Kadırovun sağ əli hamını geridə qoydu

Çeçenistanı təmsil edən Dövlət Dumasının deputatı Adam Delimxanov “Vahid Rusiya” partiyasının ilkin seçkilərində (praymeriz) bütün birmandatlı namizədlər arasında ən çox səs toplayan siyasətçi olub.

Musavat.com xəbər verir ki, bu barədə “Verstka” saytı partiyanın ilkin səsverməsinin nəticələrini təhlil edərkən məlumat yayıb.

Məlumata görə, Çeçenistan üzrə 41 saylı birmandatlı dairədə Delimxanovu təxminən 119,5 min nəfər dəstəkləyib. Bu göstərici hakim partiyanın bir çox tanınmış simalarının nəticələrini xeyli üstələyib.

Müqayisə üçün, Dövlət Dumasının sədri Vyaçeslav Volodin Saratov dairəsində keçirilən praymerizdə təxminən 48 min səs toplayıb. Dövlət Duması sədrinin müavini İrina Yarovaya Kamçatkada 20 min nəfərdən bir qədər çox dəstək alıb. Sankt-Peterburqu təmsil edən deputat Vitali Milonovun nəticəsi isə təxminən 18 min səs olub.

Sayt qeyd edir ki, “Vahid Rusiya”nın praymerizi bu dəfə də qalmaqallardan yan keçməyib. Bir sıra regionlardan dövlət büdcəsindən maliyyələşən müəssisələrin əməkdaşlarının səsvermədə iştiraka məcbur edilməsi barədə məlumatlar yayılıb.

Xüsusilə Kamçatka vilayətində dövlət qurumlarının işçilərinin İrina Yarovayanın lehinə səs verməyə məcbur edildiyi barədə şikayətlərin olduğu bildirilir.

Qeyd edək ki, Adam Delimxanov Çeçenistan rəhbəri Ramzan Kadırovun ən yaxın silahdaşlarından biri hesab olunur və uzun illərdir Rusiya siyasi sistemində təsirli fiqurlardan biri kimi tanınır.

Musavat.com

03.06.2026 17:06
739