Bakıda aqrar biznes festivallarına həsr olunmuş yekun tədbir keçirilir.
Musavat.com-un xəbərinə görə, tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı prioritet və strateji sahələrdən biri kimi müəyyən edilib:
“Dövlət başçısının bu sahəyə göstərdiyi ardıcıl diqqət və qayğı nəticəsində aqrar sektorda genişmiqyaslı islahatlar həyata keçirilib, fermerlərin fəaliyyət imkanları əhəmiyyətli dərəcədə genişləndirilib, regionların dayanıqlı inkişafı üçün möhkəm əsaslar formalaşdırılıb. Son illərdə kənd təsərrüfatında istehsalın səmərəliliyinin artırılması, müasir texnologiyaların tətbiqi, fermerlərin maliyyə və texniki resurslara çıxışının asanlaşdırılması istiqamətində mühüm addımlar atılıb.
Rəqəmsal həllərin tətbiqi, elektron kənd təsərrüfatı platformasının genişləndirilməsi, ekoloji cəhətdən dayanıqlı istehsal modellərinə keçid dövlət siyasətinin əsas istiqamətlərindəndir”.
Nazir diqqətə çatdırıb ki, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə və dəqiq kənd təsərrüfatının tətbiqi aqrar sektorun rəqabətqabiliyyətliliyini daha da artırır:
“Məhz bu strateji hədəflərin regionlarda təşviqi məqsədilə aqrar biznes festivalları təşkil olunub. Cari ildə ölkənin 13 iqtisadi rayonunu əhatə edən 28 rayonda 32 festival keçirilib, bu tədbirlərdə 400 mindən artıq fermer və sahibkar iştirak edib, 8 milyon manatdan artıq satış icra olunub.
Festivallar çərçivəsində toxum sərgi-satış yarmarkaları, kredit yarmarkaları, panel müzakirələr və təlimlər təşkil edilib. Bu festivallar kiçik və orta sahibkarlığın inkişafına, qadın fermerlərin və gənclərin aqrar sahəyə fəal cəlb olunmasına, bilik və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verib.
Eyni zamanda, məhsul festivalları regionların ixtisaslaşmış kənd təsərrüfatı məhsullarının tanıdılmasına və brendləşdirilməsinə şərait yaradıb”.
Məcnun Məmmədov əlavə edib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttə uyğun olaraq aqrar biznes festivalları gələcək illərdə də kənd təsərrüfatının innovativ, rəqabətqabiliyyətli və dayanıqlı inkişafına mühüm töhfələr verəcək.
Nigar HƏSƏNLİ,
Musavat.com