Avropa Parlamentinin Ermənistanla bağlı qəbul etdiyi sənəddə Azərbaycana qarşı əsassız ittihamlara yer ayırması, ölkəmizə qarşı qərəzli siyasətini davam etdirməsi haqlı etirazlara səbəb olub. Milli Məclis, XİN, Prezident köməkçisi və digər səviyyələrdə məsələyə kəskin münasibət bildirilib. Azərbaycan parlamentinin son iclasında əlaqələrin dayandırılması ilə əlaqədar qərar da qəbul olunub.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası məsələlər komitəsinin sədri Səməd Seyidov Musavat.com-un bu mövzuda suallarını cavablandırıb.
- Səməd bəy, uzun illər boyunca Avropa strukturları ilə işləyən, onların siyasətinə bələd olan şəxs kimi necə hesab edirsiniz, Azərbaycana qarşı təzyiqlərin kökündə nə dayanır? Azərbaycan və Ermənistan arasında sülhün imzalanmasına doğru addımların atılması Avropa Parlamentini niyə bu qədər narahat edir?
- Məncə, bu haqda biz artıq nəinki başa düşürük, tam aydın şəkildə görürük, hiss edirik və dərk edirik ki, Azərbaycan tərəfindən yaradılmış yeni reallıq bu qüvvələr üçün qəbul olunmaz bir məsələyə çevrilib. Regionda sülh, əmin-amanlıq, qarşılıqlı hörmət əsasında bünövrəsini təşkil edən əlaqələrin yaradılması bunlar üçün tamamilə qəbul olunmazdır və cənab Prezidentin köməkçisi Hikmət müəllim çox gözəl qeyd etdi. Hədəf sülh prosesidir. Biz axı bütün qonşularla - Hikmət müəllim də bunu qeyd etdi - o cümlədən Ermənistanla dostluq şəraitində yaşamaq istəyirik. Ancaq bunlar regionda mövcud statusunu, təsir qüvvələrini, ümumiyyətlə, söz sahibliyini itirmək təhlükəsi qarşısında qalıblar. Özü də söhbət təkcə avropalılardan getmir. Söhbət Avropanı əllərində oyuncaq, alət kimi istifadə edən, qonşu ölkələrin içərisində olan mafiozlardan gedir. Ara Abramyanlardır, Ruben Vardanyanlardır, Samvel Karapetyanlardır. Biri həbsxanada, biri Moskvada, biri digər məkanda... Bunlar Qafqazın tamamilə yeni arxitekturasını özləri üçün daxildən bir təhlükə kimi qəbul edirlər. Hansı yeni arxitekturadan söhbət gedir? Sülh arxitekturasından, əmin-amanlıq arxitekturasından, müstəqillik arxitekturasından. Azərbaycan müstəqil, güclü dövlətdir. Bəlkə də bu, bir qədər paradoksal səslənir, ancaq Ermənistanın qərb istiqamətində, yaxud Türkiyə istiqamətində hər hansı bir addım atmasının səbəbkarı, əsası, ilk mənbəyi Azərbaycanın müstəqilliyidir, gücüdür, suverenliyidir. Azərbaycan nə qədər çox güclüdürsə, bir o qədər çox region azaddır. Azərbaycan nə qədər suverendirsə, bir o qədər çox regionda olan, yəni Qafqazda olan ölkələr suveren, müstəqil və öz mövqeyini gündəmə gətirmək qabiliyyətinə malik ölkələrə çevrilir.

- Qarabağ məsələsində, torpaqlarımızın ilhaqına hüquqi don geyindirilməsi istiqamətində göstərdikləri cəhdlərində də uğursuzluğa düçar oldular və həm də sülh prosesindən “off-side”da qaldılar. Bundan dərs çıxarmadılarmı? Qalib Azərbaycanla bu şəkildə konfrontasiyaya getməklə nəyə nail olmaq istəyirlər?
- Bunlar heç vaxt bizim qələbəmizlə razılaşa bilməzlər. Regionda nə qədər çox yeni geosiyasi vəziyyət bərqərar olunacaqsa, nə qədər çox bu proseslər yer tutub, inkişaf edəcəksə, bir o qədər çox bunlar azğınlaşmış formada fəaliyyətlərini gündəmə gətirəcəklər. O dərəcədə ki, özləri-özlərini ifşa etməyə başlayacaqlar. Akampo məsələsi bunun bariz nümunəsidir. Bunlar artıq tam şəkildə özlərini ifşa etməyə başladılar. Bunlar bu cür fəaliyyətlə ümumbəşəri dəyərləri heçə endirdilər. Bunlar demokratiya, qanunun aliliyi, insan haqları məsələlərini o dərəcədə ucuzlaşdırdılar, o dərəcədə sui-istifadə etdilər, o dərəcədə alətə çevirdilər ki, bu ali dəyərləri tam şəkildə dəyərsizləşdirdilər. Faciə bundan ibarətdir.
- “Gürcüstanı kənara qoyaq” deyirsiniz. Amma Gürcüstan ərazi itkisinə məruz qalan ölkə olsa da, ona qarşı da artıq neçənci ildir “pressinq” siyasəti davam etdirilir həmin avro-məkan tərəfindən. Vaxtilə Gürcüstana yaxın olduğunu bəyan edən Avropa paytaxtlarının bu gün üzü dönüb bu ölkədən. Yəni Azərbaycan ikinci Cənubi Qafqaz ölkəsidir ki, Avropa qurumları faktiki olaraq “pressinq” siyasəti ilə burada nəyəsə nail olmağa çalışırlar. Bu anormallıq nələr vəd edir?
- Əslində söhbət təkcə ondan da getmir. Söhbət həm də ondan gedir ki, onlar istədiklərinə nail ola biləcəkdilərmi, əgər Azərbaycan olmasaydı? Və bu gün Ermənistanla bağlı sənədə Azərbaycanla bağlı müddəaları daxil etmək təkcə Azərbaycana qarşı deyil, o cümlədən Ermənistana qarşı da birbaşa təzyiqdir. Guya bu ölkəni dəstəkləyirlər, amma dəstək adı altında əslində Ermənistana qarşı ciddi siyasət aparırlar. Nikol Paşinyan həmin şəxslər üçün qəbulolunmaz liderdir. Onlar açıq şəkildə Paşinyanı devirmək istəyirlər. Onun apardığı siyasət bunları qətiyyən qane etmir. Ona görə söhbət konkret olaraq yeni reallıqdan gedir. O yeni reallıqdan gedir ki, artıq Qafqaz bölgəsi, Azərbaycan başda olmaqla tamamilə müstəqil və güclü siyasət aparmağa başlayıb, buna qarşı çıxan qüvvələr də müxtəlif yollarla əllərindən gələni etməyə hazırdırlar. Burada həm Azərbaycana, həm Ermənistana, həm də Gürcüstana birbaşa təzyiq, hədə-qorxu var. Bu bir. İkincisi, dolayısı təzyiq var. Hansısa strukturlar, qurumlar, şəxslər vasitəsilə təzyiq mövcuddur. Üçüncüsü, Trampın terminologiyasından istifadə etsək, “fake news”ların, böhtanların mediada geniş şəkildə yayılması və Azərbaycanın, Ermənistanın, Gürcüstanın, regionun taleyinin tamamilə başqa tərzdə təqdim edilməsi. Bu üç metod, yəni hibrid müharibə, dolayı müharibə və birbaşa müharibə - bunların tam arsenalındadır. Faktiki olaraq, Qafqaz uğrunda mübarizədə Azərbaycan qalib gəldiyi halda, bunu həzm etməyə həmin qüvvələr hazır olmadıqlarına görə belə məsələləri gündəmə atırlar.

- Bu ay Ermənistanda Avropa İttifaqının sammiti olacaq, eyni zamanda Avropa Siyasi Şurasının toplantısı keçiriləcək. Nə gözləyirsiniz?
- Mənim fikrimcə, bu sammit artıq başlayıb. Bu sammitin orada keçirilməsi Ermənistana ciddi dəstəkdir. Ancaq biz ətraflı şəkildə müzakirə etdik: Ermənistanın Avropa istiqamətində inteqrasiyası Azərbaycanın suveren siyasəti olmadan mümkün deyil. Ermənistan Avropa inteqrasiyasını yalnız o halda edə bilər ki, Azərbaycanın sülh planını, Azərbaycanla normal münasibətlər planını bütün buradan çıxan nəticələrlə tam şəkildə qəbul etsin. Ona görə o sammitə qədər siyasi rəhbərlər artıq Azərbaycandadır. Bu yaxınlarda Moqerini (Avropa İttifaqının ali nümayəndəsi - red.) gələcək. Sizi inandırım ki, o sammit qurtaran kimi Avropa Birliyinin ciddi, yüksək səviyyəli məmurları yenə Azərbaycana gələcəklər. Ona görə ki, İrəvanda müzakirə edib, nə iləsə bağlı qərar vermək, Azərbaycanın mövqeyini bilmədən bunu həyata keçirmək mümkün deyil. Orada nəyisə müzakirə edib gələcəklər Bakıya, Bakıda müzakirələri davam etdirəcəklər. Ona görə ki, Avropanın bu gün gələcəyi bir güc mərkəzi kimi və bu güc mərkəzinin Mərkəzi Asiya ilə, Çinlə, Yaxın Şərqlə əlaqələri qurmaq niyyətləri Qafqaz vasitəsilə, Qafqazda isə Azərbaycan vasitəsilə gedir.
- Səməd bəy, Avropa Parlamentində 2021-ci ildən sonra qəbul olunan sonuncu, 13-cü qətnamənin – yeri gəlmişkən, kifayət qədər “məhsuldar” işləyiblər - bu qətnaməyə səs verənlərin sayı əvvəlkilərdən çox olub. Bu məsələdə avropalı parlamentarları nələr birləşdirib?
- Bunlar çox biabırçı siyasi texnologiyalardan istifadə etməyə başlayıblar. Avropa Parlamentində 720 deputat var. 720 deputatdan Ermənistanla bağlı qətnamənin səsverməsində təxminən 590 nəfəri iştirak edib. 570–580 arası idi, amma təxminən bu rəqəmdir. Onlardan 490, ya 491-i qətnamənin lehinə səs vermişdi, 100 nəfər isə ya əleyhinə, ya bitərəf qalmışdı. Ermənistanla bağlı gündəmə gətirilən qətnaməyə hamı yığışıb, müsbət səs verəcəyini başa düşərək bu texnologiyanı tətbiq ediblər, ora 11-ci və 12-ci bəndləri daxil ediblər. Bu bəndlər isə Ermənistana yox, Azərbaycana aiddir və Azərbaycanla bağlı kəskin mövqelər bildiriblər. Niyə? Ona görə ki, əvvəlki qətnamələr qəbul olunanda 720 deputatdan iştirak edənlərin sayı getdikcə azalırdı. Əvvəl 400, sonra 300, sonra 100, sonra 30–40 nəfər iştirak edirdi. Bunlar gördülər ki, bu istiqamətdə iş getmir və bizə aidiyyəti olmayan məsələyə bizi qatıblar. Bəzi deputatların isə ümumiyyətlə bundan xəbəri olmayıb, 11-ci, 12-ci maddələri oxumayıblar. Ancaq məsələ ondadır ki, Avropa Parlamentinin siyasi rəhbərliyi bunu çox yaxşı bilir. Deməli, o bəndlərin ora daxil edilməsi və bu hiyləgər texnologiyadan istifadə olunması yalnız hansısa lobbi qrupunun fəaliyyəti deyil, həm də rəhbərlikdən qaynaqlanır. Ona görə Azərbaycan kəskin şəkildə öz mövqeyini bildirdi.

- Münasiblətlərin qırılma həddinə çatması 2015-ci ildən sonra ikinci dəfədir. Bu gedişat nə vəd edir? Münasibətlərin birdəfəlik qırıldığını demək olar? Yoxsa qarşı tərəfdən cavab gözlənilir?
- Bilirsiniz, həm siyasətdə, həm dostluqda, həm insani münasibətlərdə ən xoşagəlməz məsələ xəyanətdir. Əmanətə xəyanət etmək olmaz! 2015-ci ildə qəbul edilən qətnamədən sonra biz Avrointeqrasiya siyasətinə müsbət yanaşaraq onların özlərinin vəd verdiyi, imzaladığı, təqdim etdiyi sənədlərlə 2016-cı ildə əlaqələrimizi bərpa etdik. Bunlar indi bizə yox, verdikləri vədlərə, atdıqları imzalara, gəlib cənab Prezidentin yanında söhbət edib, hansısa məsələləri edəcəyik sözlərinə nümayişkaranə ediblərsə, onlarla münasibət qurmaq mümkün deyil. İkinci vacib məsələ isə budur ki, bu gün biz fərqli Azərbaycanda yaşayırıq. 2015–2016-cı illərdə tamamilə fərqli geosiyasi vəziyyət var idi, indi isə vəziyyət tamam başqadır. Biz bu təşkilatın üzvü deyilik, Avropa Birliyinə üzv olmağa can atmırıq. Biz əlaqələrimizi çoxtərəfli deyil, ikitərəfli əsasda yüksək səviyyədə qururuq. Hətta ölkələrlə siyasi münasibətlərimizi strateji əməkdaşlıq səviyyəsinə yüksəltmişik və bunu genişləndirmək niyyətindəyik. Biz ordan qonaqları, parlament üzvlərini qəbul edirik, dostluq əlaqələrimizi inkişaf etdiririk. Söhbət artıq bu qurumun özünü ifşa etdiyi halda onunla əlaqələrin olub-olmamasından gedir. Bu qurum artıq siyasi baxımdan Azərbaycan üçün, onun milli maraqları üçün heç bir əhəmiyyət kəsb etmir və ona hansısa güc, qüvvə sərf etmək məqsədəuyğun deyil.
- Mövcud vəziyyətlə əlaqədar Avropa Parlamentindən kimlərsə zəng edib, üzrxahlıq edirmi?
- Əvvəla, mən çoxdan bunlarla ünsiyyətdə deyiləm. Məsələn, Avropa Parlamentinin Azərbaycan – Avropa əməkdaşlıq komitəsi var. Ora Azərbaycan, Ermənistan və Gürcüstan bir tərəfdən, digər tərəfdən isə Avropa Parlamentinin bir neçə deputatı daxildir. Onlar Ermənistanla oturub, əlaqələr quranda, hansısa qətnamələr qəbul edəndə Azərbaycanla birbaşa əlaqə qurmurlarsa, mən hansı səviyyədə onlarla əlaqə qurmalıyam? Ona görə də bu münasibətlər heç vaxt biz tərəfdən kəsilməyib, onlar birtərəfli mövqe tutublar. Xatırlayın, Bayden-Blinken münasibətlərini. Biz ABŞ ilə münasibətləri korlamamışdıq. Bunlar şüurlu şəkildə tərəf seçdilər. Gedib Ermənistanın yanında oturdular və dedilər ki, biz bunları dəstəkləyirik. Avropa Parlamenti də tərəfini seçib. Sən tərəfi seçmisənsə, artıq iki ölkə ilə normal, balanslı münasibət qura bilməzsən. Ona görə də söhbət hansısa deputatın zəng etməsindən, üzrxahlığından getmir - qurumun özünün fəlsəfəsi çürüyüb. Bu qurumlar bugünkü Avropa böhranını yaradan qruplardır. Heç də təsadüfi deyil ki, Avropa öz yerini tapa bilmir, nə ABŞ ilə münasibətlərində, nə Yaxın Şərqlə münasibətlərdə, nə Rusiya-Ukrayna müharibəsində, nə də Qafqazda özünün normal yerini müəyyən edə bilir. Səbəb birdir: ikiüzlü siyasəti aparmaq olar, ancaq daimi ikiüzlü siyasət sonda xəyanətə gətirib çıxarır. Siyasətdə xəyanət bir dəfə ola bilər, ikinci dəfə xəyanət edən insanla, qurumla, təşkilatla əlaqə qurmaq düzgün deyil. O günə qədər ki, bu təşkilatın özü öz səhvlərini dərk edib, düzgün mövqedə olmayacaq və bunu açıq şəkildə bəyan etməyəcək. Necə ki, biz konkret olaraq Avropa Şurası ilə bağlı mövqeyimizi bildirmişik: siz mövqeyinizi dəyişsəniz, bu, başqa məsələ olar. Amma bunu siz açıq və rəsmi bəyan etməlisiniz. Biz yox, siz!
Elşad Paşasoy,
Musavat.com