməllər qanunla qadağan olunur, məsuliyyət yaradır və eyni zamanda bütün hərəkət iştirakçıları üçün ciddi təhlükə deməkdir. Bir daha valideynləri övladlarını nəzarətsiz qoymamağa çağırırıq".

Hazırladı: Sevinc TELMANQIZI 

30.05.2024 08:37
650