Makron bu sözlərinə görə TƏNQİD EDİLDİ - Ona qarşı HƏRƏKƏTƏ KEÇDİLƏR

Fransada müxalifətdə olan sağ və sol partiyaların nümayəndələri prezident Emmanuel Makronun “vətəndaş müharibəsi” ilə bağlı açıqlamalarını qəbuledilməz adlandırıblar.

Musavat.com xəbər verir ki, Respublikaçılar Partiyasının lideri Erik Syotti Makronu qorxu strategiyası yürütməkdə ittiham edib:

“Mənə elə gəlir ki, bu, bəyanatdan daha çox Makronun istəyidir. Bu onun strategiyasıdır, qorxu strategiyası”.

Syotti bildirib ki, ölkə daxilində bölünmə səbəblərini Makron yaradır.

“O, beynəlxalq səviyyədə də eyni şeyi edir, Fransa qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü bəyan edir, qorxu yaradır”, - siyasətçi əlavə edib.

Milli Birlik partiyasının sədri Jordan Bardella isə bildirib ki, onlar özləri fransızları qorxudurlar, prezident belə danışmamalıdır.

Solçu “Tabe olmayan Fransa” partiyasının qurucusu Jan-Lyuk Melanşon qeyd edib ki, Makron “alova yağ tökməyə həmişə hazırdır”.

“Vətəndaş müharibəsi Yeni Kaledoniyada baş verənlərdir. O, orada onunla razılaşmayan insanları metropolisə göndərdi və onlar saxlanıldı”, - Melanşon deyib.

Sağçı Rekonkista partiyasının lideri Erik Zemmur da baş verənlərə münasibət bildirib. O, “France Info” radiosuna müsahibəsində deyib ki, son 20-30 ildə Fransaya fransız mədəniyyətindən uzaq olan və respublikanın dəyərlərini bölüşməyən adamlar buraxılır.

Zemmurun sözlərinə görə, “fiziki sərhədlərə” qayıdaraq sərsəm immiqrasiya dayandırılmasa, qarşıdurma qaçılmazdır.

Qeyd edək ki, Emmanuel Makron iyunun 25-də “Generation Do It Yourself” podkastı üçün geniş müsahibə verib və orada həm daxili siyasət məsələlərinə, həm də beynəlxalq böhranlara, o cümlədən Rusiya ilə münasibətlərə və Ukrayna münaqişəsinə toxunub. Milli Assambleyanın (parlamentin aşağı palatası) buraxılmasından və növbədənkənar parlament seçkilərinin təyin olunmasından sonra Fransada yaranmış siyasi vəziyyəti şərh edən dövlət başçısı bildirib ki, sağ və sol müxalifətin miqrasiya ilə mübarizədə təklif etdiyi həll yolları cəmiyyəti dinə və mənşəyə görə bölərək vətəndaş müharibəsini qızışdırır.

Nigar HƏSƏNLİ,
Musavat.com

25.06.2024 15:46
1063