Kubanın “Xamenei”si

Tramp indi də “azadlıq adası”nın 94 yaşlı əfsanəvi inqilabçısı Raul Kastronu Maduro kimi oğurlamağı nəzərdən keçirir - “El Çino”nun həyat hekayəsi...

“Biz heç də həmişə güclü olmamışıq, onilliklər ərzində bizi məhv etməyə çalışıblar, ancaq həmişə bu şüarı qoruyub saxlamışıq: "Məğlubiyyəti qələbəyə çevirmək..."

Kuba inqilabının əfsanəvi lideri Fidel Kastronun belə heyrətamiz fikirləri çoxdur, amma “məğlubiyyəti qələbəyə çevirmək” bir devrimçinin söylədiyi ən yaxşı aforizm ola bilər. Kuba inqilabı, qələbəyə gedən mübarizə yolu, onun liderləri haqda günlərlə yazmaq və danışmaq olar. İran İslam inqilabı qədər sehrli, hər döyüşü bir tarix olan Kuba inqilabının hər dəqiqəsi haqda yalnız Çe Gevaranın “Gündəliyi”ndən öyrənə bilərsiniz. Əfsanəvi inqilabçının pasporta çevrilmiş o kitabını oxumuş biri kimi deyə bilərəm ki, Kubada Baptista rejimini devirmək üçün Meksikadan “Qranma” gəmisində gələn bu qəhrəmanlar həqiqətən də möcüzə yaradıblar. Yəni ac-yalavac, silah-sursatsız Kuba sahillərinə gələn bu inqilabçılar meşələrdə, dalğalarda nələr yaşayıblar, yüzlərlə itki veriblər, sağ qalanlar zəfərə necə nail olublar və sonda paytaxt Havanaya giriblər - hər biri Çe Gevaranın “Gündəliyi”ndə var.

67 il sanksiya altında

... Kubada kommunistlərin qələbəsindən bəri ABŞ bu ölkəyə sanksiya tətbiq etməkdədir. 1953-cü ildə başlanan inqilabi hərəkat 6 il sonra 1959-da qələbə çalıb. Düz 67 ildir ki, Birləşmiş Ştatlar Kubaya sanksiya tətbiq etməklə qonşusunu yoxsul vəziyyətdə saxlayır. Çünki Kubanın ABŞ-dən başqa heç bir ölkə ilə quru sərhədi yoxdur. Vaşinqton isə belə bir coğrafi taleyi olan qonşusunu blokadada saxlayır. Ancaq Kuba bu 67 illik blokada şəraitində yoxsul olsa da, tab gətirməyə çalışıb, təhsil və səhiyyəni inkişaf etdirib. Xüsusən Ümumdünya Səhiyyə Təşkilatı Kubada səhiyyənin vəziyyətini yüksək qiymətləndirib, hətta bir dəfə dünyada birinci yeri tutub. Yəni ABŞ Kubaya sanksiya tətbiq etməsəydi, ölkə 67 il ərzində böyük inkişaf yolu keçərdi. Yaxud Fidel Kastro ABŞ imperializminə boyun əysəydi, Kuba sözəbaxan ölkə adlanardı, “azadlıq adası” yox...

İki ABŞ təyyarəsinin vurulması

İndi isə Trampın ABŞ-si Kuba inqilabının əfsanələrindən olmuş keçmiş rəhbər, 94 yaşlı Raul Kastronun saxlanmasını nəzərdən keçirir. Hər halda, “Nyu-York Tayms” nəşri belə yazıb. Yəni Venesuelada prezident Nikolas Maduronu oğurlayıb ABŞ həbsxanasına gətirdikləri kimi, indi Kuba inqilabının bəlkə də sağ qalan sonuncu mogikanı - Raul Kastro haqda belə bir əməliyyat istisna edilmir. Əlbəttə, bu mümkündür. İranda inqilabın liderlərindən olmuş 86 yaşlı bir ahıl kişini ailəsi, nəvəsi ilə birlikdə öldürən amerikalılar üçün 94 yaşlı Kastronu da qandallayıb Nyu-York türməsinə gətirmək çətin olmaz. Hərçənd Kuba ordusu buna müqavimət göstərəcək, amma ABŞ resurslarına görə qonşusundan üstündür.

