“Mən də könüllü donoram” - Qafqazda ilk ürək köçürmə əməliyyatı edən həkimlə MÜSAHİBƏ

“Bir insanın həyatını xilas etmək bütün insanlığın həyatını xilas etmək deməkdir” – Kamran Musayev

Azərbaycanda hələ də donordan orqan transplantasiyası sahəsində çətinliklər mövcuddur, çox vaxt vəfat etmiş şəxsin yaxınları razılıq vermək istəmirlər. Amma Azərbaycan səhiyyəsi tarixi bir uğura imza atıb – ölkədə və Qafqaz regionunda ilk dəfə donordan ürək transplantasiyası həyata keçirilib.

Mərkəzi Klinikanın baş həkimi, professor Kamran Musayevin rəhbərliyi altında ixtisaslı tibbi heyət uğurlu ürək transplantasiyasını icra edib. Əməliyyat 2006-cı il təvəllüdlü Tovuz sakini gənc xəstəyə uğurla köçürülüb.

Professor Kamran Musayev Musavat.com-a həm bu əməliyyatın detalları, həm də ölkədə donordan orqan transplantasiyası sahəsindəki mövcud problemlər barədə danışıb.

– İlk dəfə olaraq Qafqaz regionunda meyit donor ürəyi transplantasiyasının həyata keçirilməsi tibbi tariximizdə böyük hadisədir. Əməliyyatın ən mürəkkəb mərhələsi nə idi və hansı tibbi risklər nəzərdə tutulurdu?

– Bəli, bu əməliyyat həm Azərbaycanda, həm də ümumilikdə Qafqaz regionunda donordan ürək transplantasiyası ilə bağlı ilk kliniki hal idi. Bu əməliyyatın məhz Mərkəzi Klinikada icra olunması, təbii ki, hamımızı sevindirir. Ürək transplantasiyasının təşkil olunması işin ən çətin və mürəkkəb hissəsidir. Çünki ürək digər bir çox orqanlardan fərqli olaraq yalnız meyit donordan köçürülə bilir. Yəni beyin ölümü təsdiqlənmiş xəstələrdən ürək götürülərək başqa xəstəyə köçürülməlidir.

Respublikamızda bu prosesin təşkilinə 2020-ci ildə cənab Prezidentin təsdiqi ilə Orqan Donorluğu və Transplantasiyası Qanununun yenidən qəbul edilməsindən sonra başlanıldı və 2022-ci ildə Səhiyyə Nazirliyinin nəzdində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi yaradıldı. Məhz bu Mərkəz meyit donorluğu ilə bağlı bütün məsələləri həll etdi. Təxminən iki ilə yaxın qısa müddətdə bütün proses təşkil olundu və bu ilin əvvəlindən etibarən meyitdən alınan digər orqanların da köçürülməsinə başlanıldı.

Ürək transplantasiyasına gəlincə, biz uzun illərdir bu əməliyyata hazırlaşırdıq. Hüquqi baza və digər sosial-təşkilati məsələlər həll olunduqdan sonra ötən ay Mərkəzi Klinikada ürək transplantasiyasını uğurla icra etdik.

WhatsApp Image 2025-11-14 at 15.42.10.jpeg (138 KB)

– Donor ürəyinin uyğunluğunu necə müəyyən etdiniz? Uyğunluq prosesi nə qədər vaxt aldı?

– İlk növbədə donorun müəyyən olunması üçün beyin ölümü həmin xəstədə mütləq təsdiqlənməlidir. Bu, həm xəstənin yerləşdiyi reanimasiya şöbəsinin əməkdaşları, həm də Koordinasiya Mərkəzi tərəfindən təsdiqlənir. Beyin ölümü ilə bağlı Səhiyyə Nazirliyinin qəbul etdiyi konkret meyarlar mövcuddur. Həmin meyarlar əsasında diaqnoz qoyulduqdan sonra Koordinasiya Mərkəzi bizə məlumat verir.

Ürək transplantasiyası üçün xəstələrimiz əvvəlcədən Mərkəzə təqdim olunur və vahid informasiya sistemində onların gözləmə siyahısı yerləşdirilir. Sistem Səhiyyə Nazirliyinin tam nəzarətindədir. Donorun tibbi məlumatları həmin siyahıdakı xəstələrin məlumatları ilə qarşılaşdırılır. Birinci uyğunluq meyarı qan qrupudur. Qan qrupu uyğun olduqda digər tibbi kriteriyalar da qiymətləndirilir. Bu mərhələlərdən sonra Koordinasiya Mərkəzi ilə birgə qərar verilir ki, donor ürəyi hansı xəstəyə uyğundur və bundan sonra əməliyyatın praktiki hissəsinə keçilir.

– Ürək köçürülən gənc pasiyentin əməliyyatdan öncəki vəziyyəti necə idi? Hazırda özünü necə hiss edir və reabilitasiya prosesi nələri əhatə edir?

