Çində deyilən atalar sözü bu gün Azərbaycanda, xüsusilə paytaxtda aktualdır. Tikinti ərazisində yaşı illərə söykənən, güclü gövdəsi üzərində göyə şaxələnən ən müxtəlif ağaclar - Eldar şamı, zeytun, sərv, küknar, qovaq, söyüd, ağcaqayın – oldusa, məsələnin həlli 2X2 qədər sadədir. Vay o gündən ki, həmin ağac yol kənarında, məktəb, bağça, digər ictimai obyektlərin, vətəndaşların fərdi yaşayış evlərinin ərazisində olsun. Aidiyyəti dövlət qurumları nə həmin ağacı kəsirlər, nə də ki, vətəndaşların özlərinin kəsməsinə imkan verirlər.

Məsələn, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov 1/5 ünvanında yaşı 30-u ötmüş uca bir çinar ağacı vardı. Həmin ağac o qədər böyüyüb qol-budaq atmışdı ki, Bakının küləyinə hər tuş gəldiyi gün bir budağı sınıb tökülürdü həyətdəki sakinlərin başına.
Sakinlərdən Firdovsi Vəliyev əməkdaşımıza Ekologiya və Təbii Sərvətlər Departamentinin Ekspertiza İdarəsinə 2013-cü ildə müraciət etdiklərini demişdi.
Onun 2015-ci ildə Musavat.com-a dediklərindən sitat:
“2013-cü ildə müraciət etmişdik. Sağ olsunlar, müraciətimizə baxdılar. Ancaq icrası qaldı. 2013-cü ildə bir ağacın kəsilməsinə rəy vermişdilər. Artıq 6 il keçib. Həyətdə olan digər ağac da təhlükəlidir. Həyətdə iki böyük ağac var. Külək əsəndə ağaclar az qalır aşsın. Axı bu ağacın aşmasını, insan tələfatının olmasını gözləmək olmaz. İcra hakimiyyətinə, cənab Prezidentə də müraciət etmişik. Özümüz kəsə bilmirik. Şikayətimizə də baxan yoxdur”.
Sakinlər deyirlər ki, problemlə bağlı Fövqəladə Hallar Nazirliyinə də müraciət ediblər. Nazirlikdən isə bildirilib ki, ağac aşmasa, kəsə bilməzlər.
Vətəndaş demişdi ki, məsələdən ərazi üzrə Mənzil-Kommunal İstismar Sahəsinin rəhbərliyinin də xəbəri var. Lakin onlar da heç bir tədbir görmürlər.
MİS-in qeyd edilən ünvanda yerləşən binasında hazırda tikinti işləri gedir. Tikintiyə mane olan ağac isə kəsilib. Lakin vətəndaşların həyatına təhlükə yaradan ağacların kəsilməsi haqda heç bir qurum tədbir görmür.
Şəhərin parklarında, məhəllələrində, yol kənarlarında qurumuş ağaclar və sınmaq üzrə olan iri budaqlar illərdir yerində qalır. Səbəb isə paradoksaldır - guya kəsməyə qorxurlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yerli yaşıllaşdırma qurumlarının tətbiq etdiyi sərt cərimə və cinayət məsuliyyəti mexanizmləri nəticəsində hətta tam qurumuş, insan həyatı üçün təhlükə yaradan ağaclara belə toxunulmur. Nəticədə ekoloji nəzarət adı altında təhlükəsizlik riski formalaşıb.

Fövqəladə Hallar Nazirliyinin açıq məlumatlarına əsasən, son illərdə Bakı və Abşeron yarımadasında külək nəticəsində ağac aşması və budaq qırılması ilə bağlı onlarla hadisə qeydə alınıb. Bu hadisələrin bir qismində avtomobillərə ciddi ziyan dəyib, yaşayış binalarının dam örtükləri zədələnib, vətəndaşlar xəsarət alıb.
Rəsmi statistika yalnız müraciət edilmiş və aktlaşdırılmış halları əhatə edir. Əsl rəqəmlərin daha çox olduğu ehtimal edilir.
Araşdırmamız zamanı Bakı şəhərinin bir neçə nöqtəsində eyni mənzərə ilə rastlaşdıq. Nəsimi, Suraxanı, Yasamal və Binəqədi rayonlarında məhəllədaxili ərazilərdə tam qurumuş, gövdəsi içdən çürümüş ağaclar, məktəb və uşaq bağçalarının yaxınlığında iri, quru budaqlar, magistral yollar boyunca küləyə qarşı dayanıqlığını itirmiş köhnə ağaclar var.
Sakinlərin sözlərinə görə, bu ağaclar barədə dəfələrlə aidiyyəti qurumlara müraciət edilib, lakin cavab eynidir:
“Kəsmək olmaz, icazə yoxdur”.
“Hər güclü küləkdə uşaqları həyətə buraxmırıq. Ağac quruyub, qabığı tökülür, amma kəsən yoxdur. Hamı qorxur ki, sabah cərimə edərlər”.

Binəqədi sakini isə məsələni daha sərt qoyur:
“Bir gün bu ağac kiminsə başına düşəndə məsuliyyəti kim daşıyacaq? O vaxt da deyəcəklər ki, xəbərimiz yox idi”.
Burada hüquqi və inzibati məsuliyyət parçalanmış vəziyyətdədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların qorunmasına nəzarət edir, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi baxım və budama işlərinə cavabdehdir, rayon icra hakimiyyətləri isə ərazilərin təhlükəsizliyinə məsuldur.
Fövqəladə Hallar Nazirliyi yalnız hadisə baş verdikdən sonra müdaxilə edir. Nəticədə isə klassik bürokratik vəziyyət yaranır - hamı məsuldur, amma heç kim qərar vermir.

Rəsmi qurumların mövqeyi ondan ibarətdir ki, ağacların kəsilməsi yalnız xüsusi rəy, akt və icazə əsasında mümkündür. Əks halda inzibati cərimələr və bəzi hallarda cinayət məsuliyyəti tətbiq olunur. Bu yanaşma ağacların qorunması baxımından əsaslı görünsə də, təhlükəsizlik aspekti nəzərə alınmır. Halbuki dünya praktikasında qurumuş və təhlükə yaradan ağacların operativ şəkildə götürülməsi standart prosedurdur. Nəticədə qoruma siyasəti təhlükəyə çevrilir.
Bakıda ekoloji nəzarət mexanizmi insan həyatını risk altına atan formaya düşüb. Ağacları qorumaq vacibdir, amma qurumuş ağac artıq ekoloji dəyər yox, potensial silahdır.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com