Daha əvvəl isə mətbuat ABŞ-nin 94 yaşlı Raul Kastroya qarşı 1996-cı ildə Kuba Hərbi Hava Qüvvələrinin “Qardaşlar köməyə gəlir” mühacir təşkilatının iki təyyarəsini vurması ilə əlaqəli ola biləcək ittihamlar irəli sürməyə hazırlaşdığını xəbər verib. Rəsmi Havana isə o dövrün hadisəsini belə əsaslandırır ki, ABŞ təyyarələri Kubanın hava məkanını pozub və onların vurulması hərbi hava qüvvələrinin legitim hüququ olub. Amma bu azmış kimi, ABŞ nəşrləri bundan da absurd iddialar tirajlayır - guya Kuba Birləşmiş Ştatlara hücum edəcək. Belə bir ssenariyə hətta Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da gülüb. “Başa düşürsünüz, bu, artıq "Homer gülüşünə" (qarşısıalınmaz qəhqəhə) səbəb olur. Kubanın ABŞ-yə hücum etmək istədiyini bildirən bir nəşri necə ciddiyə almaq olar? Onilliklərdir Amerika blokadası altında olan Kubada belə planları təsəvvür etmək çətin ki, mümkün olsun. İnformasiya və texniki blokada da daxil olmaqla, bütün mümkün halqalarla, yəni Amerikanın aqressiv qayğısı ilə əhatə olunmuş Kuba ABŞ-yə hücum etmək istəyir? Başa düşürsünüz, ya müəllif dəli olub, ya da ictimai rəyi formalaşdırmağa hesablanan qəsdən törədilmiş təxribat barədə danışmalıyıq", - o bildirib.

Qeyd edək ki, “Axios” Kubanın 300 dronla ABŞ-yə hücuma hazırlaşdığı haqda iddia yaymışdı. Göründüyü kimi, “Trampın Amerikası” xeyli vaxtdır ki, ictimai rəyi “Kuba əməliyyatı”na hazırlayır  - gah müharibə olacağı, gah Kastronun həbs ediləcəyi xəbərləri ilə manipulyasiya edir.

Kastroların ilk qanlı hücumu

94 yaşlı Raul Kastro isə Kuba inqilabının obrazlı desək, Əli Xameneisi adlandırıla bilər. Əgər İran islam inqilabının lideri Ruhulla Xomeyni idisə, Kubada da Fidel Kastrodur. Onun qardaşı Raul Kastro isə bəli, şəriət inqilabının öldürülmüş son lideri Əli Xamenei ilə müqayisə edilə, yaxud bənzədilə bilər. Təbii ki, Kuba inqilabında argentinalı Çe Gevaranın əfsanəvi yeri toxunulmazdır. Sadəcə, sağ qalan kubalı inqilabçı Raul Kastrodur. Təbii ki, onun mərhum həyat yoldaşı Vilma Espin də bu inqilabın əfsanəvi xanım simalarından biridir. Onlar çiyin-çiyinə Baptista rejiminə qarşı döyüşüblər. Bəs Kubada inqilabi proses niyə başladı?

Ölkə 50-ci illərdə ABŞ inhisarçılığının qurbanına çevrilmişdi. Yəni tam şəkildə ABŞ investisiyasından asılı idi. Fulhensiyo Batista hakimiyyətə gələndən sonra Kubada hərbi-diktatura elan edərək bir çox partiyaları, həmçinin Kommunist Partiyasını da ləğv edir. Ölkədə konstitusiya ləğv olunur. Ali təhsilli kubalılar diktatura ilə barışmaq istəmirdilər. Onların içərisində (Fidel Kastro və onun qardaşı Raul Kastro) Kastro qardaşları Kuba Xalq Partiyasının üzvləri idi. Kastro qardaşları partiyanın diktatura ilə mübarizə aparacağını düşünürdülər, amma partiyanın qətiyyətsizliyi nəticəsində Fidel və Raul təşkilatı tərk edirlər. Onlarla birlikdə bir neçə gənc kubalı partiyanı tərk edir və sərbəst mübarizəyə başlayırlar. Onlar silah əldə etmək üçün Fidel Kastro və adamları Santyaqo-de-Kuba şəhərində Monkada kazarmasını və Bayamo şəhərindəki kazarmanı ələ keçirmək istəyirdilər. Bir il ərzində hücuma hazırlıq gedirdi. Silahlanmaq üçün Fidelin tərəfdaşları hər şeyi satmağa məcbur idilər. Lakin kazarmada iki saatlıq döyüşdən sonra inqilabçılar məğlub olur. Çoxu ölür. Fidel Kastro vəkil olduğuna görə məhkəmədə hüquqşünasdan imtina edir və özünü müdafiə edir. O, 15 il azadlıqdan məhrum olunur. Daha sonra Batista milləti sakitləşdirmək üçün və yeni inqilabdan qorxaraq Fideli və tərəfdaşlarını azad edir.

