Kürəkəni Rəşid Behbudovla bağlı ŞOK FAKTLARI AÇIQLADI - VİDEO

"Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"

Musavat.com bildirir ki, bu barədə Rəşid Behbudov Fondunun direktoru, dünya şöhrətli müğənninin kürəkəni Kamil Şahverdi bu barədə “Astar TV”yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rəşid Behbudovun müəlliflik hüquqları müxtəlif ölkələrdəki şəxslər tərəfindən saxta sənədlər əsasında mənimsənilib və sonradan bir neçə dəfə satılıb.

“Türkiyədə hansısa işbazlar bizim yerli işbazlarla hörümçək toru kimi bir plan quraraq onun müəlliflik hüquqlarını qondarma sənədlərlə mənimsəyiblər. Sonradan müəlliflik hüquqları Türkiyədən İngiltərəyə, İngiltərədən Amerikaya, Amerikadan isə Yunanıstana satılıb. Təsəvvür edin, bu, çox biabırçı bir vəziyyətdir. Amma biz artıq bu məsələnin yekununa çıxırıq.

Məsələ belə oldu ki, 2019-cu ildə biz Rəşid Behbudovun “YouTube” kanalını yaratdıq. Çox maraqlı bir kanal idi, dinamik şəkildə inkişaf etməyə başladı. Altı ay ərzində 50 min abunəçi toplandı, baxış sayı 300 milyondan çox oldu. Kanal 72 ölkədə izlənilirdi. Yəni çox dinamik inkişaf edirdi.

Birdən-birə şikayətlər gəlməyə başladı və müxtəlif ölkələrdən müəlliflik hüquqlarını pozduğumuz iddiası ilə kanalın fəaliyyəti dayandırıldı.

Nəhayət, biz AzTV-dən bütün sənədləri aldıq, AzTV ilə müqavilə imzalandı. AzTV bütün “YouTube” şirkətlərinə rəsmi məktub göndərdi. Onlardan bəziləri iddialarını geri götürdülər.

Daha sonra uzun müddət apardığımız işin nəticəsində Müəllif Hüquqları Agentliyindən bu hüquqların Rəşidə xanıma aid olduğunu təsdiqləyən rəsmi sənəd aldıq. Ən sonda isə bu yaxınlarda notarial qaydada müəlliflik hüquqları haqqında şəhadətnamə əldə etdik. Buna qədər bu sənədlər yox idi və onları almaq da çox çətin idi”, – deyə Kamil Şahverdi bildirib.

Xalidə,
Musavat.com


10.10.2026 10:03
1378