“Kupça işi”nə görə məhkəmə - həll edilməyən problemin görünməyən tərəfləri

Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsləri və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin sabiq rəis müavini Zülfüqar Mansurovun cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Musavat.com xəbər verir ki, işə Nizami Rayon Məhkəməsinin hakimi Emin Axundovun sədrliyi ilə baxılacaq.

İttihama görə, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Nadir Muradov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri Qafar Abdullayev, icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli və İsa Şəmsəliyev, eləcə də Əmlak Məsələləri Dövlət Xidmətinin sabiq rəis müavini Zülfüqar Mansurov torpaq sahələri ilə bağlı sənədləşdirmə və sonradan mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi məqsədilə vətəndaşlardan müxtəlif məbləğlərdə pul almaqda şübhəli bilinirlər.

Bu cinayət işi illərdir yüz minlərlə vətəndaşın qarşılaşdığı, lakin tam həllini tapmayan kupça problemini yenidən gündəmə gətirir. İstintaqın yekununda təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi (nüfuz alveri) ilə yekun ittiham elan edilsə də, işin mahiyyəti dəyişmir –Azərbyacan vətəndaşının qanunla əldə etməli olduğu sənədin verilməsi prosesi ətrafında korrupsiya sxemi qurulub. Bəs necə olur ki, pul veriləndə kupça almaq mümkün olur, pul verilməyəndə isə eyni proses illərlə uzanır, məhkəməlik olur?


kupca ev

Bu sual təkcə Qaradağdakı bir cinayət işinə aid deyil. Bu, Azərbaycanın daşınmaz əmlak sektorunda uzun illərdir müzakirə olunan sistem probleminin mahiyyətidir.

"Kupça" niyə Azərbaycan vətəndaşı üçün bunca aşılmaz problemə çevrilir?

Azərbaycanda minlərlə yaşayış evi və torpaq sahəsi illərdir tam sənədləşdirilmədən istifadə olunur. Xüsusilə Bakıətrafı qəsəbələrdə, fərdi yaşayış evlərinin yerləşdiyi ərazilərdə vətəndaşlar on illərlə yaşadıqları evlərə mülkiyyət sənədi ala bilmirlər. Qaradağda yaşanan “kupça işi” üzrə istintaq materialları göstərir ki, ittiham olunan şəxslərin fəaliyyəti məhz torpaq sahələrinin rəsmiləşdirilməsi və sonradan kupçalaşdırılması prosesinə aid olub. Bu isə vətəndaşların illərdir dilə gətirdiyi narazılıqları yenidən aktuallaşdırır. Vətəndaş müxtəlif dövlət qurumlarına müraciət edir, sənədlər toplayır, arayışlar alır, lakin proses uzandıqca uzanır. Nəticədə cəmiyyətdə rüşvət verməsən, işin həll olunmayacaq təsəvvürü formalaşır. Ən böyük təhlükə də məhz budur. Çünki bu vəziyyət vətəndaşı qanuni prosedurlara deyil, vasitəçi və "iş düzəldən" şəxslərə yönəldir.
Dövlət xidmətidirsə, niyə qeyri-rəsmi ödəniş tələb olunur?

Əgər konkret torpaq sahəsi və ya ev qanunvericiliyin tələblərinə uyğundursa, mülkiyyət hüququnun qeydiyyatı dövlət xidmətidir və bunun hüquqi proseduru mövcuddur. Dövlətin mahiyyəti elə vətəndaşa dəstək verməkdirsə, dövlət Azərbaycan vətəndaşını yaşatmaq üçün qurulubsa, niyə vətəndaşın rüşvət verməsi üçün mühit aradan qaldırılmır? Əgər "kupça" verilməsi mümkündürsə, niyə vətəndaşdan əlavə pul tələb edilir? Əgər sənəd qanuni əsaslarla verilə bilirsə, onda vətəndaş niyə əlavə ödəniş etməlidir?

Qaradağda yaşanmış “kupça işi” məhz bu ziddiyyəti ortaya çıxarır. İttihamın məzmunundan görünür ki, söhbət torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsindən gedir. Deməli, korrupsiya riski birbaşa vətəndaşın mülkiyyət hüququ ilə bağlı sahədə meydana çıxıb. Hakim Emin Axundovun icraatına verilmiş cinayət dosyesi müttəhimlərin məsuliyyəti məsələsi kimi qalmamalıdır. Məhkəmə araşdırması həm də kupça verilməsi sahəsində korrupsiya risklərinin necə formalaşdığını ortaya çıxarmalıdır. Əgər vətəndaşlar həqiqətən torpaq və əmlak sənədlərini əldə etmək üçün qeyri-rəsmi ödənişlər etməyə məcbur olublarsa, bu, artıq ayrı-ayrı şəxslərin hərəkətindən daha böyük problemin göstəricisidir. Nəhayət ki, kupça almaq üçün vətəndaşın niyə vasitəçi axtarmalı olması sualına aydın bir cavab verilməlidir. Niyə bir Azərbaycan vətəndaşının kupça işi qısa müddətdə həll olunur, digəri Azərbaycan vətəndaşının sənədləri illərlə havada qalır? Dövlət xidmətlərinin göstərilməsində insan amili və subyektiv qərarlar hansı səviyyədədir? Söhbət sadəcə bir kupçadan getmir. Söhbət vətəndaşın öz mülkiyyət hüququnu əldə etmək üçün qanuna inanacağına, yoxsa rüşvət mexanizminə üz tutacağına qərar verməsindən gedir. Qaradağdakı “kupça işi” isə bu problemin ən ağrılı nöqtələrindən birini yenidən gündəmə çıxarıb.

E.Məmmədəliyev,
Musavat.com

03.06.2026 14:30
555