"Avropa İttifaqının Asiyaya marağı artmağa başlayıb. Belə ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Pakistana səfər edib. O, İslamabadda Pakistanın xarici işlər naziri İshaq Darla birgə "Avropa İttifaqı - Pakistan Strateji Dialoqunun" 8-ci toplantısında iştirak edib. Toplantıda İran ətrafındakı gərgin vəziyyət, regional və qlobal təhlükəsizlik məsələləri müzakirə edilib. Pakistanın baş naziri Şahbaz Şərif Kaya Kallasla görüşdə ölkəsinin Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirmək öhdəliyini bir daha təsdiqləyib".
Bu barədə Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun fikrincə, Kaya Kallasın Pakistana və daha əvvəl Hindistana səfərləri göstərir ki, Brüsselin əsas diqqəti Rusiya-Ukrayna müharibəsinin bitməsinə yönəlsə də, Avropa İttifaqı Asiya qitəsindəki maraqlarını da unutmayıb:
"İshaq Dar avropalı həmkarıyla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, tərəflər qlobal təhlükəsizlik çağırışlarına dair müxtəlif aspektləri nəzərdən keçiriblər. Bu o deməkdir ki, Avropa İttifaqı ilə Pakistanın baxışlarının üst-üstə düşən tərəfləri də var, fərqli tərəfləri də. Avropa İttifaqı Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini müsbət qiymətləndirir. Doğrudur, İran ətrafında gərginlik azalmayıb, ancaq ən azı müharibə yoxdur və tərəflər Pakistan üzərindən bir-birlərinə ötürdükləri təklifləri müzakirə edirlər. Brüsseli eyni zamanda Pakistan-Əfqanıstan gərginliyi narahat edir. Pakistanla Əfqanıstan arasında sərhəd müəyyənləşmədiyinə görə iki ölkənin silahlı qüvvələri arasında tez-tez toqquşmalar baş verir. Bundan başqa, İslamabad Taliban rejimini Əfqanıstan ərazisində Pakistana hücumlar təşkil edən terrorçu təşkilatlara şərait yaratmaqda ittiham edir və qonşu ölkənin ərazilərinə zərbələr endirir. Taliban İslamabadın iddialarını rədd edir. Bu arada, Pakistan və İrandan Əfqanıstana köçürülən milyonlarla əfqanın vəziyyəti ağır olaraq qalır. Əfqanların bir hissəsinin Avropaya qeyri-leqal miqrant axını Brüsseli ciddi narahat edir. Avropa İttifaqı bunun qarşısını almağa çalışsa da, Əfqanıstana məcburən qayıdanlar ağır şəraitdə həyatlarını davam etdirirlərsə, onların bir hissəsi müxtəlif yollarla Avropaya köçməyin yollarını arayırlar".
Elxan Şahinoğlunun sözlərinə görə, Kaya Kallasın İslamabadda müzakirə etdiyi digər mövzu Pakistan-Hindistan münasibətləri olub:
"İki ölkə arasındakı münasibətlərdəki qeyri-müəyyənlik Brüsseli ciddi narahat edir. Brüsselin İslamabadla yanaşı Yeni Dehli ilə də sıx tərəfdaşlığı mövcuddur. Bu ilin yanvar ayında Avropa İttifaqı ilə Hindistan arasında uzun illər davam edən danışıqlardan sonra ticarət sazişi imzalanıb. Bu saziş tərəflər üçün geniş iqtisadi imkanlar yaradıb. Bundan başqa, Brüssellə Yeni Dehli hərbi-texniki sahədə də əməkdaşlığı dərinləşdirməyi qərarlaşdırıblar. Ona görə də Pakistanla Hindistan arasında gərginlik artanda, toqquşmalar qeydə alınanda bu vəziyyət Avropa İttifaqının da maraqlarına toxunur. Avropa İttifaqının Hindistanla tərəfdaşlığını gücləndirməsi Çinin bölgədə artan rolunu nisbətən tarazlaşdırmaq məqsədi də daşıyır. Kaya Kallas İslamabaddakı görüşlərində Pakistanla Hindistan arasında münasibətlərin mövcud durumu haqqında fikir mübadiləsi aparsa da, Brüsselin bu məsələyə təsir etmək imkanları azdır. Buna baxmayaraq, Brüssel İslamabadla Yeni Dehli arasında dialoqun dərinləşdirilməsinə çalışır".
Xalidə Gəray
Musavat.com