ABŞ-nin San-Fransisko şəhərində fəaliyyət göstərən GRU Space Ayda turizm sənayesinin yaradılması ilə bağlı sensasiyalı planlarını açıqlayıb.
Musavat.com xəbər verir ki, startap 2029-cu ildən etibarən Ay səthində tədqiqat və hazırlıq mərhələsinə keçməyi, 2032-ci ilə qədər isə ilk turistlərin qəbulunu mümkün hesab edir.
Layihənin ilkin mərhələsində Ayda şişmə (inflatable) konstruksiyaya malik hotel qurulacaq. Bu modul Yer üzündə hazırlanaraq Ay səthinə daşınacaq. Daha sonra onun ətrafında Ay torpağından (regolitdən) istifadə olunmaqla əlavə qoruyucu və möhkəmləndirici örtük inşa ediləcək. Nəticədə Ayda eyni vaxtda 10 nəfərin rahat şəkildə gecələyə biləcəyi unikal kosmik hotel formalaşacaq.
Şirkətin açıqlamasına görə, ilk mərhələdə Ay hotelində bir gecənin qiyməti 416 min dollardan yuxarı olacaq. Texnologiyaların inkişafı və uçuşların ucuzlaşması fonunda isə qiymətin gələcəkdə 83 min dollara qədər endirilməsi planlaşdırılır.
Turistlərin Ay hotellərinə çatdırılması üçün dünyanın aparıcı kosmik şirkətlərinin — SpaceX və Blue Origin — kosmik gəmilərindən istifadə ediləcəyi bildirilir. Şirkət hesab edir ki, kosmik sahədə artan rəqabət Ay turizmini yaxın illərdə daha əlçatan edəcək.
Musavat.com