– Xəstəmiz 20 yaşında gənc bir şəxs idi. Kardiomiopatiya - ürək əzələsinin proqressiv şəkildə zəifləməsi ilə xarakterizə olunan xəstəlik - səbəbi ilə ürəyin gücü 15–20 faizə qədər düşmüşdü və ağır ürək çatışmazlığı inkişaf etmişdi. Yaşının gənc olmasına baxmayaraq, son illərdə dəfələrlə xəstəxanaya yatırılmalı olmuşdu. Hətta ani ölüm riskinə görə ona elektroşok cihazı da implant edilmişdi.

Biz bu vəziyyətdə olan xəstəni əməliyyat etdik və əməliyyatdan 10 gün sonra evə yazdıq. Hazırda reabilitasiya dövrü davam edir və Allaha şükür, əməliyyatdan sonrakı proses tam nəzərdə tutulduğu kimi gedir.

– Əvvəldə də vurğuladınız, meyit donor ürəklərinin transplantasiyası ilə canlı donor orqan transplantasiyası arasında əsas tibbi fərqlər nələrdir?

– Doğru qeyd etdiniz, ürək transplantasiyasında canlı donordan istifadə mümkün deyil. Canlı donor üçün orqanın ya cüt olması (məsələn, iki böyrək), ya da bir hissəsinin götürülə bilməsi (məsələn, qaraciyər) tələb olunur.

Ürək isə cüt orqan deyil və onun bir hissəsinin götürülməsi mümkün olmadığından yalnız meyit donorundan istifadə edilə bilər. Buna görə də ürək transplantasiyası üzrə canlı-meyit donor müqayisəsi aparmaq mümkün deyil.

– Orqan donorluğu ilə bağlı ictimai stereotiplər hələ də mövcuddur. Dini və psixoloji səbəblərlə yaxınlar razılıq vermir. Son illərdə bu istiqamətdə hansı dəyişikliklər baş verib? Könüllü müraciət edənlər varmı?

– Tamamilə doğrudur. Transplantasiya yalnız cərrahi prosedur deyil, həm hüquqi, həm də sosial prosesdir. Hüquqi baza artıq tam formalaşıb və dünya standartlarına cavab verir. Sosial tərəf isə daha çətindir - burada dini və psixoloji amillər mühüm rol oynayır.

İnsanların maarifləndirilməsi çox vacibdir. Çünki bir insanın həyatını xilas etmək bütün insanlığın həyatını xilas etməyə bərabərdir və bizim dinimiz də bunu təşviq edir. Son illər, xüsusilə meyit donordan orqan köçürülməsinin Azərbaycanda uğurla aparıldığını gördükcə, könüllü donorluğa müraciət edənlərin sayı artıb. Hazırda Səhiyyə Nazirliyinin Koordinasiya Mərkəzində mindən çox Azərbaycan vətəndaşı könüllü donor kimi qeydiyyatdan keçib. Mən özüm də könüllü donoram. Beyin ölümü baş verdikdə birinci dərəcəli qohumların razılığı mütləqdir. Cəmi iki il kimi qısa müddətdə həm cəmiyyət, həm səhiyyə sistemi bu prosesə uyğunlaşdı. Bu il meyit donordan köçürülə bilən bütün əsas orqanlar, o cümlədən ürək uğurla transplantasiya edildi. Ürək transplantasiyası isə təkcə Mərkəzi Klinikanın deyil, ümumilikdə Azərbaycan kardio cərrahiyyəsinin, kardiologiyasının və səhiyyə sisteminin uğurudur.

WhatsApp Image 2025-11-14 at 15.42.10 (1).jpeg (100 KB)

– Əməliyyatda neçə həkim iştirak etdi?

– Təqribən 20-yə yaxın tibb işçisi iştirak edib. Biz iki komanda şəklində çalışdıq: bir komanda donordan ürəyin götürülməsi, digəri isə xəstənin hazırlanması və ürəyin köçürülməsi ilə məşğul oldu.

– Bu təcrübədən sonra Mərkəzi Klinikada daha genişmiqyaslı transplantasiya proqramları planlaşdırılırmı?

– Mərkəzi Klinikada orqan transplantasiyası proqramı uzun illərdir tətbiq olunur. Qaraciyər və böyrək transplantasiyaları mütəmadi icra edilir. Ürək transplantasiyası üçün isə meyit donoruna ehtiyac var idi və bu imkan bu ildən etibarən yarandı. İlk təcrübəmiz uğurlu oldu və ürək transplantasiyası proqramına daha intensiv şəkildə davam etməyi planlaşdırırıq. Bu uğur yalnız Mərkəzi Klinikanın deyil, respublikamızda digər mərkəzlərdə də bu fəaliyyətin genişlənməsinə ciddi təkan verəcək.

Afaq MİRAYİQ
Musavat.com

14.11.2025 16:48
1822