Rusiyada hakimiyyətin ictimai rəy siyasətində əsas alətlərindən biri hesab olunan Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VTSİOM) ətrafında qalmaqallı iddialar ortaya çıxıb.
Musavat.com xəbər verir ki, Aleksey Navalnının yaratdığı Korrupsiya ilə Mübarizə Fondu (FBK) VTSİOM-un uzun illərdir rəhbəri olan Valeri Fyodorovla bağlı araşdırma yayımlayıb.
Araşdırma müəllifləri iddia edirlər ki, dövlət büdcəsindən sosioloji tədqiqatlar üçün ayrılan vəsaitlər podratçı şəbəkəsi vasitəsilə qeyri-şəffaf formada dövriyyədən çıxarılıb.
FBK-nın məlumatına görə, VTSİOM strukturları yüz milyonlarla rublu fərdi sahibkarlar şəbəkəsinə köçürüb. İddia olunur ki, həmin şəxslərin əksəriyyətinin sosiologiya ilə heç bir əlaqəsi olmayıb. Araşdırmada qeyd edilir ki, vəsait alanlar arasında turizm şirkətlərinin əməkdaşları, avtomobil salonu işçiləri, fotoqraf və hətta akvapark rəhbərinin adı keçir. Müəlliflər bunu dövlət vəsaitlərinin mümkün mənimsənilməsi və ya dolayı yollarla çıxarılması sxemi kimi təqdim edirlər.
Materialda VTSİOM-un Rusiyanın siyasi sistemindəki xüsusi rolu da vurğulanır. Mərkəz ölkədə ictimai rəy sorğuları, prezident reytinqləri və hökumət qərarlarına dəstək göstəricilərini yayımlayan əsas qurumlardan biridir. Bu səbəbdən onun nəticələri Kremlin ictimai legitimlik narrativinin formalaşdırılmasında mühüm alət hesab olunur.
Tənqidçilərin fikrincə, məhz VTSİOM-un sorğuları vasitəsilə Kremlə dəstək səviyyəsi və hökumət qərarlarının populyarlığı barədə ictimai təsəvvür yaradılır.
Hələlik Valeri Fyodorov və VTSİOM rəhbərliyi araşdırmada səsləndirilən iddialara açıq reaksiya verməyib.
Musavat.com