Kənd təsərrüfatı iqtisadi fəaliyyət sahəsi olmaqla yanaşı, sosial sabitliyin və milli təhlükəsizliyin əsas dayaqlarından biridir. Ölkəmizdə məşğul əhalinin təxminən 35 faizi birbaşa və dolayı yolla aqrar sektorla bağlıdır.
Musavat.com xəbər verir ki, bu fikirləri Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev aqrar biznes festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatı və emal sahələrinin qeyri-neft ÜDM-də payı 10 faizə yaxınlaşır:
“Xüsusilə, qlobal qeyri-sabitlik, regional münaqişələr və iqlim dəyişiklikləri fonunda qida təhlükəsizliyi məsələsi strateji məsələyə çevrilib.
2025-ci il 1 oktyabr tarixinə olan məlumata görə, ölkəmizdə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 13 minə yaxın kommersiya təşkilatı fəaliyyət göstərir. Müəssisələrdən 26-sı iri, 175-i orta, 417-si kiçik, 12 mini isə mikro sahibkarlıqdır.
Bununla belə, kredit təşkilatlarının ümumi portfelinin cəmi 1,8 faizi və ya 571 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa verilib. Bu isə maliyyə əlçatanlığı ilə bağlı aqrar sektorda əlavə alətlərə ehtiyac olduğunu göstərir”.
Məmməd Musayev diqqətə çatdırıb ki, dünyada qida məhsullarının bahalaşması tendensiyası davam edir və Azərbaycan bu sahədə ehtiyaclarını ödəmək üçün daxili istehsalı, xüsusən də xammaldan emala keçidi təmin etmək üçün mövcud imkanlardan istifadə etməlidir:
“Bu baxımdan, ölkə daxilində qida məhsullarının istehsalı üzrə tam dəyər zəncirinin formalaşdırılması olduqca vacibdir. Biz kənd təsərrüfatına yalnız torpaq və məhsul prizmasından deyil, toxumdan süfrəyə qədər – yəni istehsal, emal, logistika, qablaşdırma, markalanma və brend yaratma mərhələlərini əhatə edən kompleks yanaşma ilə baxmalıyıq. Məhz bu yanaşma məhsulun əlavə dəyərini artırır və ixrac imkanlarını genişləndirir.
Fəxr hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan sahibkarları artıq bir sıra ölkələrə, o cümlədən Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və digər Körfəz ölkələrinə öz məhsullarını uğurla ixrac edirlər. Bu bazarlarda “Made in Azerbaijan” brendinə olan etimad ildən-ilə artır.
Azərbaycan Sahibkarlar Konfederasiyası Türk Ticarət və Sənaye Palatasında, eləcə də İslam Ticarət və İnkişaf Palatasında ölkəmizin özəl sektorunu təmsil edir və sahibkarlarımızın yeni bazarlara çıxışı üçün institusional dəstək göstərir.
Azərbaycan Sahibkarlar Konfederasiyası Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyində olan qurumlarla sıx və konstruktiv əməkdaşlıq edir. Biz aqrar sektorda fiskal tənzimləmələrin təkmilləşdirilməsi, maliyyə resurslarına çıxışın genişləndirilməsi və mövcud çətinliklərin operativ həlli üçün daimi dialoqa xüsusi önəm veririk”.
Nigar HƏSƏNLİ,
Musavat.com