Qardaşdan qardaşa ötürülən hakimiyyət

Sonra Kastro qardaşları Meksikaya köçür və burada Çe Gevara ilə tanış olurlar. Nəhayət, 82 nəfərlik heyət gəmi ilə Kubaya qayıdır və Fidel inqilabçıları Syerra-Maestra dağlarına aparır. Batista 1000 nəfərlik ordunu inqilabçıların üstünə yollayır, yaxınlıqda bütün yollar bağlanır. Qanlı döyüşlərlə Syerra-Maestra dağlarına yalnız 22 nəfər sağ çatır. Onlardan biri də qardaşı - bu gün ABŞ-nin həbs etmək istədiyi, qələbədə xüsusi rolu olmuş Raul Kastrodur...

Bəs ABŞ-nin hədəfində olan 94 yaşlı Raul Kastro kimdir?

Raul Modesto Kastro Ruz 1931-ci il, iyunun 3-də Oryente vilayətində dünyaya göz açıb. Onun xalq arasında ləqəbi “El Çino”dur. Yəni çinli deməkdir. Bu da gözlərinin qıyıq olması ilə əlaqələndirilib. Qardaşların fərqinə gəlincə, əgər Fidel daha çox siyasi-ideoloji xətti tutubsa, Raul hərbi və təşkilati məsələlərə məsul olub. Ona görə də o, inqilabçı silahlı dəstələrə başçılıq edib. Təsadüfi deyil ki, qələbədən sonra ölkənin müdafiə naziri təyin olunur. Fidel Kastro Dövlət Şurasının sədri vəzifəsindən 2008-ci il fevralın 18-də istefa verib. O, 2006-cı ilin iyul ayında böyrəyində cərrahiyyə əməliyyatı keçiriləndən sonra ali dövlət postunu müvəqqəti olaraq artıq qardaşına ötürmüşdü. Uzunmüddətli xəstəliyinə baxmayaraq Fidel Kastronun Xalq Hakimiyyəti Milli Assableyasına namizədliyi irəli sürülmüş və yanvarın 20-də keçirilən seçkidə o, qardaşı Rauldan 1 faiz az səs toplamışdı.

Raul Kastro qardaşından 5 yaş kiçikdir. Hələ 2001-ci ildə Fidel Havanada keçirilən mitinqdə huşunu itirəndən sonra qardaşını öz varisi elan etmişdi. Kuba parlamenti 2008-ci il fevralın 24-də 76 yaşlı Raul Kastronu ölkədə ən ali vəzifəyə - Dövlət Şurasının sədri vəzifəsinə seçib. 2021-ci ildə isə istefa verib. Yəni inqilabçı qardaşlar istefa verərək postlarını ötürüblər. Raul Kastronun rəhbərliyi dövründə ölkədə bir sıra iqtisadi islahatlar həyata keçirilib ki, böhrandan çıxmaq mümkün olsun.

Dağlarda eşq, Obama ilə görüş...

2014-cü ildə Raul Kastro ABŞ prezidenti Barak Obama ilə görüşərək yarım əsrlik diplomatik böhrana son qoyur, hər iki ölkədə səfirliklər açılır. Amma Donald Trampın birinci prezidentliyi dövründə ABŞ-Kuba əlaqələri yenidən korlanır. Ağ Ev lideri o zaman Kubaya sanksiyaları gücləndirir və əlaqələr pozulur. 2018-ci ildə Raul prezidentliyi Migel Dias Kanelə ötürür. Kubada Kastro ailəsindən olmayan ilk prezident seçilir. Amma Raul Kastro Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədri kimi 2021-dək fəaliyyətini davam etdirir və bu gün də ölkənin siyasi həyatında təsirləri qalmaqdadır.

Onun həyat yoldaşı, inqilabçı Vilma Espin də Kubanın 5 önəmli şəxslərindən biri idi. İnqilab illərində onun evi hazırlıq qərargahı olmuşdu. Onun Raulla dağlarda başlayan eşq macərası 1959-cu ildə Santyaqoda iki min nəfərin iştirakı ilə baş tutan toy mərasimində möhürlənir. Onların dörd övladı var - Mariela, Deborah, Nilsa ve Alexandro. Deborah Vilmanın inqilab illərində kod adı idi və gələcək qaynı Fidel tərəfindən verilmişdi.

Onların sonradan ayrıldığı haqda söz-söhbətlər yayılsa da, ictimaiyyət arasına bir yerdə çıxırdılar. Vilma ilə vida mərasimində isə Raul göz yaşlarını gizlətməmişdi. Ona görə də indi Raulu nostalji ilə yaşayan tənha inqilabçı qoca adlandırmaq da olar. Çünki nə silahdaşı-qardaşı Fidel, nə həyat və mübarizə yoldaşı Vilma, nə də Çe var. O, vətənində ahıl həyatını yaşamağa davam edərkən, amerikalı qoca Trampın ağlından tarixi bir şəxsiyyəti, ABŞ liderindən fərqli olaraq, ölməkdən qorxmayan Kastronu oğurlamaq xəyalları keçir...

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

27.05.2026 09:02
2469