Makron İrəvanda Ermənistanı və özünü necə ifşa etdi?

Fransa prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin 8-ci sammiti zamanı çıxışında qeyd edib ki, cəmi 8 il əvvəl Ermənistan beynəlxalq aləmdə Rusiyadan tam asılı dövlət kimi tanındığı üçün belə sammitlərin İrəvanda keçirilməsi qeyri-mümkün idi: "Gəlin dürüst olaq, 8 il əvvəl bura heç kim gəlməzdi. 8 il əvvəl bu ölkəyə Rusiyanın de-fakto peyki kimi baxırdılar".

Milli Məclisin deputatı Elman Nəsirov Musavat.com-a bildirib ki, Makron əslində bu fikirləri ilə Ermənistanın daim Rusiyanın, indi isə Fransanın timaslında Qərbin oyuncağı olduğunu etiraf etmiş olub. Eyni zamanda burada ən diqqət edilməli məqam Makronun bu açıqlamasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uzun illər ərzində dəfələrlə real faktlarla səsləndirilən fikirlərin necə dəqiq ifadə olunmuş fikirlər olduğunun etirafıdır. 

Deputat deyib: “Fransa prezidenti özü də bəlkə də fərqinə varmadan Azərbaycan Prezidentinin zaman-zaman bəyan etdiyi “Ermənistanın müstəqilliyi formaldır, Ermənistan Rusiyanın forpostudur, Ermənistan xaricdən idarə olunan qondarma dövlətdir” kimi fikirlərinin necə dəqiq olduğunun etiraf edib. Cənab İlham Əliyev 8 il öncəki dövrlərdə də, ondan sonrakı zamanlarda da bunları deyəndə Makron kimi qərəzli siyasətçilər bunları dilə gətirmirdilər, riyakarlıq edirdilər. Azərbaycan Prezidenti isə hər şeyi öz adı ilə çağırmaqdan çəkinməyən iradəli lider olaraq Ermənistanın əsl adının nə olduğunu dəfələrlə dilə gətirib. Makron demək istəyir ki, artıq bundan sonra Rusiyanın yox mənim tabeçiliyimdəsiniz, mənim əlaltımsınız.

Makronun İrəvanda səsləndirdiyi fikirlər regionun son illərdə formalaşan geosiyasi mənzərəsinə yeni işıq salmaqla yanaşı, İlham Əliyevin illər əvvəl səsləndirdiyi tezislərin aktuallığını bir daha təsdiqləmiş oldu. Makronun Ermənistanın uzun müddət “de-fakto Rusiyanın peyki” kimi qəbul edildiyini açıq şəkildə etiraf etməsi, əslində, rəsmi Bakının uzun illərdir beynəlxalq platformalarda səsləndirdiyi arqumentlərin gec də olsa Qərb tərəfindən qəbul edildiyini göstərir”.

E.Nəsirov qeyd edib ki, Makron çıxışında 44 günlük müharibə zamanı Ermənistana dəstək verdiyini bir daha etiraf edib: “O, ermənilərə üzünü tutaraq deyib ki, Rusiya 2020-ci ildə sizə kömək etmədi, sizi tərk etdi, Fransa isə burada idi və indi də yanınızdadır. Bununla Makron həm öz aləmində erməniləri Rusiyaya qarşı yönəltmək məqsədi güdüb. Makron həm də 44 günlük müharibədə və ondan sonrakı zamanlarda Fransanın işğalçı ölkənin, separatizmi dəstəklədiyi, hərbi dəstək verdiyi barədə Azərbaycanın dəfələrlə verdiyi bəyanatların əsaslı olduğunu etiraf edib. Onun Fransanın Azərbaycana qarşı sanksiyaların tətbiqinə çalışdığını, məsələnin BMT TŞ-na çıxartmaq cəhdləri etdiyini söyləməsi isə Azərbaycanın Fransanın vasitəçiliyindən imtina etməsinin, Fransanı zamanında vasitəçilikdən kənarlaşdırmasının nə qədər düzgün və əsaslı olduğunu növbəti dəfə sübuta yetirir”.

Etibar Seyidağa,
Musavat.com

06.05.2026 20:36
857