Beynəlxalq Holokost Anım Günü münasibətilə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Polşanın Lyublin şəhərinin kənarında yerləşən Maydanek həbs düşərgəsində məhbusların öldürülməsində iştirak edən iki SS zabiti Yaronim Kupotas və Vladimir Merkeviçyasın həbsi ilə bağlı məxfilikdən çıxarılmış sənədləri açıqlayıb. Onların arasında 3-cü Belarus cəbhəsinin əks-kəşfiyyat şöbəsinin rəisi general-leytenant Zeleninə həbslərlə bağlı xüsusi məlumat və Almaniya ordusunun sıravi əsgəri Voltersin dindirmə protokolu da var.
SS-in Lyublin həbs düşərgəsi kimi tanınan Maydanek, Hitlerin ən dəhşətli ölüm düşərgələrindən biri olub. Onun məhbusları 23 iyul 1944-cü ildə Sovet İttifaqı marşalı Konstantin Rokossovskinin komandanlığı altında qırmızı ordunun 1-ci Belarus cəbhəsinin qoşunları tərəfindən Lyublin-Brest hücumu zamanı azad edilib.

“SMERŞ” əks-kəşfiyyat agentləri hərbi əsirləri axtarıb yoxlayıblar, sovet hərbi əsirlərinə və mülki əhaliyə qarşı vəhşiliklərdə məsul olanları müəyyən ediblər. 1944-cü ilin noyabr ayında onlar Maydanek məhbuslarının məhv edilməsi barədə ətraflı ifadə verən Kupotas və Merkeviçiası saxlayıb və həbs ediblər.
Xüsusi hesabata görə, Kupotas 20 böyük kazarmadan ibarət olan və daim genişlənən düşərgədəki “SS” batalyonunda sıravi əsgər olub. Orada işğal etdikləri ölkələrdən almanlar tərəfindən gətirilən müxtəlif millətlərdən olan insanlar yaşayıb.
“Hər gün 300-ə qədər insan ölüm düşərgəsinə gətirilib və orada müxtəlif üsul və vasitələrlə məhv edilib. Düşərgədə saxlanılanlar üçün dözülməz bir rejim mövcud olub və bu da yüzlərlə insanın ölümünə gətirib çıxarıb. Ölənlərin cəsədləri sonradan xüsusi hazırlanmış sobalarda kremasiya edilib”, - deyə SS zabiti dindirmə zamanı ifadə verib.

O, şəxsən konsentrasiya düşərgəsi məhbuslarının qətlində iştirak edib: “Lyublin ölüm düşərgəsində SS batalyonunda xidmət edərkən düşərgə əhalisinin vəhşicəsinə məhv edilməsində birbaşa iştirak etmişəm. Şəxsən mən fiziki cəhətdən zəif olan və işləyə bilməyən yəhudiləri tüfəngimin qundağı ilə döyürdüm. 1942-ci ilin avqust ayında leytenant Raçkusun rəhbərliyi altında batalyonumuzdan 90 yəhudinin edamında birbaşa iştirak edən 11 əsgərdən biri idim”.
O, həmçinin qaçmağa çalışan yəhudilərin edamında da iştirak edib. 1942-ci ilin payızında o və digər üç SS əsgəri dörd məhbusu öldürüblər. İki həftə sonra onlar işləməkdən imtina edən səkkiz nəfəri edam ediblər.
Merkeviças həmçinin düşərgənin SS batalyonunda sıravi əsgər kimi də xidmət edib. “Düşərgəyə qoşulduqda, bölük komandiri Kazakeviças təlimatları oxuyub və hər bir əsgərin düşərgəni effektiv şəkildə qoruyaraq qaçışların qarşısını almaq vəzifəsini yerinə yetirməli olduğunu bildirimişdi. Təlimatlarda düşərgədə görəcəyimiz hər şeyin, xüsusən də məhbusların qətli prosesinin gizli saxlanılması barədə ciddi xəbərdarlıq yer alırdı”, - deyə xüsusi hesabatda Merkeviçasın ifadəsindən sitat gətirilib.

O, dəfələrlə məhbus qruplarının işə müşayiət olunmasında iştirak edib və stansiyadan yeni gələnləri ölüm düşərgəsinə müşayiət edib. SS əsgəri deyib: “Mən dəfələrlə işgəncəyə məruz qalan və edam edilən vətəndaşların cəsədlərinin yandırıldığı sobanı qorumağa məcbur olmuşam”. Kupotas və Merkeviças ölüm cəzasına məhkum ediliblər.
Dindirilmə zamanı məlum olub ki, düşərgədə hər gün 300-ə qədər insan öldürülüb. 1944-cü ilin iyul ayında Narva yaxınlığında əsir götürülən və 1937-ci ildən 1941-ci ilə qədər Dahau həbs düşərgəsinin komendantlığında xidmət edən Almaniya ordusunun sıravi əsgəri Hans Volters, Leninqrad cəbhəsində “SMERŞ” agentləri tərəfindən Maydanek də daxil olmaqla Almaniya həbs düşərgələri haqqında aparılan istintaq zamanı ifadə verib.

“Aramızda ən qəddar rejimin orada hökm sürdüyü barədə söhbətlər gedib. Xüsusilə, onlar məhbusların qaz kameralarında qazla öldürüldüyünü, kütləvi şəkildə güllələndiyini və aclıq çəkdiyini deyirdilər. Bu düşərgə birinci dərəcəli həbs düşərgəsi adlanıb. Həmin düşərgəyə yalnız əcnəbilər göndərilib. Orada kütləvi edamlar da həyata keçirilib”, - Volters deyib.
İsrail Holokost və Qəhrəmanlıq İnstitutunun rəsmisi Yad Vaşemə görə, Maydanek həbs düşərgəsində 1941-ci ilin oktyabrından 1944-cü ilin iyuluna qədər 28 ölkədən 54 millətdən təxminən 500.000 insan olub. Məhbusların təxminən 360.000-i ölüb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün