BMT-nin Avropa qərargahına və bir çox beynəlxalq quruma ev sahibliyi edən İsveçrənin yaxın tarixi çox qaranlıqdır. 1981-ci ilə qədər İsveçrədə nikahdankənar doğulan uşaqlar imkansız ailələrdən olan qızlardan götürülərək fermalardakı qəyyumluq evlərinə yerləşdirilib. Məqsəd uşaqları pis təsirlərdən qoruma, onları və “əxlaqsızlıq və tənbəllik”dən uzaq tutmaq olub. Bu “xilasetmə”nin əsl adı isə köləlikdən başqa bir şey deyil.
XIX əsrin sonlarında İsveçrə kasıb ölkə olduğu üçün insanların əksəriyyəti çox işləyib. Ölkədə kasıblara və möhtaclara yuxarıdan aşağı baxılıb. Yoxsulluq tənbəllərin və avaraların taleyi kimi təsnif edilib. Kasıbların övladlarına mənfi təsir göstərməsinin qarşısını almaq üçün kiçik uşaqlar analarından ayrılıb (nikahdankənar doğulan uşaqların ataları heç vaxt tapılmayıb və ya məsuliyyətə cəlb olunmayıb) və varlı, çalışqan fermerlərlə nümunəvi olmalırı üçün satılıb.

Bundan başqa, “irsi tənbəlliyin” ən yaxşı müalicəsi ağır iş hesab olunub - nə qədər çətin olsa, bir o qədər yaxşıdır. Əslində, hər şey uşaqların ucuz və zəif işçi qüvvəsi kimi istifadə edilməsi ilə nəticələnib. İstirahət günü təşkil edilən bazarlarda müsadirə edilən uşaqlar müayinə olunub, fiziki vəziyyətləri qiymətləndirilib və fermerlərə, sözün əsl mənasında, pulla satılıb.
Onlardan normal uşaqlardan fərqlənmək üçün ayaqyalın gəzmələri tələb olunub. Uşaqlara yemək zamanı digər ailə üzvləri ilə eyni masada oturmaq qadağan olunub. Odur ki, kimsəsizlər ya ayaq üstə və ya tövlədə, mal-qara ilə birlikdə yemək yeməli olublar. Fiziki zorakılığa, təhqirə, xəstəliyə və hətta cinsi istismara məruz qalan kimsəsizlərin taleyi izlənilməyib və heç kim onların himayədar ailələrinə nəzarət etməyib. Digər tərəfdən, uşaqları əllərindən alınan analar məhkəməsiz, icmanın və ya valideynlərin tələbi ilə həbsxanaya göndərilib və çox vaxt zorla axtalanıb.

Uşaqları əlindən alınan gənc subay anaların dramı da başqa faciədir. 1981-ci ildən əvvəl minlərlə gənc qadın sadəcə “dövrlərinin əxlaq qaydalarına” uyğun gəlmədikləri üçün həbsxanalara və islah-əmək müəssisələrinə salınıb. Çünki 1940-cı illərdən 1970-ci illərə qədər İsveçrə XIX əsrin ortalarında qəbul edilmiş bir sıra federal və kanton kodeksləri olan “əxlaq qanunları” ilə idarə olunub.
Bu qanunlara əsasən, 14-18 yaşlı qızlar məhkəməsiz, “inzibati qəyyumluq” altında psixiatrik xəstəxanaya və ya qadın həbsxanasına göndərilə bilib. Bern kantonunun rəsmi rəqəmləri göstərib ki, 10.000-dən çox qadın məhkəməsiz həbs edilib.
“Müqaviləli uşaqlar” sistemi XX əsrin ortalarına qədər qüvvədə qalıb. Yalnız qadınlar və yetkin uşaqlar utanaraq hekayələrini dərc etməyə və qanunun ləğvini tələb etməyə başlayanda hökumət uzun bir araşdırma aparıb. Hər kəs açıq şəkildə danışmağa hazır olmayıb - əksəriyyəti təcrübələrini gizlədib, onları yaddaşlarından silməyə çalışıb.

Lakin hamilə olduğu üçün həbsxanaya salınan, övladı əlindən alınsa da, mübarizə apararaq onu geri qaytaran Ursula Biondi öz hekayəsi haqqında yalnız 60 yaşında açıq şəkildə danışmaq üçün cəsarət tapıb. Ursula Biondi 1967-ci ildə iki il müddətinə yenidən təhsil almaq üçün qadın həbsxanasına göndərildikdə 17 yaşında olub. O, subay olduğu halda hamilə qaldığına görə günahkar hesab edilib. Valideynləri qızlarına kömək etdiklərini düşünərək, onu uşaqların müdafiəsi xidmətlərinə özləri təhvil veriblər. Həbsxanada Ursula, ondan fərqli olaraq, işlərinə görə maaş alan, nə vaxt azadlığa buraxılacaqlarını bilən və apelyasiya hüququna malik olan qatillər və digər cinayətkarlarla yan-yana yaşayıb. “İnzibati qəyyumluq” adı altında hamilə qadınlar pulsuz işləyiblər və onları nə gözlədiyindən xəbərsiz olublar.
Uşağının dünyaya gəlməsi Ursula üçün dönüş nöqtəsi olub. Uşağını aparanda qadın şiddətlə müqavimət göstərib, sonra daim qışqırıb, bir neçə dəfə intihara cəhd edib. Üç ay sonra oğlu ona qaytarılıb və tezliklə azadlığa buraxılıb. Digərləri isə daha az şanslı olublar. Həbsxanada ana olan kamera yoldaşı hələ də uşağını axtarır. Həbsdə olan bir çox gənc qadın nəinki övladlarını əbədi itirib, həm də istəklərinə zidd olaraq sterilizasiya edilib.

Odur ki, digər təsirlənmiş qadınlarla birlikdə o, hakimiyyətdən mənəvi sıxıntıya görə kompensasiya tələb edib. 2010-cu ildə federal və kanton hakimiyyət orqanları Bern kantonundakı Hindelbank həbsxanasında məhkəməsiz saxlanılan qadınlardan rəsmi üzr istəyib. Onlar üçün ən vacib bu olub: yaşadıqları dəhşətli təcrübənin rəsmi şəkildə tanınması, heç bir cinayət törətməmələrinə baxmayaraq həbsdə olduqlarına görə üzr istənilməsi. İki il sonra, 2013-cü ildə “müqaviləli uşaqlar” işi nəhayət bağlanıb. İsveçrə hökuməti qurbanlardan və onların ailələrindən rəsmi üzr istəyib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün