İyunun 2-si, çərşənbə axşamı səhər saatlarında Rusiya növbəti dəfə Kiyevə ballistik raketlərlə hücum edib.
Musavat.com xəbər verir ki, Ukrayna paytaxtında güclü partlayış səsləri eşidilib.
"RBC-Ukrayna" agentliyi Kiyev Şəhər Hərbi Administrasiyasının "Telegram" kanalına və öz müxbirinə istinadən bildirir ki, ballistik silahların tətbiqi təhlükəsi ilə əlaqədar şəhərdə hava həyəcanı elan olunub.
Sakinlərə dərhal yaxınlıqdakı sığınacaqlara yollanmaq və təhlükə sovuşana qədər oradan çıxmamaq barədə xəbərdarlıq edilib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri cənub istiqamətindən ballistik raket təhlükəsinin olduğunu bəyan etdikdən qısa müddət sonra Kiyev istiqamətində raketlər qeydə alınıb və paytaxtda ard-arda güclü partlayışlar baş verib.
Hazırda hava həyəcanı siqnalı Ukraynanın əksər vilayətlərində qüvvədə qalır.
Xatırladaq ki, iyunun 2-nə keçən gecə Rusiya Ukrayna ərazisinə dronlar, ballistik silahlar və qanadlı raketlərlə növbəti kombinə edilmiş hücum həyata keçirib. Gecə saatlarında təşkil edilən kütləvi hücum nəticəsində ən azı 10 nəfər həlak olub, daha 87 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hücumun əsas hədəfləri Kiyev şəhəri və Dnepropetrovsk vilayəti olub.
Paytaxt Kiyevdə zərbələr nəticəsində 4 nəfər həyatını itirib, 51 sakin isə yaralanıb. Şəhərin bir neçə rayonunda yanğınlar qeydə alınıb, yaşayış binalarına və infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Qeyd edək ki, Rusiya tərəfi bu hücumun Starobelskdəki yataqxanaya edilən və 21 nəfərin ölümü ilə nəticələnən zərbəyə cavab olacağını əvvəlcədən bəyan edib.
Dnepropetrovsk vilayətində isə 6 nəfər həlak olub, 36 nəfər xəsarət alıb. Dnepr şəhərində yaşayış evləri, sənaye müəssisəsi və yanğın-xilasetmə hissəsi zərbələrə məruz qalıb. Həlak olanlar arasında ilk hücumun fəsadlarını aradan qaldırarkən təkrar atəşə məruz qalan Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşı da var. Hazırda xilasedicilər qismən dağılmış dördmərtəbəli binanın dağıntıları altında qalan insanların xilas edilməsi üçün işləri davam etdirirlər.
@@TVmusavat/147908@@
Musavat.com