Kütləvi dava baş verdi - Yüksək rütbəli hərbçi ilə...

Taylandda baş verən hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. Pakistanın yüksək rütbəli hərbi rəsmisi Məhəmməd Faysal Nasir ilə "ladyboy" kimi tanınan şəxslər arasında ödəniş üstündə yaranan mübahisənin davaya çevrildiyi və hərbçinin hüquq-mühafizə orqanlarının gözü qarşısında döyüldüyü iddia edilir. Hadisəni əks etdirdiyi deyilən görüntülər qısa süddət ərzində internetdə yayılsa da, iddialarla bağlı Pakistan və ya Tayland rəsmilərindən hələlik heç bir rəsmi təsdiq gəlməyib.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda izdihamlı bir ərazidə baş verən qarşıdurma və dava anları əks olunub. Görüntülərə Pakistanın yüksək rütbəli hərbi rəsmisi olduğu iddia edilən Məhəmməd Faysal Nasirin fotoşəkilləri də əlavə edilib. Paylaşımlarda Nasirin Taylandda "ladyboy" olaraq adlandırılan şəxslərlə pul məsələsində razılığa gələ bilmədiyi və buna görə fiziki hücuma məruz qaldığı irəli sürülür.

Sözügedən iddialar qısa müddətdə sosial medianın gündəmini zəbt etsə də, nə Pakistan rəsmiləri, nə də Tayland rəhbərliyi məsələ ilə bağlı hər hansı bir bəyanat yaymayıb. Videoda yer alan şəxslərin şəxsiyyəti və hadisənin təfərrüatları hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Bu görüntülər və iddialar sosial media platformalarında böyük müzakirələrə yol açıb. Bir çox istifadəçi hadisənin real olub-olmadığının araşdırılmalı olduğunu bildirib. Digər tərəfdən, bəzi profillər isə bu iddianın qərəzli şəkildə, təbliğat və nüfuzdan salma məqsədilə ortaya atıldığını müdafiə edirlər.

Toğrul İsmayıl,
Musavat.com

01.06.2026 14:14
821